Namus davası: dalaşmayın, başqa yol var... - Qanun bu avaraya nə cəza versin, ay axmaq?

Bu gün, 00:05           
Namus davası: dalaşmayın, başqa yol var... -
İki gündür sosial şəbəkənin gündəmini və saytların “Cəmiyyət” bölməsini küçə davası ələ keçirib. Sonradan namus məsələsi üstündə baş verdiyi deyilən məlum hadisə ətrafında qızğın müzakirələr gedir. Müzakirələr hərtərəflidir, tərəflərin tərəfində dayanan rəy sahiblərinin hamısı haqlıdır - hər iki tərəfdəkilər.

Əvvəla ondan başlamaq lazımdır ki, heç kəs başqasının namusuna dil və əl uzatmamalıdır. Əgər uzadarsa...

İkincisi, namusuna dil (və ya əl) uzadılan kəs o dil (və ya əl) sahibini vəhşicəsinə döymək (və ya öldürmək) haqqına sahib deyil (ən azı, qanuni baxımdan).

Yaxşı, o zaman başqasının namusuna dil və ya əl uzadanın cəzası nədir? Namusuna dil və ya əl uzadılan tərəfindən zopalanmaqmı? Qanun deyir ki: XEYR!

Bəs, nədir cəzası? Cərimə olunmaqmı? Tənbehmi? Şiddətli töhmətmi? "Ayıb olsun" tipində ictimai qınaqmı? Buna da qərar vermək çətindir.

Digər tərəfdən, namusuna dil və ya əl uzadılan tərəf dilinə söyüş, əlinə zopa almaq haqqını hardan alır?! Özündənmi? Qətiyyən! Qanundanmı? Qanun deyir: "mən kimsəyə elə bir haqq vermirəm".

Və: əgər biri digərinin namusuna dil və ya əl uzadarsa, birinci tərəf nə etməli, necə davranmalıdır?

İlk ağla gələn QANUNa müraciət etməkdir - qanuna sığınmaq, qanun keşikçilərindən mədəd ummaqdır: "O, mənim namusuma sataşıb" deyərək, məsuliyyəti qanunun üzərinə atmaqdır - cəzanın qanunisini diləməkdir.

Qanuni dövlətdə bundan başqa yol yoxdur! Ola da bilməz!!!

İndi özümüzü qoyaq qanunun yerinə... Nə cavab verərdik? Yəni, qanun nə desin? Onun "kəsəcəyi barmaq" kimi incidəcək? Ya da onun "kəsəcəyi barmaq"dan məlhəm çıxacaqmı ki, namus yarasını sağaltsın?

Qanunun özünün qarnındakı boşluqdan "su sızırsa", özünəmi məlhəm olsun, yoxsa himayəsi altındakılaramı?

Qanun keşikçilərinin özləri də eyni çətirin altında, eyni "səhnənin" tamaşaçıları qismindədirlər. Özlərini qarşılarındakıların yerinə qoyurlar, yəqin ki... və eyni tərəddüdü yaşayırlar.

Təxminən, 15-16 gün əvvəl idi, şər qarışmaq üzrəydi. Məhəllədən evə qalxırdım. İki əlimdə zənbil - marketdən çıxmışdım.

Binamızın döngəsinə çatanda qəribə bir mənzərə ilə üzləşdim: tanımadığım bir nəfər binamızın divarına (həm də yanından keçənlərin gözü qarşısında) kiçik təbii ehtiyacını təmin etməklə məşğul idi.

Dayandım yanında, təəccüb və təəssüflə nəsə demək istədim. Amma heç nə deyə bilmədim. İrad bildirmədim. Sadəcə, başımı bulayıb yoluma davam etdim.

Ona heç nə demədiyimin səhvmi-düzmü olduğunu düşünə-düşünə addımlayarkən, arxadan bir səs gəldi: "Nədi, əəə, nə yan-yan baxırsan"? Və arxasınca bir söyüş...

Bir anda dayandım. Ona geri dönmədən, əllərimdəki zənbilləri yerə qoydum. Təhqir olunmuşdum, cavabsız qoya bilməzdim.

Amma necə cavab verim? Ya onun qandığı dildə cavab verməliydim, ya da qanuna müraciət etməliydim.

Onun qandığı dil - zopadır. "Adam" həm ictimai tərbiyəsizliyinə, həm də şəxsimə yönəlik davranışına görə ən YEKƏ ZOPAnı haqq edirdi.

Bəs, qanun nə deyir(di) onun haqqında? Cəmiyyətin divarına işəyənə qanun gülüb keçirmi, yoxsa hiddətlənirmi?

Gülüb keçirsə, o zaman "cəmiyyətin divarına niyə işəyirsən" təəssüfü ilə, başını bulayıb keçən və arxadan təhqir olunan vətəndaş üçün qanun nədir?

Bəs, hiddətlənərsə…

Həmin anda mən üçüncü yolu seçməsəydim - dişimi sıxıb, kürəyimə saplanan söyüşü "udub", yoluma davam etməsəydim və zopalar havaya qalxsaydı, qanun kimin tərəfində olacaqdı?

Təbii ki, qanun deyəcəkdi ki, "mənə tərəf gələrdin". Amma hansı halda və hansı tərəfə? Mən qanuna nəyi göstərməliydim: divardakı ləkələri, yoxsa kürəyinə sancılan təhqiri?

Və yazıq qanun, bir divarı batıran avaraya, bir də ona baş qoşan axmağa baxıb gülməzdimi ki, “mən bu avaraya nə cəza verim, ay axmaq?”.

QANUN sadəcə olaraq və haqlı olaraq deyir ki: “Dalaşmayın!”

Gerisini özünüz bilərsiniz…

Müəllif: İsmayıl Məmmədli - AYNA-az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.