Bakıda səhiyyə rəzaləti: Ağır xəstə təcili yardımla xəstəxanaları dolaşdı, heç biri qəbul etmədi
16-01-2017, 20:08
Ötən gecə Bakıdakı xəstəxanalarda xəstəni ağır vəziyyətə salan olay yaşanıb. Həkim səhlənkarlığı ucbatından illərdir əlil arabasına məhkum olmuş və 22 dəfə əməliyyat keçirən üç uşaq anası Aynurə Xudiyevanın səhhəti qəflətən pisləşib və təcili tibbi yardım çağırılıb. Vəziyyəti kəskinləşən qadın təcili yardım maşını ilə aparıldığı xəstəxanalar tərəfindən qəbul edilməyərək geri döndərilib.
Belə ki, 3 saylı Şəhər Klinik Xəstəxanası, M.Ә.Mirqasımov adına Respublika Kliniki Xәstәxanası, Neftçilər Xəstəxanası və Elmi-Tədqiqat, Travmatalogiya və Ortopediya İnstitutu xəstənin təyinatının olmadığını əsas gətirərək qəbul etməyib.
Bu barədə Cebhe.info-ya Aynurə Xudiyevanın anası Səkinə Əliyeva məlumat verib:
“Birinci Sabunçudakı 3 saylı Klinik Xəstəxanaya aparıblar, ora götürməyib. Sonra Respublika Kliniki Xəstəxanaya gediblər. Oradan da xəstəni geri qaytarıblar. Daha sonra Neftçilər, ondan sonra isə Travmatalogiya Xəstəxanalarına aparılıb, qəbul etməyiblər. Qızım az qalırdı ki, keçinsin. Ağır vəziyyətdə evə gətirdilər. Apardığımız xəstəxanalar təyinat olmadığına görə qızımı xəstəxanaya qəbul etməkdən imtina ediblər. Evdən tələsik çıxdığımıza görə təyinatı götürməmişdik. Həkimlərə dedim ki, xəstəni qəbul edin, bu gecə xəstəxanada qalsın, səhər kağızlarını gətirərəm. Razı olmadılar, bildirdilər ki, o kağızları verməsəniz, xəstə qəbul edilməyəcək. Qızımda 9 ildir ki, yara var. Sümük çıxmalıdır, onun üçün isə 30 min manat pul lazımdır. İmkanımız yoxdur deyə qız illərdir ki, əziyyət çəkir. Ona görə də vaxtaşırı qanına zəhərlənmə keçir, vəziyyəti pisləşir. Dünən də bu səbəbdən halı pisləşmişdi. Dəfələrlə qanını yuduzdururuq, ondan sonra yaxşılaşır. Ən son yayda 600 manat verib qanınınə təmizlətdik. Xəstəxanada da həmin məsələni dedik ki, qan mütləq yuyulmalıdır. Heç olmasa qanını yuyun, vəziyyəti düzəlsin. Heç nə etmədilər, ümumiyyətlə, yaxına buraxmadılar”.
Səkinə Əliyevanın sözlərinə görə, qızı 3 saylı Klinik Xəstəxanada qeydiyyatdadır. Təyinat oradan verilməlidir ki, istənilən xəstəxana xəstəni qəbul edə bilsin:
“Səhəri birtəhər açdıq. Amma qızımın vəziyyəti düzəlməyib. İndi 3 saylı Xəstəxanaya gedirik, görək necə olacaq”.
Qeyd edək ki, “Cümhuriyət” qəzeti 22 dəfə əməliyyat keçirən üç uşaqlı ananın vəziyyəti barədə yazı dərc edib. Həkim səhlənkarlığının qurbanı olmuş 29 yaşlı Tərtər rayonundan məcburi köçkün Aynurə Xudiyeva 9 ildir ki, yataq xəstəsidir. Aynurə Xudiyeva 9 il əvvəl üçüncü mərtəbədən yıxılıb və beli sınıb. Elə o vaxtdan da əlil arabasına möhtac qalıb.
Yataqda və əlil arabasında çox olduğundan ayağında yataq yarası əmələ gəlib. İki il hissiyatı olmadığı üçün bu yaranın necə əmələ gəldiyindən xəbərsiz olub. Biləndə isə artıq çox gec olub və yara sümüyə çatıb. Artıq sümükdə də çürümə gedir. Türkiyə və İran həkimləri yaranın sağalması üçün bud nahiyyəsinin arxa tərəfində olan sümüyün çıxarılacağını məsləhət biliblər. Yəni yalnız bundan sonra yara sağala bilər. Əməliyat üçün 30 min manat tələb edilir.