DİQQƏT! Bu sahələrdə bahalaşma GÖZLƏNİLİR...
Bu gün, 08:14

Hazırda Azərbaycanda qiymətləndirmə sahəsində vəziyyət necədir? Hər hansısa bir şirkətin Azərbaycan Qiymətləndiricilər Palatasının 2025-ci il üçün planları nədən ibarətdir? Bu il qiymətləndirmələrə əsasən hansı sahələrdə bahalaşma gözlənilir?
Mövzu ilə bağlı Azərbaycanda Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov Referans- a açıqlamasında bildirib ki, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunun icrası olaraq Dövlət İmtahan Mərkəzində son 6 ayda keçirilən 4 imtahandan 214 nəfər uğur qazanmış, onlardan 126 nəfər qiymətləndirici və 74 qiymətləndirici təşkilatın müraciətləri əsasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) reyestrində qeydiyyata alışıblar.
Palata sədri onu da vurğulayıb ki, hazırda AQP Rəyasət Heyəti tərəfindən bütün normativ və hüquqi sənədlərin hazırlanması prosesi başa çatmaq üzrədir. Digər tərəfdən, AQP rəhbər heyəti tərəfindən müvafiq dövlət və kommersiya qurumları rəhbərləri ilə müxtəlif görüşlər keçirir, qanunun tələbləri və icrası istiqamətdə işlər görülür. Azərbaycanda yeni formalaşan Qiymətləndiricilər Palatasının əsas hədəfi qiymətləndirmə bazarının struktur bölmələrinin inkişaf etdirilməsidir.
Palata sədri həmçinin deyib ki, onların əsas hədəfi Azərbaycanın qiymətləndirmə sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq, daha keyfiyyətli xidmətlərin təmin olunmasına şərait yaratmaq və sektorda davamlı inkişafı təmin etməkdir.
Nüsrət İbrahimov eyni zamanda bildirib ki, inflyasiyanın aşağı düşməsi hələ qiymətlərin aşağı düşməsi deyil. Çünki Azərbaycandakı qiymət artımı birbaşa və dolayısı ilə beynəlxalq aləmdə baş mühüm iqtisadi proseslərdən asılıdır.
"Konkret olaraq bahalaşmanın ehtimal edildiyi sektorlar var. Misal üçün daşınmaz əmlak bazarında, müəyyən qida məhsullarının qiymətlərində və elektronika sahələrində bahalaşmanın olacağı real görünür",- deyə Nüsrət İbrahimov qeyd edib.