Şagirdlər görür ki, pul verib hər şey əldə edirlər – Ekspert

Bu gün, 15:20           
Şagirdlər görür ki, pul verib hər şey əldə edirlər – Ekspert
Bizim məktəblərdə və ümumilikdə təhsil sistemində baş verən qanunsuz pul yığmaları hallarının başındə təəsüflə bildirməliyəm ki, dövlətin Elm və Təhsil naziri, onun göstərişi ilə təhsili idarəetmə orqanları durur. Bu da problemin daha dərin və təhlükəli olmasından xəbər verir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə təhsil eksperti Elşən Qafarov çıxış edib. O bildirib ki, açıq-aydın məktəblərdə valideynlərdən məcburi şəkildə pul tələb olunur:

“Bəzən “sinif fondları”, “məktəb və ya sinif təmiri”, “tədbir xərcləri” “Məktəbdaxili Qiymətləndirmə”, “Kenquru” və digər “olimpiyadalar” adı ilə yığılan bu pullar rəsmi deyil, hesabatsızdır və qanun pozuntusudur.
Əgər Elm və Təhsil Nazirliyi, rayon təhsil idarələri və ya idarəedici orqanlar buna özləri göstəriş verir və ya icazə verirsə, vəziyyət daha təhlükəli olur. Valideynlər görür ki, dövlət özü belə qanunlara əməl etmir. Pulu olan valideynin uşağı tədbirə, olimpiyadaya gedir, əlavə dərs alır, yaxşı münasibət görür. Pulu olmayanlar isə ayrı-seçkiliyə məruz qalır, özlərini pis hiss edirlər həyatının ən şirin və ən əziz xatirələrini bu zaman aldığı travmalar əvəz edir.
Şagirdlər görür ki, pul verən hər şey əldə edirlər. Onlar gələcəkdə də bu davranışı normal sayırlar, rüşvət, korrupsiya qəbul olunur. Elə məktəblərdən ədalət və dürüstlük yox edilir.
Təhsildə keyfiyyət düşür. Savadlı deyil, pul verənlər irəli gedir. İqtisadiyyat zəifləyir, ölkə rəqabət qabiliyyətini itirir. Xarici investorlar və beynəlxalq təşkilatlar ölkəyə etibar etmir, maliyyə yardımları kəsilir, ölkənin imicinə ciddi zərər dəyir”.

E.Qafarov bildirib ki, əgər təhsildə qanunsuz pul yığmalarına rəhbər şəxslər rəhbərlik edirsə, bu, korrupsiyanın sistemə hopması deməkdir:

“Belə vəziyyətdə cəmiyyət ictimai nəzarəti gücləndirməli, media susmamalıdır, qanunlar işləməli, rəhbər şəxslər cavabdehlik daşımalıdır, müəllimlər cəmiyyətə günahkar kimi, təqdim olunmamalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.