Azərbaycanlı iş adamının xeyirxahlığı Qazaxıstanda rəğbətlə qarşılanır

Dünən, 15:41           
Azərbaycanlı iş adamının xeyirxahlığı Qazaxıstanda rəğbətlə qarşılanır
Azərbaycandan kənarda yaşayıb-işləyən, amma öz fəaliyyəti, xeyirxah əməlləri ilə xalqımızın adını ucaldan, şərəfləndirən həmyerlilərimizin xoş sorağını eşidəndə qəlbimiz fərəhlənir, qürur hissi keçiririk. Qazaxıstanda bizneslə məşğul olan azərbaycanlı sahibkar Amil Turab oğlu Yusifov haqqında növbəti dəfə qardaş ölkədən gələn xəbər də bizə eyni hissi yaşatdı...

Ötən il dekabrın 24-də AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinin anmaq üçün bir neçə gün əvvəl Azərbaycanın Qazaxıstandakı səfirliyi və Mangistau Vilayət Hakimliyi tərəfindən Aktau şəhərində ehsan mərasimi təşkil olunub.
Mərasimdə vilayətin rəhbər şəxsləri, azərbaycanlı diplomatlar, ictimaiyyət nümyəndələri, təyyarə qəzasında həlak olan Qazaxıstan vətəndaşlarının ailə üzvləri iştirak ediblər. Türksoylu iki xalq arasında birliyin və qardaşlıq əlaqələrinin möhkəmliyinin baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması zamanı bir daha özünü bariz şəkildə göstərdiyini mərasində çıxış edənlər xüsusi vurğulayıblar.
Mərasimdə Amil Yusifov Almatı şəhərində yerləşən yeni yaşayış kompleksində ikiotaqlı tam təmirli və əşyalı beş mənzilin açarlarını qəzada həlak olmuş qazaxıstanlıların ailələrinə təqdim edib. Bundan əlavə, iş adamı tərəfindən Mangistau vilayətinin Fövqəladə Hallar Departamentinə, xəstəxanaya, Aktau şəhərinin təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına üç yeni avtomobil hədiyyə olunub.

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Amil Yusifovun xeyriyyəçilik təşəbbüsünü yüksək qiymətləndirib və xalqlarımız arasında dostluq-qardaşlıq əlaqələrinin inkişafına və möhkəmləndirilməsinə verdiyi töhfəyə görə səfirlik adından ona təşəkkürnamə təqdim edib.
Amil Yusifovun xeyirxahlığı Qazaxıstan mətbuatında geniş işıqlandırılıb və sosial mediada böyük rezonans doğurub. Məsələn, Qazaxıstanın tanınmış media resurslarından olan “BES.media” özünün internet səhifəsində və sosial şəbəkə hesablarında azərbaycanlı biznesmenin təyyarə qəzasında həlak olanların ailələrinə mənzil hədiyyə etməsini Aktauda keçirilən tədbir haqqında xəbərin başlığına çıxarıb. “BES.media”nın Instagram səhifəsində yerləşdirilmişbu xəbərə 62 istifadəçi rəy yazıb və ilk növbədə, Amil Yusifovun xeyirxahlığını alqışlayaraq, digər iş adamlarını da ondan nümunə götürməyə, xeyihxah olmağa çağırıblar. Belə mesajlar digər sosial şəbəkələrdə də yüzlərlədir...

Xatırladaq ki, Amil Yusifov qazax xalqının qəhrəman oğlu,1992-ci ildə iyirmi yaşında Qarabağa gələrək burada erməni işğalçılara qarşı döyüşən, Ağdərədə şəhid olduqdan sonra Bakıda Şəhidlər Xiyabanında dəfn edilən Yerbol Barımbetovun xatirəsinə öz ehtiramını bildirmiş, onun haqqında qazaxıstanlı jurnalist Nasiha Humarqızının yazdığı və 3 dildə -Azərbaycan, qazax, rus dillərində çapdan buraxılan kitabın bütün maliiyyə xərclərini qarşılamışdı. Şəhidin ailəsinə Amil Yusifovun və Dünya Ahıska Türkləri Birliyinin başqanı Ziyəddin Həsənovun adından mənzil də hədiyyə olunmuşdu.
O zaman – 2023-cü ildə Qazaxıstanın “Ər Namusu” İctimai Birliklər Şurası Amil Yusifovu “Böyük Döyüş Qəhrəmanı” ordeni ilə təltif etmiş, türk dünyasının ağsaqqllarından biri - Qazaxıstanın Əmək Qəhrəmanı, “Şərəf” ordenli, Xalq yazıçısı və şair, Azərbaycan xalqının yaxın dostu Oljas Süleymenovun ona təşəkkür məktubu ünvanlamışdı.

Xalqımızın ən gözəl milli xüsusiyyətlərini yaşadan və ölkə xaricində təbliğ edən, Qazaxıstanla qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə öz sanballı töhfələrini verən Amil Yusifovun bundan sonra da öz xeyriyyəçilik fəaliyyətini davam etdirəcəyinə əminliyimizi bildirərək, ona iş və şəxsi həyatında uğurlar arzulayırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.