Ötən il 9.8, bu il 6.1 milyon... - Gəncənin yolları yenə təmir edilir

Bu gün, 09:14           
Ötən il 9.8, bu il 6.1 milyon... - Gəncənin yolları yenə təmir edilir
Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
TEREF Qaynarinfo-ya istinadən xəbər verir ki, tenderin qalibi "Gəncə Körpü Tikinti-2" Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib.

MKTİB yolların əsaslı təmirinə görə şirkətə 6 189 463,25 manat ödəyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Gəncə Körpü Tikinti-2” ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 10A-da yerləşir. ASC-nin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.

Məhərrəm Zeynallıdan əvvəl şirkəti Rzayev Süleyman Qənbər oğlu təmsil edib. O, 2023-cü ildə əvəzlənib. Süleyman Rzayev 2012-ci ildə "Tərəqqi” medalı ilə təltif olunub.

Məhərrəm Zeynallıya gəlincə, açıq mənbələrdə onun haqqında heç bir məlumat yoxdur.

"Gəncə Körpü Tikinti-2" ASC əsasən Gəncə Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin qalibi olur. Yeri gəlmişkən, şirkət ötən Gəncə şəhər MKTİB-nin 9 847 742,45 manatlıq tenderinin qalibi olub. Bu tender də Gəncə şəhərində yolların əsaslı təmiri ilə bağlı keçirib. Tərəflər arasında satınalma müqaviləsi də imzalanıb.

Amma nədənsə 9,8 milyon Gəncə şəhərinin yollarının təmirinə bəs etməyib. Yerli medianın yazdığına görə, "Gəncə Körpü Tikinti-2” ASC-nin əsl sahibi iş adamı Aqibət Məmmədovdur.

Aqibət Məmmədov bir neçə il əvvəl oğlu Rəşad Məmmədovun avtomobil kolleksiyası ilə gündəmə gəlib. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Rəşad Məmmədovun avtomobil parkında bahalı maşınlar yer alır.

Gəncə şəhər MKTİB Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur. O, 2018-ci ildən bu vəzifədədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.