Məhkəmə Qarabağ qazisini ev dustaqlığına buraxmaqdan imtina etdi
Bu gün, 08:18

“Gənc Qazilər” İctimai Birliyinin həbsdə olan sədri Hacı Vəliyevin ev dustaqlığına buraxılması üçün vəkilləri yenidən məhkəməyə müraciət etmişdi.
Bizimyol.info xəbər verir ki, iyulun 18-də Xətai Rayon Məhkəməsində Qarabağ qazisinin ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb.
Qazinin yaxınlarının verdiyi məlumata görə, məhkəmədə Hacı Vəliyevin vəkili Fəxrəddin Mehdiyev vəsatəti müdafiə edib. Vəkil müvəkkilinin səhhətindəki problemlərdən danışıb, onun ev dustaqlığına buraxılmasının vacib olduğunu qeyd edib.
“Müstəntiq etiraz edib. Məhkəmə də vəsatəti təmin etməyib. Biz onun həyatına görə çox narahatıq. Səhhətində o qədər problem olan bir adamın həbsxanada bir aya yaxın aclıq eləməsi zarafat deyil. Vəziyyəti də hər keçən gün daha da pisləşir. Aidiyyəti orqanları Qarabağ qazisinin vəziyyətinə biganə qalmamağa çağırırıq”, - deyə Hacı Vəliyevin yaxınları bildirib.
Vəkil Xətai Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü Hacı Vəliyev 2020-ci ildə 44 günlük Vətən Müharibəsində gözündən yaralanaraq əlil olub. O, aprelin 1-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 186.1 (özgə əmlakını qəsdən zədələmə və ya məhv etmə) və 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Qarabağ qazisi özünü təqsirli bilmir. İctimai fəaliyyətinə, Qarabağ qazilərinin problemlərini ictimailəşdirdiyinə görə həbs olunduğunu bildirir. Onun həbsindən bir müddət sonra – mayın 28-də “Gənc Qazilər” İctimai Birliyi fəaliyyətini dayandırdığını bəyan edilib. Bu təşkilat 2021-ci ildə yaradılmışdı.
Aytən, Bizimyol.info