Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 17:46
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə MÜRACİƏT
Azərbaycan dövləti sahibkarlığın inkişafına daim dəstək vermiş, iş adamlarına əlverişli biznes mühiti yaratmaq üçün mühüm islahatlar həyata keçirmişdir. Bu siyasətin əsas istiqamətlərindən biri gömrük rəsmiləşdirilməsinin şəffaf və operativ aparılması, sahibkarların lüzumsuz vaxt itkisinə məruz qalmamasıdır. Lakin Bakı Baş Gömrük İdarəsində baş verən qanunsuzluqlar və məmur özbaşınalığı bu siyasətin icrasına kölgə salır.
Gömrük Rəsmiləşdirilməsində Süni Maneələr
Əvvəllər gömrük rəsmiləşdirilməsinə 3 gün vaxt ayrılırdı, lakin sahibkarların fəaliyyətini asanlaşdırmaq üçün bu müddət 24 saata endirildi. Bunun əsas məqsədi iş adamlarının vaxtına və biznes maraqlarına hörmətlə yanaşmaq idi. Lakin Bakı Baş Gömrük İdarəsində bu müddətə əməl edilmir və bəzi hallarda mallar günlərlə – hətta 24 günə qədər – gömrükdə saxlanılır. Halbuki qanunvericiliyə əsasən, mübahisəli məsələlər ən geci 4 saat ərzində həll olunmalıdır.
Gömrük Dəyərinin Müəyyən Edilməsində Qanunsuzluqlar
Qanunvericiliyə görə, gömrük dəyərinin müəyyən edilməsi üçün 6 əsas metod var. Lakin Bakı Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz olaraq 7-ci, 8-ci və hətta 9-cu metodları tətbiq edərək sahibkarlara qarşı əsassız maneələr yaradırlar.