“Kristal Abşeron” yeni binalar tikmək üçün ərazidə yaşayan insanları məcburi evlərindən çıxartdırır

Bu gün, 11:44           
“Kristal Abşeron” yeni binalar tikmək üçün ərazidə yaşayan insanları məcburi evlərindən çıxartdırır
Yasamal rayonunda - “Qanlı göl” adlanan ərazidə “Park Yasamal” layihəsinin növbəti mərhələsini icra edən “Kristal Abşeron” şirkəti onillərdir orada yaşayan sakinləri məhkəməyə verib. Şirkət sakinlərin yaşadığı evlərin dəyərindən qat-qat aşağı məbləğdə kompensasiya ödəməklə onların məcburi şəkildə çıxarılmasını tələb edir.
Bu barədə Bizimyol.info xəbər portalına danışan sakinlər bildirib ki, “Kristal Abşeron” şirkətinin onları məhkəməyə verməsindən bugünlərdə - Yasamal Rayon Məhkəməsindən bildiriş gələndə xəbər tutublar: “Bu, hansı insafa, hansı əxlaqa, hansı vicdana sığar ki, sən insanları qəpik-quruşla evindən çıxart, yerində hündür binalar tik, milyonlar qazan? Bizə rəsmi şəkildə nə vaxt hansısa təklifin oldu, bizdə imtina etdik ki, sən məhkəməyə verdin? Biz nə deyirik? İstəyirik ki, yaşadığımız evin yerində tikilən binada elə öz sahəmiz qədər ev verilsin. Bunun qədər ədalətli istək ola bilərmi? Bunların məhkəmə iddiasını oxuyuruq, görürük ki, təklif etdikləri məbləğ az qala, hər kvadrat metrə 500 manatdan düşür”.

Şikayətçilər onu da bildiriblər ki, “Kristal Abşeron” şirkəti sakinlər arasında ayrı-seçkilik qoyur. Bir qisminə ərazidə yeni tikiləcək binalarda evlər təklif olunur, bəzi sakinlərə isə mənzil vermək istəmirlər: “Bu evlərdə xəstə adamlar yaşayır. Şirkətin bu cür özbaşınalığı faciə ilə nəticələnə bilər. Heç kimin ixtiyarı yoxdur ki, bizi evimizdən çıxarsın. Kimsə milyonlar qazanacaq deyə, bizi küçəyə atmalıdırlar?”

Qeyd edək ki, bir müddət əvvəl “Kristal Abşeron” şirkətinin təmsilçisi İzzət Səmədli Bizimyol.info xəbər portalına açıqlamasında iddia etmişdi ki, ərazidə yaşayan sakinlərə yaşadıqları evlərin ümumi sahəsinin 20 faizi də üstünə əlavə olunmaqla, yeni binalarda mənzil təklif edirlər: “Onlara evlərinin ölçüsündən 20 faiz artıq olmaqla, tam təmirli mənzillər təklif olunur. Mənzillərin təmirində də keyfiyyətli materiallardan istifadə olunur. Sadəcə, elə sakinlər var ki, 50 kvadrat mənzili var, onlara 20 faiz artıq olmaqla, 60 kvadrat metrlik mənzil təklif olunur, amma bununla razılaşmır. Deyir ki, yox, mənə 80-90 kvadrat metrlik mənzil ver. Başqa problem yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru