Məktəb direktoru Əmək Müfəttişliyinin qərarını saymır

Bu gün, 08:48           
Məktəb direktoru Əmək Müfəttişliyinin qərarını saymır
Direktor laborantın adından ərizə yaxıb, onun ştatını yarıya böldü, amma...

Şəki rayonu, Ə.Namazov adına Şəki kənd tam orta məktəbin müəllimi Novruzova Solmaz Seyidalı qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, çalışdığı məktəbin direktoru Əmək Müfəttişliyinin qərarına məhəl qoymur:

“Mən, Novruzova Solmaz Seyidalı qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, 2000-ci ildən Şəki rayonu, Ə.Namazov adına Şəki kənd tam orta məktəbində tam ştat olaraq kimya laborantı vəzifəsində işləyirəm. 2022-ci ildə siniflər azaldığına görə məktəbin direktoru Şadmanov Dağbəyi tərəfindən icazə və məlumatım olmadan tam ştatım bölünərək, yarısı başqa bir müəlliməyə verilmişdir. Bu işin baş tutması üçün isə o, mənim adımdan qeyri-qanuni formada ərizə yazmışdır.

Dəfələrlə Şəki-Zaqatala Regional Təhsil İdarəsinə, həmçinin Şəki rayon Təhsil Sektoruna yazılı formada müraciət etməyimə baxmayaraq, bu məsələ ilə bağlı heç bir köməklik gostərilməmişdir. 2023-ci ildə Şəki rayon regional Əmək Müfəttişliyinə ərizə ilə muraciət etdikdən sonra mənim lehimə qərar çıxardı. Əmək Müfəttişliyi daha sonra mənim ştatımın yenidən bərpa olunması və məhrum edildiyim əmək haqqının yenidən mənə ödənilməsinə dair da qərar verdi. Həmin qərarın Şəki rayon Təhsil Sektoruna göndərilməsinə baxmayaraq, məsələ ilə bağlı mənə heç bir köməklik göstərilmir”.

Solmaz Novruzovanın şikayəti ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədovla əlaqə saxladıq. O, bildirdi ki, S.Novruzova çalışdığı quruma müraciət edib və ona cavab məktubu göndərilib, direktor isə səhvinə görə Əmək Müfəttişliyi tərəfindən cərimələnib. “Sinif komplektlərində azalma olduğu üçün isə ştatın bərpası mümkün deyil”, - deyə M.Məmədov bildirdi.

Jalə FAMİLQIZI














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.