Sabiq hakimə azadlıq istənildi Bir qrup ziyalı prezidentdən Həsən Əliyevi əfv etməyi xahiş edib
21-11-2016, 16:30
Ölkənin bir qrup tanınmış ziyalısı həbsdə olan keçmiş hakim Həsən Əliyevin əhf olunması üçün prezidentə birgə müraciət edib. Müraciət müəllifləri Həsən Əliyevin dövlətimiz qarşısında xidmətlərini, ailəli, iki azyaşlı övladının olmağını, ürək-damar çatışmazlığından və şəkərli diabetdən əziyyət çəkməyini, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirməyini qeyd edərək, ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsini bağışlamağı dövlət başçısından xahiş ediblər.
Müraciəti Respublika Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, filologiya elmləri doktoru, professor Vaqif Yusifli, yazıçı-publisist Hidayət Elvüsal, Azərbaycan Yazıçılar Birliyinin üzvləri: Ənvər Əhməd, Oqtay Rza, Ramiz Məmmədzadə,Yusif Nəğməkar, Mübariz Süleymanlı, Dayandur Sevgin, Şükür Şənol, Zülfüqar Şahsevənli, Şəmsi Vəfadar imzalayıb.
Qeyd edək ki, Həsən Əliyev 1991-2014-cü illərdə Ordubad və Babək rayonlarının, Naxçıvan şəhərinin, Bakı şəhəri Nizami rayonunun prokurorluq orqanlarında məsul vəzifələrdə işləyib, Binəqədi rayon məhkəməsinin sədri və Ağır Cinayətlərə Məhkəməsinin hakimi olub. O, 2015-ci ilin aprelində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib və 7 il müddətinə azadlıqdan məhrum edilib.