"Ətin qiyməti son 10 ildə 2 - 2,5 dəfə bahalaşıb" - partiya sədri

27-03-2025, 11:38           
 "Ətin qiyməti son 10 ildə 2 - 2,5 dəfə bahalaşıb"
“Azərbaycanda 10 il əvvəl, 2015-ci ildə 2 milyon 697 min 500 baş iribuynuzlu, 8 milyon 645 min 400 baş xırdabuynuzlu mal-qara vardı”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O xatırladıb ki, 2015-ci ildə ölkədə “pambıq sevdası” başladı, neftin qiymətinin düşməsi, manatın devalvasiyası pambıq əkin sahələrinin artırmaqla bağlı qərara səbəb oldu:

“Nəticədə örüş yerlərində, mal-qara üçün yem bazası təşkil edən torpaqlarda pambıq əkini başladı. Doğrudan da, 2025-ci ildə ölkə üzrə 35 192 ton pambıq yığılırdısa, 2020-ci ildə bu rəqəm pik nöqtəyə çatdı və 33 6191 ton pampıq yığıldı.

Sonra azalma başladı, 2023-cü ildə pampıq yığımı 276 310 ton oldu, yəni 60 min ton azalma baş verdi. Başqa sözlə, pambıq məsələsində də əkin və tədarük ciddi azaldı”.

Partiya sədri əlavə edib ki, 1 yanvar 2025-ci ilə olan rəsmi məlumata görə, ölkədə 2 459 700 baş iribuynuzlu, 6 850 200 baş isə xırdabuynuzlu mal-qara var:

“2015-ci illə müqaisədə son 10 ildə 237 min 800 baş iribuynuzlu, 1 milyon 800 minə yaxın isə xırdabuynuzlu mal-qara azalıb. Ətin qiyməti isə son 10 ildə 2 - 2,5 dəfə bahalaşıb.

Yaxşı, hökumət “pambıq” dedi, o da azalır, amma o pambığa görə (tək o səbəb deyil təbii ki, daha bir neçə ciddi səbəblər var və hökumət üzvləri ilə o səbəblər haqqında diskussiyaya, debata hazırıq) mal-qaranın sayında da ciddi azalma var, ətin də qiyməti durmadan bahalaşır.

Pambığı heç olmasa, istehsal zəncirinə çevirib xammaldan son məhsula, parçaya, geyimə qədər təşkil edib əlavə dəyər yaratsaydılar, nəsə əldə etmək olardı, onu da etmədilər.

Pambıq xammal kimi xaricə ucuz satılır, elə pambıq satdığımız ölkələrdən, elə bizim pambıqdan alınan son məhsulu 5-6 qat bahasına geri alırıq.

Ətin bahalaşmasının, mal-qaranın azalmasının əsl səbəblərini tapmaq, məhz səbəbləri aradan qaldırmaq əvəzinə bəzi deputatlar çıxıb nəticədən danışır və deyir ki, bizim millət quzu əti xoşlayır, quzuları körpə vaxtı kəsirlər deyə ət bahalaşır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.