75% vergi güzəşti hansı sahibkarlara aiddir - Onların DSMF ödənişi nə qədər olacaq?

Bu gün, 15:27           
75% vergi güzəşti hansı sahibkarlara aiddir - Onların DSMF ödənişi nə qədər olacaq?
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin təlimçiləri vergi dəyişiklikləri barədə danışıblar.
Vergi Məcəlləsinə dəyişikliklər 2025-ci il yanvarın 1-dən artıq qüvvəyə minib. Qüvvəyə minən dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq və investisiya fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin və vergi inzibatçılığının təkmilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasından ibarətdir.
Yanvarın 16-da Vergi Məcəlləsinə dəyişikliklər ilə bağlı Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində tədbir keçirilib.

Tədbirdə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin təlimçiləri, vergi mütəxəssisləri Kamran Məmmədov və Asif Zeynalov bu dəyişikliklər barədə danışıblar.
Torpaq sahələrinin icarə haqları ƏDV-yə cəlb edilməyəcək
Vergi mütəxəssisi Kamran Məmmədov bildirib ki, biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri torpaqdan istifadə hüququnun başqasına verilməsi əməliyyatının və torpaq sahələri üzrə icarə haqlarının əlavə dəyər vergisinə (ƏDV) cəlb olunmaması ilə bağlıdır: "Vergi Məcəlləsinin tələblərinə əsasən, ƏDV məqsədləri üçün torpaq həm mal sayılmır, həm də torpağa mülkiyyət hüququnun başqasına verilməsi xidmət (iş) hesab edilmir.
Fiziki şəxslər tərəfindən torpaqların icarəyə verilməsi və torpaqdan istifadə hüququnun başqasına ötürülməsindən əldə olunan gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlir sayıldığından bu əməliyyatların ƏDV-yə cəlb edilməməsi hər hansı sual doğurmur. Lakin hüquqi şəxslər tərəfindən torpaqdan istifadə hüququnun başqasına verilməsi əməliyyatı və torpaq icarəsinə görə əldə edilən icarə haqqı qanunvericilikdə birbaşa məhdudiyyət olmadığından ƏDV-yə cəlb edilirdi. Bu da ƏDV-nin vergitutma obyekti ilə bağlı uyğunsuzluq yaradırdı. Həmin səbəbdən, ƏDV-nin vergitutma obyekti ilə bağlı qanunvericilik normalarının uyğunlaşdırılması məqsədilə, hüquqi şəxslər tərəfindən də torpaqdan istifadə hüququnun başqasına verilməsi əməliyyatının və torpaq icarəsinin ƏDV-yə cəlb olunmaması barədə Vergi Məcəlləsinə dəyişiklik edilib".
Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılıb
Vergi mütəxəssisi Asif Zeynalov bildirib ki, vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri bəzi vergi ödəyiciləri ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinin təmin edilməsi prosesinin asanlaşdırılması ilə bağlıdır: "2024-cü il yanvarın 1-dən vergi ödəyiciləri elektron kabinetlərinə vergi orqanı tərəfindən verilən kod-parol vasitəsilə deyil, yalnız gücləndirilmiş elektron imza ilə daxil ola bilirdilər.
Lakin aparılmış təhlillər əsasında "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə etməklə fəaliyyət göstərən vergi ödəyiciləri, o cümlədən, ofisiantlar, bərbərlər, dərzilər, çəkməçilər, məişət cihazlarının təmiri ilə məşğul olan şəxslər və digərləri, həmçinin ölkə ərazisində sərnişin daşımalarını həyata keçirən şəxslər üçün bu prosesin sadələşdirilməsi qərara alınıb.

Bu səbəbdən həmin vergi ödəyicilərinə elektron kabinetə vergi orqanı tərəfindən verilən kod-parol vasitəsilə daxil olmaq hüququ 2025-ci il yanvarın 1-dən bərpa edilib. Dəyişiklik nəticəsində bu kateqoriyaya aid vergi ödəyiciləri ilə Dövlət Vergi Xidməti arasında qarşılıqlı məlumat mübadiləsi prosesinin asanlaşacağı gözlənilir".
Fərdi sahibkarların sosial sığorta haqqı nə qədər olacaq?
Kamran Məmmədov bildirib ki, Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib: "Minimum əməkhaqqının artması ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqları da qalxıb. "Sosial sığorta haqqında" qanuna görə, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir.
Ötən il Bakı şəhərində tikinti sahəsində fəaliyyət göstərən fərdi sahibkar aylıq 172,5 manat, digər sahələrdə fəaliyyət göstərən fərdi sahibkar isə aylıq 86,25 manat məcburi dövlət sosial sığorta haqqı ödəyirdi. 2025-ci ildən isə ödənişlər tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün 200 manata, digər sahələrdə çalışan fiziki şəxslər üçün isə 100 manata qaldırılıb.
Başqa sözlə, bu ildən tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqı 27.5 manat, digər sahələrdə çalışan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqı isə 13.75 manat artıb. Bu artım sahibkarlara ciddi təsir etməyəcək. "Sosial sığorta haqqında" qanuna görə, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı müxtəlif dərəcələrlə ödənilir.

Belə ki, sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının: Bakı şəhərində 100 faizi; Sumqayıt və Gəncə şəhərlərində 90 faizi; digər şəhərlərdə 80 faizi; rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi; kənd yerlərində 50 faizi miqdarında. Bu, fərdi sahibkarın gəlir əldə etdiyi ay üzrə hesablanır. Əgər sahibkar hər hansı bir ayda gəlir əldə etməyibsə, o zaman sosial sığorta haqqı ödəməyə həmin ay üçün ehtiyac yoxdur.
Həmçinin toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar minimum aylıq əməkhaqqının 5 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyir və s. Sosial ödənişlərin daha çox olması fərdi sahibkarların da gələcəkdə daha yaxşı pensiya təminatı ilə təmin olunmasına imkan yaradır".

Asif Zeynalovun fikrincə, əhalinin sosial təminatının daha da gücləndirilməsi üçün minimum əməkhaqqının mütəmadi artırıldığını nəzərə alaraq, sahibkarlar üçün diferensial sosial haqların müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı. Belə ki, sosial haqlar üzrə faizlərin sahibkarların əldə etdiyi gəlirə uyğunlaşdırılması və nisbətən az daxilolmaları olan fiziki şəxslərin daha aşağı faizli sosial sığortaya cəlbi məqsədəuyğundur.
75% vergi güzəşti hansı sahibkarlara şamil edilir?
Asif Zeynalov diqqətə çatdırıb ki, vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri bəzi xidmət sahələri üzrə mikro sahibkarların gəlirlərinə 75% vergi güzəştinin müvafiq tələblərlə şərtləndirilmədən tətbiqi ilə bağlıdır: "Vergi Məcəlləsinə 2024-cü ildən qüvvəyə minmiş dəyişikliyə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkar fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azad edilib.
Lakin aparılmış təhlillər nəticəsində bir sıra fiziki şəxslərin əhaliyə deyil, digər vergi ödəyicilərinə xidmət göstərdikləri, buna görə də sadələşdirilmiş verginin ödəyicisi ola bilmədikləri müəyyənləşdirilib. Bu səbəbdən bəzi xidmət sahələri üzrə fəaliyyət göstərən və illik dövriyyəsinin həcmi xərclər nəzərə alınmadan 45 min manatadək olan mikro sahibkar fiziki şəxslərə münasibətdə gəlirlərinin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad olunması ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilib.

Həmin fəaliyyətlərə proqram təminatının işlənməsi, layihə-dizayn və dekorasiya, tərcümə, reklam xidmətləri, araşdırma və tədqiqat sahəsində fəaliyyət, elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər, hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahələri üzrə məsləhət xidmətləri, jurnalistika, bazar konyukturunun öyrənilməsi, qiymətləndirmə fəaliyyəti, avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti, turizm bələdçisi kimi xidmətlər aiddir. Güzəştin tətbiqi nəticəsində real sahibkarlıq fəaliyyəti ilə məşğul olan mikro sahibkarların fəaliyyətinin dəstəklənməsi, eləcə də azgəlirli mikro sahibkarların vergi yükünün optimallaşdırılması nəzərdə tutulur".
Hansı sahibkarlar mikro sahibkar hesab olunur?
Xatırladaq ki, bu güzəştlər yalnız mikro sahibkar olan fiziki şəxslərə aiddir. Mikro sahibkar olan hüquqi şəxslər isə əvvəlki qaydada, yəni il üzrə işçi sayı 3 nəfərdən az olmamaq və məcburi dövlət sosial sığorta haqqı borcu olmamaq şərtlərini yerinə yetirdikdən sonra güzəştdən istifadə edə biləcək.
Sahibkarlıq subyektlərinin bölgüsü Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları" ilə tənzimlənir. Qərara əsasən, işçilərinin orta sayı 1-10 nəfər olan və illik gəliri 200000 manatdan az olan şəxslər mikro sahibkarlıq subyekti kimi tanınır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.