Bakının ev bazarında MTK soyğunçuluğu - AXI NİYƏ?..
Bu gün, 09:06
![Bakının ev bazarında MTK soyğunçuluğu - AXI NİYƏ?..](/uploads/posts/2025-02/1739595848_1.jpg)
“Azərbaycanın mənzil bazarında qiymətlər real bazar prinsipləri əsasında formalaşmır”.
Bu sözləri Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, bütün sahələrdə süni qiymət artımı var:
“Bütün sahələrdə olduğu kimi mənzil bazarında da qiymətləri süni şəkildə artırırlar. Bir müddət əvvəl bu sahə ilə bağlı araşdırma apardım. Mütəxəssislərlə apardığımız hesablamalar nəticəsində bir kvadratmetr mənzilin xərcinin 700 manatdan yuxarı olmadığı ortaya çıxdı. Bu məbləğə vergilər, tikintidə iştirak edən əməkdaşların əməkhaqqıları və lazımi materiallar aiddir.
Lakin Bakı şəhərində bazarda mənzilin kvadratının qiyməti təxminən 1500-2000 min manatdan başlayır. Bu isə xərcdən 2-3 dəfə çoxdur. Hətta paytaxtımızda kvadratı 10 min manata belə təklif olunan mənzillər var”.
Partiya sədri mənzillərin bu qədər baha qiymətlərlə satışa çıxarılmasının səbəblərindən danışıb:
“Mənzillərin qiymətlərinin kəskin şəkildə bahalaşmasında sahibkarın və mənzil-tikinti kooperativlərinin (MTK) torpağı aldığı qiymətin rolu var. Mənim dediyim 700 manat sırf tikinti üçün xərclənən məbləğdir. Torpağın qiymətini də üzərinə gələndə, bu rəqəm təxminən 900-1000 manata yaxınlaşır. Lakin yenə də kvadratı 2-10 min manat arasında satışa çıxarılan mənzillər var. Bəs buna səbəb nədir?”
Partiya sədrinin fikrincə, burada 2 səbəb ön plana çıxır:
“Birinci, torpaq qiymətlərinin həddindən artıq baha olmasıdır. İkincisi isə tikintiyə nəzarət edən bəzi dövlət qurumlarının sahibkardan qeyri-rəsmi aldığı vəsaitlərdir. Bunların hamısı da yekunda mənzilin qiymətinin üzərinə gəlir”.
Həmsöhbətimiz onu da əlavə edib ki, mənzillərin yerinə görə qiymət müəyyənləşdirilir:
“Məsələn, 100 sot torpaq alınırsa, onun təxminən 40-45 faizində tikinti aparmaq olar. Yerdə qalan hissə isə həyətyanı sahə olmalıdır. Evi tikən MTK sahibi isə torpağı satın alanda xərclədiyi pulları mənzilin qiymətinin üzərinə gəlir. Obyektiv səbəb bununla bağlıdır. Lakin istənilən halda mənzil bazardakı qiymətlərə baxılmalıdır”.
Ağasif Şakiroğlu vurğulayıb ki, bəzi vətəndaşlar MTK-ların fəaliyyətindən əziyyət çəkirlər:
“Çünki 1 mənzil 3-4, hətta 10 nəfərə satılır. MTK-ların sərbəst müqavilə əsasında satış aparmasına məhdudiyyət qoyulmalıdır. Satışlar yalnız notariat ofislərində həyata keçirilməlidir. MTK sahibi ilə alıcı arasında bütün sənədləşmə işləri notariat qaydada aparılmalıdır.
Mərkəzi sistem olarsa, eyni mənzili başqasına satmaq istəyəndə, notarius onu müəyyən edə bilər. Lakin MTK ofisində baş tutan satışlar dələduzluq hallarını artırıb. Hesab edirəm ki, bu sahəyə ciddi nəzarət olmalıdır”.
Onun sözlərinə görə, mənzil bazarında qiymətlərin müəyyənləşməsi üçün aşağıdakı addımlar atılmalıdır:
“Mənzilin ərsəyə gəlməsininin ümumi rəsmi qiyməti çıxarılmalıdır. Üstəlik, buna nəzarət edən bir qurum da olmalıdır. Düşünürəm ki, kvadratı 1000-1100 manata başa gələn mənzilin kvadratının 1500 manata müəyyənləşməsi kifayət qədər optimaldır. Lakin bu qiymətin 4-5 min manat olması reallıqdan uzaqdır. Yəni MTK-ların süni qiymət artımına imkan verilməməlidir”.
A. Şakiroğlu diqqətə çatdırıb ki, mənzil bazarı çox problemli sahədir:
“MTK-lar özləri daxili qaydalar müəyyənləşdirirlər. Onların etdiyi oğurluqdur, soyğunçuluqdur. Çünki onların fəaliyyətinə nəzarət edən yoxdur. MTK-lar onlara nəzarət edən qurum olmadığı üçün mənzili 2-3 dəfə baha sataraq vətəndaşları talamaqla məşğul olurlar. Müvafiq qurumlar onlara nəzarət etməlidirlər. Çünki bu sahədə yüz milyonlarla, bəlkə də milyardlarla pul var”.