Deputat qadınların pensiyasını kişilərin maaşından tutmağı təklif edib

Bu gün, 16:24           
Deputat qadınların pensiyasını kişilərin maaşından tutmağı təklif edib
Milli Məclisin üzvü Mübariz Qurbanlı işləməyən qadınların pensiya fonduna pul vəsaiti yığılması üçün onların həyat yoldaşlarının əmək haqlarından tutulmağı təklif edib. Deputat bu barədə fevralın 27-də iştirak etdiyi “Qadın iştirakçılığının təbliği” adlı konfransda çıxış edərkən deyib.

“Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermirlər. Bu kimi hallar təqaüd məsələsinə də təsir göstərə bilər. Belə hallarda kişinin əməkhaqqının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər. Məsələni bu yolla qanuniləşdirmək olar. Buna heç kim etiraz etməməlidir, çünki kişinin özü qadını işləməyə qoymayıb”, deyə o bildirib.

Qurbanlının təklifinə münasibət bildirən feminist fəal Gülnara Mehdiyeva Amerikanın Səsinə deyib ki, ideyanın mahiyyətində ciddi problemlər var.

““İşləməyə icazə vermirlər” deyəndə nə nəzərdə tutulur? Məgər evdar qadınlar işləmir? Evdar qadının kifayət qədər ağır yükü var. Ev işi ayrıca, uşaq baxımı isə ayrıca əmək tələb edir. Kişilərin çöldə rahat işləməsi ona görə mümkün olur ki, onların evdə paltar, qab-qacaq, döşəmə təmizliyini, yeməyini həll edən, uşaqlarını böyüdən görünməz qadınlar var”, Mehdiyeva deyib.

“Uşaq baxımına gəlincə isə, qadınlar öz uşaqlarını dövlətin heç bir qayğısı olmadan böyüdürlər. Nə maddi, nə mənəvi. Sonra isə o qadının əməyi ilə böyüyən uşaqları vətənə borc adıyla əsgər aparırlar. Ahıl və xəstə ailə üzvlərinə qadınların qulluq etməsi məsələsi də aktualdır. Deputatın təklif etdiyi ideya isə yenidən vətəndaşlara qayğını dövlətin məsuliyyətindən çıxarıb ayrı-ayrı şəxslərin üstünə yükləməkdən ibarətdir”, o əlavə edib.

Mehdiyeva təklifin həyata keçirilmə mexanizminin də problemli olduğunu düşünür. “Üstəlik, dövlət necə müəyyən edəcək ki, hansı qadına işləmək icazəsi verilmir, hansı isə könüllü şəkildə evdə uşaq baxımı və məişət qayğıları ilə məşğuldur? Belə sərsəm söhbətlər etməkdənsə, ölkədə minimum əməkhaqqı, iş yerində istismar, xüsusilə uşaqlı qadınların və tənha anaların iş tapma prosesində qarşılaşdığı çətinliklər kimi mövzulara toxunaydılar”, o bildirib.

Bu ilin fevral ayının 1-i etibarilə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsizqadınların sayı 108 mindən çoxdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.