“Oğlum Polad Həşimovun yanında yaralanan və yeganə sağ qalan “maxe” əsgərdir... AMMA...” - NARAZILIQ VAR...
Bu gün, 08:48
Qazax rayonu, Hüseynbəyli kənd sakini Mehtiyev Elbrus Səfər oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, oğlu 4 ildir müalicə alsa da, hələ də ona əlillik dərəcəsi verilmir:
“Oğlum Mehtiyev Vüqar Elbrus oğlu Tovuz döyüşlərində şəhid generalımız Polad Həşimovun yanında yaralanmış və yeganə sağ qalmış “maxe” əsgərdir. Müharibə başlayanda hospitalda müalicəsini yarımcıq qoyub, generalın qisasını almaq üçün döyüşlərə qatıldı. Kəlbəcərdən hərbi hospitala göndərilərək, yararsız kimi təxris olundu.
4 ildir müalicə alır. Ancaq hələ də əlilliyi verilməyib. Əvvəllər cavab gəlirdi ki, müalicəyə ehtiyacı var. 6 ay bundan əvvəl isə cavab gəldi ki, xəstəliyi əlillik meyarına uyğun gəlmir.
Qeyd edim ki, bir oğlu, bir qızı var. 4 il ərzində nə hökumət nümayəndələri, nə yerli icra hakimiyyətinin rəsmiləri onun ailəsi ilə maraqlanmayıb. Xahiş edirəm, mənim oğlumun səsinə səs verəsiniz”.
Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxladıq. O, bildirdi ki, Qazax rayon sakini 17.01.1997-ci il təvəllüdlü Mehtiyev Vüqar Elbrus oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən “forma-88” göndərişi əsasında 25.04.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib: “Agentliyin həkim-ekspertlərinin əyani müayinəsi zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib”.