“Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:03
“Dövlət İmtahan Mərkəzinin (DİM) hazırladığı kitabların müəllifləri repetitorluğa zəmin yaradır. DİM-in dərs vəsaitləri, test bankları hazırlaması və öz vəsaitlərinin ön sözündə bu nəşrlərdə verilən sualların imtahanlarda düşmə ehtimalının olduğunu vurğulaması repetitorluğun dəyirmanına su tökür”.
Bu fikirləri TNS-ə açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Kamil Məmmədov bildirib.
O bildirib ki, DİM yalnız “Abituriyent” jurnalı, sual modelləri buraxmalıdır, hər hansı test bankı, dərs vəsaiti deyil: “Dövlət İmtahan Mərkəzi hər il müxtəlif vəsaitlər buraxır. Onların eləsi var ki, buraxılması labüddür. “Abituriyent” jurnalı, imtahanla bağlı digər vəsaitlər, qabiliyyət imtahanlarının vaxtları, onlarla bağlı məlumatlar lazımdır. Amma dərslikləri əvəz edən kitablara, daha doğrusu, dərs vəsaitləri və test bankları, sinif testlərinə ehtiyac varmı?
Azərbaycanda orta məktəbdə dərsliklər dövlət hesabına verilir. Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunur. Ortaya belə bir sual çıxır. Nazirlik iddia edirsə ki, bu dərsliklər şagirdlərin yaş xüsusiyyətinə uyğun, lazımsız informasiyalara yer verilmədən hazırlanıb, o zaman DİM-in hazırladığı dərsliklərin ön sözündə yazılan “bizim dərsliklərimiz daha qısa, lakonikdir. Şagirdlər bunu tez mənimsəyəcək”, - kimi fikirlər nə deməkdir? Belə çıxır ki, nazirliyin hazırladığı vəsaitləri oxuyanda şagirdlər tez mənimsəmir? Doğrudan da, DİM-in hazırladığı vəsaitlər daha qısadır. Amma DİM bunu etməlidirmi? Məsələ budur”.
Mütəxəssis qeyd edib ki, DİM rəsmiləri tərəfindən ölkədə repetitorluğun geniş yayılmasının müsbət hal olmadığı vurğulanıb. Amma digər tərəfdən hamı çox gözəl bilir ki, DİM-in kitablarını yazan müəllimlərin 99 faizi repetitorluqla məşğuldur: “Digər repetitorlar şagirdləri 80-100 manata hazırlayırlarsa, DİM-in kitab müəllilflərinin (özlərini bunker müəlllimi kimi təqdim edənlər) hazırlıq qiymətləri bəzən 400-500 manata kimi qalxa bilir. Əslində, bu məsələ onlara repetitorluq üçün fürsət yaradır. Halbuki DİM rəsmiləri qeyd edirlər ki, kitabları buraxmaqda məqsədlərindən biri abituriyentlərin müstəqil şəkildə imtahana hazırlaşmağını təmin etməkdən ibarətdir. Reallıq isə başqadır”.
Kamil Məmmədov vurğulayıb ki, bu məsələnin digər mənfi tərəfi həmin vəsaitləri almaq istəyənlər üçün əlavə xərclərin yaranmasıdır: “Özüm də valideynəm və bilirəm ki, abituriyent imtahana 2-3 il hazırlaşırsa, hər il DİM-in vəsaitlərini alması üçün ona 150 manat vəsait lazımdır. 3 il müddətində 500 manat edir. DİM hər il vəsaitlərini yeniləyir. Vəsaitlərin hər il yenilənməsi təkimilləşmə adı ilə təqdim olunur. Bu ehtiyacın nədən yaranması da ayrıca bir mövzudur. 9-cu sinifdə oxuyan uşaq DİM-in hər hansı vəsaitini alıbsa, növbəti sinifdə artıq onu istifadə edə bilmir. Yenisini alır. Bu da abituriyentlər üçün əlavə xərc deməkdir. Ucqar bir rayonda yaşayan insan DİM-in vəsaitini əldə edə bilmir. Yaxud şəhərdə kiminsə maddi imkanı çatmır. Bu hal şagirdlərin təhsildə bərabərlik prinsipini pozur. Belə çıxır ki, şagirdin vəsaiti almaq imkanı varsa, kitab müəlliflərinin kitabını alırsa, bəzi istisnalar olmaqla, istər-istəməz onların qəbulda Elm və Təhsil Nazirliyinin vəsaitlərindən istifadə edən şagirdlərdən yüksək bal yığma ehtimalı çox olur.
DİM test banklarının, sinif testlərinin ön sözlərində yazır ki, burada təqdim olunan testlərin imtahanlarda düşmə ehtimalı istisna deyil. Bununla DİM elan edir: “Ey insanlar, mənim kitablarımı alın”. Yəni kitablarda olan sualların 20-25 faizi imtahanlarda düşəcək”.
Mütəxəssisin sözlərinə görə, bu kimi əlavə nəşrlərin buraxılması ilə müstəqil müəlliflər məşğul olmalıdır. O qeyd edib ki, əks təqdirdə, indiki hal imtahan suallarını yazan və 99 fazindən çoxu repetitorluq edən müəlliflərin repetitorluq etməsi üçün reklamdır.