Rusiya qazı Aİ-yə qayıdır: alternativ ixrac marşrutu üçün ödənişi kim edəcək?

Bu gün, 16:17           
Rusiya qazı Aİ-yə qayıdır: alternativ ixrac marşrutu üçün ödənişi kim edəcək?
Yanvarda Rusiya "Türk axını" boru kəməri ilə Avropaya qaz ixracını 2020-ci ildə işə salındığı müddətdən bəri rekord həddə - 1,56 milyard kubmetrə çatdırıb.
Avropa İttifaqının enerji təhlükəsizliyini təmin etmək üçün Rusiya qazına ehtiyacı olmadığı barədə bütün bəyanatlara baxmayaraq, bir sıra Avropa ölkələri Rusiya Federasiyasından "mavi yanacaq" almağa qayıdırlar. Belə ki, bu həftə məlum olub ki, fevralın 1-dən Rusiya qazı "Türk axını" ilə Slovakiyaya axmağa başlayıb, apreldən isə bu həcmlər iki dəfə artacaq.
Əvvəllər Slovakiya Rusiya qazını Ukraynanın qaz nəqli sistemi vasitəsilə alırdı, lakin Kiyevin müvafiq sazişi uzatmaqdan imtina etməsi səbəbindən yanvarın 1-dən Ukrayna ərazisindən Avropaya tranzit tamamilə dayandırılıb.
Ümumilikdə, Rusiya yanvar ayında "Türk axını" boru kəməri ilə Avropaya qaz ixracını 2020-ci ildə istifadəyə verildiyi vaxtdan bəri rekord həddə – 1,56 milyard kubmetrə çatdırıb. 2024-cü ilin yanvar ayı ilə müqayisədə tədarüklər 27% artıb.
Qaz Slovakiyanın bütün problemlərini həll etməyəcək
Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun analitiki İqor Yuşkov hesab edir ki, Rusiya qazının "Türk axını" ilə tədarükü Slovakiyanın bütün problemlərini həll etməyəcək. Çünki Slovakiya iqtisadiyyatı təkcə Rusiya Federasiyasından "mavi yanacağın" tədarükünün dayandırılmasından deyil, həm də artıq onun tranziti üçün pul almamasından əziyyət çəkib. Axı, qaz əvvəllər ölkə ərazisindən Avstriyaya nəql olunurdu.
"Slovakiya üçün tranzitdən əldə edilən gəlir kifayət qədər əhəmiyyətli gəlir mənbəyi idi. Onların iqtisadiyyatı çox böyük deyil, ona görə də ölkə üçün bu, vacib idi. Macarıstandan keçən "Türk axını" ilə təchizat isə yalnız Slovakiyanın ehtiyacları üçün istifadə edilir", - Yuşkov "Sputnik Azərbaycan"a bildirib.

Eyni zamanda, ekspert qeyd edib ki, əlavə xərcləri kimin öz üzərinə götürəcəyi bəlli deyil, çünki Rusiya qazının alternativ marşrutla – "Türk axını" ilə, sonra bütün Balkanlar, Macarıstan vasitəsilə və daha sonra Slovakiyaya çatdırılması Ukraynadan tranzit keçməkdən xeyli uzundur, ona görə də bu marşrut daha bahalıdır.
"Tranzit üçün pul ödəməli olan bir çox ölkələr var. Ona görə də, təbii ki, Rusiya qazının Slovakiyaya çatdırılması üçün bu cür əlavə xərclərin kimin ödəyəcəyi tam aydın deyil", - mütəxəssis izah edib.
Rusiya qazı ilə bağlı vahid mövqenin olmaması
Ekspertin fikrincə, "Türk axını" ilə Slovakiyaya tədarük olunan qaz çox güman ki, əlavə həcm deyil, "Qazprom"un Türkiyədəki treyderlərə satdığı "mavi yanacağın", sadəcə bir hissəsidir.
"Türkiyədə, məsələn, Bolqarıstan belə qazla təmin olunur - Sofiya 2022-ci ildə "Qazprom"dan birbaşa qaz almaqdan imtina etdi, lakin eyni qazı yalnız vasitəçilərdən, o cümlədən türk treyderlərdən alır. Bu, onların əvvəllər birbaşa aldıqları Rusiya qazıdır. Çox güman ki, "Qazprom" bundan sonra treyderlərə daha az satış edəcək və bu həcmlər Slovakiyaya göndərmək üçün konsolidasiya olunacaq", - Yuşkov deyib.

"Ona görə də, bəzi treyderlər bundan əziyyət çəkəcək və Bolqarıstan qaza görə daha çox pul ödəməli ola bilər, baxmayaraq ki, ölkə Azərbaycandan idxalı artırıb. Belə ki, əgər əvvəllər Bolqarıstan 1 milyard kubmetr Azərbaycan qazı idxal edirdisə, 2024-cü ilin sonunda bu, 2 milyard kubmetr olub" - o qeyd edib.
Ukrayna tranziti ilə Avropaya gedən Rusiya qazının bütün həcminin "Türk axını"na yönəldilməsinə gəlincə, Yuşkov hesab edir ki, qaz kəməri iki milyard kubmetrdən çox olmayan qazı qəbul edə biləcək.
"Keçən il Ukrayna ərazisindən Avropaya keçən 16 milyard kubmetrin heç də hamısı "Türk axını"na ötürülə bilməz – o, elastik deyil və artıq dopdoludur", - ekspert əlavə edib.
Yuşkovun fikrincə, Aİ fövqəlmilli siyasi qurum kimi Rusiya qazından imtina etmək istəyir, lakin heç də bütün milli hökumətlər bunu istəmirlər, biznes isə ümumilikdə sərfəli Rusiya qazından imtina etmək istəmir.
"Ona görə də Avropada Rusiya qazının tədarükü ilə bağlı vahid mövqe yoxdur. Onun tədarükünü qadağan edən sanksiyaların tətbiqi cəhdləri ən azı Macarıstan, Slovakiya və bir sıra digər ölkələr tərəfindən əngəllənəcək", - ekspert bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.