Apreldə nağdsız ödənişlərin həcmi 9,3 milyard manatı ötüb
29-05-2025, 11:34

Bu ayın əvvəlinə olan məlumata görə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nəzərən 215 min ədəd artaraq 20 milyon 675 min ədəd təşkil edib.
İqtisadiyyat.az Yeniavaz.com-a istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 17% artıb.
Ödəniş kartlarında debet kartlarının sayı 19,5% artıb, kredit kartlarının sayı isə 0,1% azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə artıb. 2025-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 301 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 71 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 224 milyon manatı POS-terminallar, 4,5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67,1%-ni təşkil edib.
Banklar və "Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə artım müşahidə olunub. Belə ki, keçən ilin aprel ayının sonu ilə müqayisədə bankomatların sayı 7%, POS-terminalların sayı 39.5% artıb.