Düşüncəsinə görə Akademiyada tələbənin hüquqları tapdalanır
Dünən, 09:48

İctimai fəal kimi tanınmış Cəmilə Əlişeva oxuduğu İdarəçilik Akademiyasında yüksək göstəriciləri olmasına baxmayaraq,məhz ictimai feallığina görə diskriminadiyaya məruz qalması haqqinda bəyanat yayıb.
Sizi bu bəyanatla tanış edirik:
"Mən Cəmilə Əlişeva, DİA - Prezident yanında Dövlət İdarəçilik Akademiyası tələbəsiyəm.
Akademik göstəricilərim yüksəkdir – qrupda 2-ci yerdəyəm. Praktikaya da ballarımıza əsasən göndərilirik. Yəni, yüksək bal yığan tələbələri daha "prestijli" yerlərə göndərirlər. Lakin buna baxmayaraq, bütün potokdan sadəcə məni ASAN Xidmət-ə təcrübəyə göndərdilər. Halbuki məndən daha az balı olan qrup yoldaşlarım Milli Məclis, müxtəlif nazirliklər və dövlət qurumlarında təcrübəyə göndərilib.
Bu qərarın təsadüfi olmadığını düşünürəm. Mən universitetdə daim vətəndaş mövqeyimi ifadə edən, sosial və siyasi mövzularda danışan və yazan bir tələbə olmuşam. Bu fəaliyyətim isə bəzi şəxsləri, xüsusilə tələbələrin tərbiyə işlərinə baxan müşaviri Zaur Məmmədovu narahat edib.
Bir gün Zaur məni kabinetinə çağırdı. Qapını arxamca bağladı və mənim siyasi baxışlarım, sosial mediada paylaşdıqlarım barədə danışmağa başladı. Aydın şəkildə bildirdi ki, belə şeyləri etmək, yazmaq, paylaşmaq, cəmiyyətlə açıq danışmaq – “düzgün deyil” və bundan çəkinməliyəm. Bu görüş mənim üçün psixoloji təzyiq kimi yadda qaldı və mənə göstərdi ki, düşünən, danışan tələbələri susdurmaq istəyirlər.
Bu məsələlərlə bağlı siyasi idarəetmə fakültəsinin dekanı Mürtəza Həsənova da müraciət etdim və bildirdim ki, bu vəziyyət ədalətsizdir. O isə uzun müzakirədən sonra “düşünərik, bəlkə səni başqa yerə göndərərik” dedi. Ancaq bu “başqa yerlər” yaşadığım yerdən çox uzaq – Xəzər və Sabunçu İcra Hakimiyyəti kimi yerlər idi. Bu isə sadəcə narazılığımı formal şəkildə ört-basdır etməyə yönəlmiş bir cəhd idi.
Mən bu yaşananları siyasi mövqeyimə və fəallığıma görə tətbiq olunan diskriminasiya kimi qiymətləndirirəm. Bu, tələbənin düşüncəsinə görə “cəzalandırılması”, bərabər imkan hüququnun pozulmasıdır.
Bu bəyanatı yalnız özüm üçün yox, səssiz qalan, amma eyni ədalətsizliklə üzləşən tələbələr və vətəndaşlar üçün də yazıram. Səssizlik bu sistemin əsas dayağıdır!
Və bu gün – ölkənin müstəqilliyinin qeyd olunduğu bir gündə – bu məsələni səsləndirmək daha da vacibdir. Çünki müstəqillik təkcə sərhədlərlə deyil, həm də hər bir vətəndaşın azadlığı və hüquqları ilə ölçülür".
Azadlıq Qəzeti