Apellyasiya məhkəməsi notariat rolunda, amma notariuslar da saxtalığı möhürləmir
Bu gün, 12:28
![Apellyasiya məhkəməsi notariat rolunda, amma notariuslar da saxtalığı möhürləmir](/uploads/posts/2025-02/1739388700_1.jpg)
Apellyasiya instansiyaları aşağı məhkəmələrin səhvlərini düzəltməkdən
yanadır. Di gəl, hazırda məhkəmə hüquq sistemi elə bərbad duruma salınıb
ki, yuxarı məhkəmələr faktiki olaraq aşağı məhkəmələrin
qanunsuzluqlarını təsdiq etməklə notariat kontoru rolunda çıxış edirlər.
Özəlliklə qərardadlardan verilən şikayətlərin heç bir əsas olmadan qüvvədə
saxlanılması və bu aktlardan şikayət verilə bilməzliyi məhkəmə müdafiəsi
hüququna ciddi təhlükə yaradır.
Nərimanov məhkəməsinin (h. Səbinə Nuriyeva) VKRH-nın ünvanının Bakı,
Ceyhun Hacıbəyli, 100 -Nərimanovda olmasına baxmayaraq iddianı ərazi
aidiyyəti üzrə geri qaytarmasından şikayəti Bakı Apellyasiya Məhkəməsi
eyni saxtalıqla qüvvədə saxlayıb. Və qərardaddan şikayət verilə
bilməzliyindən, faktiki olaraq məhkəmə təminatı hüququna qadağa
qoyulub. Belədə haqlı sual doğur, niyə aidiyyəti üzrə göndərilmir?
Nizami məhkəməsinin (h. Starə Əliyeva) “Kapitalbank”ın yerini “tapa
bilməyib” 27 gündən sonra geri qaytarmasından şikayəti də Bakı
Apellyasiya Məhkəməsi ağına-bozuna baxmadan qüvvədə saxlayıb ki,
bankın toxunulmazlıq hüququ var.
Nərimanov məhkəməsinin (h. Solmaz Ədilova) qərardadını Bakı
Apellyasiya Məhkəməsi ləğv edib, qanuna zidd olaraq yenə eyni hakim
başqa bəhanə ilə geri qaytarıb. Halbuki MPM-in 152.3 maddəsinə görə,
geri qaytarılma haqqında qərardad ləğv edildikdikdə iddia ərizəsi
məhkəməyə ilk gündən verilmiş sayılır. Qərardaddan şikayət Bakı
Apellyasiya Məhkəməsində əvvəlki qərardadı ləğv edən heyətə verilib. Və
bu heyətin də aşağı instansiyanın qərardadını qüvvədə saxlayacağına
şübhə yoxdur. Bütün hallarda qərardadlardan kassasiya şikayəti verməyə
də qadağa qoyulub.
Apellyasiya instansiyasının faktiki notariat rolunda çıxış etməsi üzə çıxır. Di
gəl, heç notariuslar da saxta sənədi təsdiq etməkdən imtina edirlər. Belədə
apellyasiya məhkəmələrinin saxlanılmasına nə ehtiyac var?
Məğrur Bədəlsoy