Pərakəndə ticarət artdı - Səbəb alıcı davranışı, ya qiymət fərqidir?
Bu gün, 16:24

Bu ilin yanvar-may aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 13 milyard 761,5 milyon manat olub.
İqtisadiyyat.az xəbər verir ki, bu, 2024-cü ilin 5 ayı ilə müqayisədə 4,7% çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 5,7% artaraq 7 milyard 508,1 milyon manat, qeyri-ərzaq məhsullarının həcmi isə 3,8% artaraq 6 milyard 253,4 milyon manat olub.
Ərzaq və qeyri-ərzaq məhsullarında fərqli artım templəri istehlakçı davranışının dəyişməsinin, yoxsa qiymət fərqlərinin təsiridir?
Statistik göstəriciləri Valyuta.az-a təhlil edən iqtisadçı Xalid Kərimli bildirib ki, bunun bir neçə səbəbi var:
“Bu ilin beş ayında qida məhsulları ötən ilin 5 ayı ilə müqayisədə 6.8 faiz, alkoqollu içkilər 3,5 faiz bahalaşıb. Siqaret, içki və qidada ortalama 6.5 faiz bahalaşma var. Qeyri-qida məhsullarının bahalaşması isə 2.7 faizdir. Ortaya çıxan bu fərqin 3.8-i qiymətlə bağlıdır. Qiymət bahalaşmasını aradan qaldırsaq, faktiki olaraq ərzaq, içki, tütün məmulatlarına daha az vəsait xərclənib. Ümumilikdə götürsək, fiziki həcm artmayıb, qiymət artımına görə isə pərakəndə ticarət dövriyyəsi artıb. Əhalinin alışının strukturuna baxsaq, görərik ki, ümumi ərzaq məhsulları, tütün, içki bir yerdə istehlakçıların xərclərinin 56 faizini təşkil edir. Yerdə qalan 44 fazi isə qeyri-qida və xidmətdir. Bu isə çox yaxşı göstərici deyil”.
“Ərzaq və qeyri-ərzaq məhsullarında fərqli artım templəri istehlakçı davranışının dəyişməsindən xəbər verir, yoxsa qiymət fərqlərinin təsiridir? Gələcəkdə qeyri-ərzaq sektoru daha üstün mövqe qazana bilərmi?” sualına cavab olaraq Xalid Kərimli bildirib ki, bizim indiki statistika kasıb ölkələrin statistikasına uyğundur:
“Vəziyyətimiz yaxşılaşdıqca, insanların xərclərinin strukturunda ərzaq məhsullarının payı azalır, qeyri-qida məhsullarının və xidmətlərin payı artır. Çünki insanlar pulu artıqca bir az bahalı qida alıb yeyə bilsə də, daha çox yeyə bilmir. Ona görə də xərcləmələrin strukturunda qida çox artmır. Lakin digər bahalı xidmətlər, qeyri-qida məhsullarının payı artır. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə ərza, qida və içkilərin vətəndaşın ümumi xərcinin 20-30 faizi arası olur. Bzdə isə bu 56 faizidir və uzun müddətdir ki, yaxşılaşmır. Burda həm də uçotun şəffaflığı məsələsi var. Mümkündir ki, xidmətlərlə bağlı şəffaflıq bir az aşağıdır. Nə vaxt imkanlarımız genişlənəcək, insanların xərclərinin strukturunda qeyri-qida və xidmət artacaq. Bu bizim varlanmağımızdan asılıdır”.