“Xətai Park Servis”in ADMİNİSTRASİYA FƏNDİ - "Tikinti şirkətləri lap ağını çıxarıblar!.."
Bu gün, 10:12
"Xətai rayonu, Gəncə prospekti, 58b ünvanındakı mənzil kompleksini qanunsuz olaraq “Xətai Park Servis” MMC idarə edir. Yəni sakinlərin ümumi yığıncağının qərarı olmadan. Mənzil mülkiyyətçisi onu buna görə məhkəməyə verib..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib.
Ekspert daha sonra bunları əlavə edib: "Keçən həftə ilk iclas idi. MMC-nin vəkili iclasın təxirə salınması xahişini həmçinin onunla əsaslandırdı ki, guya binada yaşayan Prezident Administrasiyasının əməkdaşları iddiaçı sakin barədə harasa məktub yazırlar hazırda (burada yəqin qorxmalı idik!). Üstəlik Administrasiyanın İşlər İdarəsini də niyəsə xatırladı. Bir sözlə, həm sakinə, həm də hakimə təsirin (təzyiqin?) yeni metodur deyəsən bu da. Müqayisə üçün deyim ki, özümün yaşadığım binanı belə qanunsuz idarə edən şirkəti məhkəmə yolu ilə çıxaranda (bu barədə dəfələrlə yazmışam) Administrasiyanın binada yaşayan işçiləri də bizim (yəni əslində qanunun) tərəfimizdə olmuşdu. Başqa cür ola da bilməz: Prezidentin imzaladığı qanunun icrasını tələb edirik də! Odur ki, ümid edirəm ki, Administrasiya işçilərinin və İşlər İdarəsinin adının hallandırılmasına (sui-istifadə?) dair müvafiq tədbir görüləcək. Bütün ölkə onsuz da Administrasiyadan idarə olunur, kim inanar ki, hansısa binanı da bu orqan idarə edir guya ki, özü də Əhmədlidə. Tikinti şirkətləri lap ağını çıxarıblar!"