“Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB – “Günü falçılarda keçir”

Dünən, 17:46           
 “Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB – “Günü falçılarda keçir”
“Psixoloq əslində falçı kimi bir şeydir”, - bu fikri Bizim.Media-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Psixologiyanı elm kimi qəbul etməyən hüquqşünas, psixoloqlara da ciddi baxmadığını deyib.

“Psixoloqlar hardasa 150 il olar ki, ortaya çıxıb. Nəyin nəticəsi olaraq yaranıblar? Təbii ki, ateizmin! İnsanların dinə imanı və inamı zəiflədikcə, ateizm yarandı. Yəni buna qədər nə Qərbdə, nə də Şərqdə kimsə özünün ateist olduğunu rahatlıqla etiraf edə bilərdi. Çünki sərt cəzalar var idi. XIX əsrdən etibarən psixoloqlar da ortaya çıxmağa başladılar. Ona qədər insanlar dində təskinlik, ruhi sakitlik tapırdı. Əvvəllər mollaların, keşişlərin etdiyini indi psixoloqlar edir”.

“Psixologiya boş şeydir”

Mütəxəssis deyir ki, digər sahələr, məsələn tibbin cərrahiyə, kardiologiya, urologiya və s. sahəsi konkret vahid yanaşma tələb edir:

“Amma psixologiya elə deyil, vahid sistem yoxdur. Hərəsi bir söz deyir. Ona görə də psixoloqla falçının fərqi yoxdur. Falçıya da inanıb etibar edəndə gerçək olur. Psixoloqa da inanan dərdini danışır, yüngülləşir. Psixologiya boş şeydir”.

“Günü falçılarda keçən...”

Mövzuya münasibət bildirən tanınmış psixoloq Samirə Bağırova deyir ki, ümumiyyətlə Azərbaycanda müxtəlif sahələrdə, hətta eyni sahədə çalışan insanlar bir-birinə söz atmaq, qara yaxmaq, lağ etmək üzrə mahirdilər.

“Biz bir xalq olaraq bir-birimizi bəyənmirik. Ələlxüsus də hər hansısa sahədə irəliləyiş varsa, yaxud hansısa sahə digər sahələrə görə daha tələbatlıdırsa, mütləq biri çıxıb ağız büzəcək. Falçı ilə psixoloqu eyni tərəziyə qoyan, ancaq elmdən başı çıxmayan, günü falçılarda keçən, cahil düşüncəyə sahib biri ola bilər”.

“Psixoloqa falçı kimi yanaşmaq savadsız fikridir”

S.Bağırova qeyd edib ki, psixologiya ayrılıqda elm kimi XIX əsrin əvvəllərindən inkişaf etməyə başlasa da, əslində fəlsəfənin bir qoludur:

“Psixologiyaya elm kimi yanaşmamaq ola bilər, çünki fəlsəfədir, amma falçı kimi yanaşmaq bu artıq savadsız bir cahil fikridir. Hər bir sahənin savadlısı da, var savadsızı da... Hər psixoloq psixoloq deyil, hər vəkil vəkil deyil və s. Psixoloqa gedilən yol sağlam düşünmək, sağlam qərarlar vermək, daxili neqativ emosiyalarını kontrol etməyi, özünü inkişaf etməyi öyrənmək üçün gedilən yoldur. Psixoloq dua yazmır, gələcəyi demir, nəyəsə söz vermir, məsləhət vermir.


Psixoloq insanın özünə, düşüncəsinə, yanlışlarına, reallığı qəbullanma, davranışlarına göz açması üçün, insanın özünün sağlam qərarlar verməsi üçün psixoloji seanslar aparır. Falçı isə hər hansısa dualar, cadular, guya cadu təmizləmə, gələcəyi görmək kimi, manipulyativ rituallarla insanları təsirə salır. Biri sağlam düşüncəli insanın seçimidir, digəri cahil insanın seçimidir. Bilmirəm bunu hansı geri düşüncəli “ekspert“ deyib. Məlum məsələdir ki, yolu falçılara çox düşüb və hüzurunu falda tapıb.

Psixologiya fəlsəfənin bir qoludursa, demək ki, çox ciddi bir sahədir. Dindən tutmuş, tarix, fəlsəfə, tibb, antik ədəbiyyat, numerologiya, astrologiya, ezoterika, astronomiya, insan psixologiyası, Kvant fizikası və s. bitib tükənməyən hər şey, tək bir psixologiyada birləşir. Ölkəmizdə hər yerindən durana xahiş olunur “ekspert“ deyib, böyütməyin”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.