"Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" - AÇIQLAMA

Dünən, 10:38           
"Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" - AÇIQLAMA
Bakı şəhəri 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin musiqi dərsində şagirdlərə rəqs öyrədərkən uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb.

"Bu haqda Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, araşdırma çərçivəsində müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Müəllimin izahatı alınıb və ona yazılı xəbərdarlıq edilib.

Xatırladaq ki, mayın 27-də Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı məktəbin ibtidai sinif müəlliminin 1-ci sinif şagirdlərinin ağzını "skoç"ladığını əks etdirən görüntüləri paylaşılmışdı.

"İlk növbədə qeyd edim ki, Bakıda yerləşən məktəblərdən birində müəllimin şagirdlərin ağzını skoçla bağlaması ilə bağlı yayılan xəbər, təkcə fərdi etik pozuntu kimi deyil, bütövlükdə məktəbdaxili nəzarət mexanizmlərinin, pedaqoji mədəniyyətin və psixoloji dəstək sistemlərinin zəifliyinin acı təzahürüdür. Bu kimi halların baş verməsi cəmiyyətin təhsilə etibarını sarsıdır, müəllim peşəsinin ictimai nüfuzunu zədələyir və uşaqların təhsil mühitində psixoloji təhlükəsizliyini sual altına alır" - bunu Sonxeber.az -a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib.

"Azərbaycan Respublikasının Konstitusiyası və "Təhsil haqqında" Qanunun 22.2-ci maddəsinə əsasən, təhsilalanların şəxsiyyəti, ləyaqəti və sağlamlığı toxunulmazdır. Həmçinin "Uşaq hüquqları haqqında" Qanunun 10-cu maddəsində uşağın psixoloji və fiziki zorakılıqdan qorunması dövlətin birbaşa öhdəliyi kimi təsbit olunub. Müəllimin bu cür davranışı isə sadəcə etik yox, hüquqi baxımdan da qəbuledilməzdir və konkret məsuliyyət doğurur.

Bundan əlavə, bu hadisə məktəblərdə müəllimlərin psixoloji hazırlığının və peşəkar davranış standartlarının formalaşmasında ciddi boşluqlar olduğunu göstərir. Müəllim yalnız bilik ötürən deyil, həm də tərbiyəçi, nümunə və qayğı göstərən şəxs olmalıdır. Əgər bir müəllim şagirdin intizamını təmin etmək üçün zorakı və alçaldıcı üsula – yəni skoçla ağzını bağlamağa – əl atırsa, bu, artıq pedaqoji metodların yoxluğu deyil, açıq zorakılıq aktıdır.

Təəssüf ki, bu kimi hallar son illərdə təhsildə psixoloji yükün artması və müəllimlərə yönəlik sistemsiz təzyiqlərlə də əlaqəlidir. Müəllimə təlim-tərbiyə prosesi üçün nə vaxt, nə metodoloji dəstək, nə də adekvat psixoloji yardım göstərilir. Lakin bu, heç bir halda uşağa qarşı zorakı yanaşmanı əsaslandıra bilməz. Müəllim psixoloji yüklənmədən əziyyət çəkirsə, bu onun davranışının hüquqi və əxlaqi məsuliyyətini azaltmır.

Dünya təcrübəsində belə hallar ciddi intizam və hüquqi məsuliyyət doğurur. Məsələn, ABŞ-da və Avropa ölkələrində bu cür davranış müəllimin dərhal işdən uzaqlaşdırılması, peşə hüququndan məhrum edilməsi və hətta cinayət məsuliyyəti ilə nəticələnir. Finlandiya, Norveç, Almaniya kimi ölkələrdə müəllimlər hər il mütləq psixoloji xidmətlərdən keçir, konfliktin idarə olunması və sinif menecmenti üzrə sertifikatlı təlimlərə qatılırlar.

Azərbaycanda isə bu sahədə ciddi boşluq var. Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir, rəhbərlik isə bu cür halları ört-basdır etməyə və ictimaiyyətdən gizlətməyə çalışır. Bu, uşaqların təhsildə təhlükəsizliyini deyil, məktəbin reputasiyasını önə çəkmək anlamına gəlir və daha böyük problemlərə zəmin yaradır.

Hadisənin baş verdiyi məktəbdə dərhal araşdırma aparılmalı, müəllim hüquqi məsuliyyətə cəlb olunmalı, eyni zamanda məktəbdəki idarəetmə və psixoloji dəstək sisteminin fəaliyyəti də təftiş edilməlidir. Bununla yanaşı, təhsil işçiləri üçün etik davranış kodeksi praktik olaraq icra olunmalı, hər məktəbdə müntəzəm psixoloji və pedaqoji davranış təlimləri təşkil edilməli, uşaq hüquqları üzrə maarifləndirmə gücləndirilməlidir.

Bu hadisə bir xəbər kimi deyil, ciddi bir siqnal kimi qəbul olunmalı, sistemin dayanıqlığını və insani dəyərlər üzərində qurulmasını təmin etmək üçün dərhal tədbirlər görülməlidir. Əks halda, gələcəkdə bu kimi halların sayı arta bilər və məktəb – cəmiyyət üçün inam mərkəzi yox, qorxu mənbəyinə çevrilə bilər".
Sonxeber.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.