Xaçmazda qanunsuz mədrəsələr fəaliyyət göstərir?

17-01-2017, 10:33           

Ölkədə dini cərəyanlar çoxdur, hərənin ağzından da bir avaz gəlir. İndi gəl bunları bir yerə yığ başa sal ki, hamımız müsəlmanıq, Allahımız, peyğəmbərimiz(s.a.v), kitabımız birdir, bölünməyin. Elə bunun ətrafında birləşsək bizə yetər. Lakin əsrlər keçir, hətta xaricdə bəzi müəssisələrdə dini məlum olmayan robotlar da işləyir, yenə də düzəlmirik. Kimi qabağına bir şəkil qoyub namaz qılır, kimi fırlanıb rəqs edə-edə Allaha ibadət edir, kiminsə gözündə ələm havada uçur, kimi də deyir ki, mən Allaha şeyxim vasitəsi ilə qovuşuram, ona da salavat çevirmək lazımdır, nə bilim daha nələr. Hərə də özünü haqlı sayır. Elə ona görə də, Yaxın Şərq od-alov içindədir.

Ölkədə dini etiqad azadlığı haqqında qanun mövcuddur. Kim hara, nəyə istəyir sitayiş etsin. Lakin qanunları pozmasın. Amma bu sahədə də ciddi problemlər var. Götürək elə Xaçmazı. Şəhərdə iki mədrəsə var. Oğlanların təhsil aldığı mədrəsə Dədə Qorqud küçəsində, qızların təhsil aldığı isə Məktəbli küçəsində yerləşir. Əvvəllər deyirdilər ki, bu mədrəsələr qeydiyyatdan keçmiş Qaraqurtlu icmasının nəzdindədir. İndi də məlum olub ki, heç belə də deyil. İcma qeydiyyatda yoxdur. Hətta olsaydı belə iki mədrəsə açmaq üçün müəyyən qanuni prosedurlardan keçmək lazım idi. Ən maraqlısı da budur ki, bu mədrəsələr süleymançılıq təriqətinə mənsubdur. O təriqətə ki, əsası 1888-ci ildə anadan olmuş, Süleyman Helmi Tunahanın adı ilə bağlıdır. İslam alimi olub, 1959-cu ildə vəfat edib. Bununla işimiz yox. Mən bu təriqətin tarixi haqqında yazmaq fikrindən uzağam. Maraqlananlar istəsələr çox şey taparlar. Təkcə onu deyə bilərəm ki, bu təriqət Türkiyə siyasi tarixinin arenasında mühüm rol oynayıb. Ona görə də, Türkiyədə dini-siyasi təsir gücünə malikdir. Bu da türkiyəlilərin öz işidir. Türkiyədəki ictimai-siyasi və etnik- dini durum isə göz qabağındadır...

Deyəsən, çox uzağa getdim. Mən Xaçmazdan danışırdım. Dədə Qorqud küçəsindəki mədrəsəyə cəlb olunan insanlardan və xüsusilə də uşaqlardan. Süleyman babanın şəklini qabaqlarına qoyub namaz qılan bəzi dindarlardan. Ta səhər açılandan gecəyədək yığılıb nə danışırlar, nə öyrənirlər onu da bilirik. O ki qaldı Məktəbli küçəsindəki mədrəsə adlanan evə, buraya da çoxlu qız gəlir. Aralarında məktəblilər də var. Burada daimi qalanlar da olur. Hoca xanımlar onları yemək-içməklə də təmin edirlər. Buradakılar da iddia edirlər ki, ərəb dilini və Qurani-Kərimi öyrənirlər. Yaxşı, bəs bu hoca xanımlar və cənablar harada təhsil alıblar? Niyə məhz süleymançılığı təbliğ edirlər? Bildiyimizə görə, qızlar mədrəsəsində hər şagirddən ayda otuz manat alınır. Təhsil müddəti də 4 ildir. Bundan sonra hələ Bakı şəhərində “Qız Quran Kursları”nı bitirməlidirlər. Sonra da Türkiyədə oxuyub diplom almalıdırlar. Mən bilmirəm bu qanunu kim qoyub, təhsil müddətlərini və mütləq Türkiyədən diplom almağı kim müəyyən edib. Amma, baxma, yəqin ki, arxalarında kimsə var. Yoxsa şəhərdə həyətini otuz santimetr artırmaq istəyəndə icra hakimiyyətindən bələdiyyəyədək o dəqiqə hamı tökülüb gəlir. Şəhərin mərkəzindəki qızlar mədrəsəsinin qanuni olub-olmamasını isə heç kəs dəqiq bilmir. Bu cümləni oxuyan kimi bəzi məmurlar deyəcəklər ki, biz getmişik, görmüşük, maraqlanmışıq. Və yaxud da deyəcəklər ki, siz bilməyən səbəblərə görə mədrəsələr fəaliyyət göstərməlidir. Amma mən onlara gərək qanundan danışam. O qanundan ki, bir dəfə pozulanda yenisini doğur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarət qaydalarını müəyyən edib. Məcburam, bəzilərini olduğu kimi qeyd edim. Burada qeyd olunub ki, dini qurumlar kursların yaradılması barədə komitəyə məlumat verirlər. Məlumatda kursu yaradan dini qurumun adı, hüquqi ünvanı, dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin nömrəsi və verilmə tarixi, kursların dinləyicilərinin siyahısı və onların şəxsiyyətini təsdiq edən sənədlərin nömrəsi və verilmə tarixi , kurslarda tədrisi həyata keçirən müəllimlərin siyahısı, müəllimlərin dini təhsili haqqında sənədin nömrəsi və verilmə tarixi, kursun yaradılmasına dair müvafiq dini mərkəzin(idarənin) razılıq məktubunun nömrəsi və tarixi göstərilməlidir. İslam təmayüllü dini icmalar tərəfindən təşkil olunmuş kurslarda tədris Azərbaycan Respublikasında təhsil alan, ali və ya orta dini təhsili olan vətəndaş tərəfindən aparılır. Qurani-Kərim yalnız Azərbaycan dilində öyrədilir. Qaydalarda o da müəyyən olunub ki, kursların tədris proqramları barədə komitəyə məlumat verilir, burada yalnız müqəddəs kitablar öyrənilir. Gün ərzində təlim müddəti iki saatdan çox, kursların müddəti bir ildən artıq olmamalıdır, vətəndaşların kurslara yazılması onların dünyəvi təhsil almasına mane ola bilməz. Komitənin yayılmasına razılıq vermədiyi dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının əyani vəsait kimi istifadə edilməsinə icazə verilmir və s. Amma bu mədrəsələrdə təhsil alan şagirdlərin bəziləri deyir ki, sadaladıqlarımızın onlara aidiyyatı yoxdur. Həm də həssas oxucu dərhal başa düşəcək ki, Xaçmaz şəhərindəki mədrəsələr nə dərəcədə qanunidir. Bəs burada yığılan pullar hara xərclənir? Onlardan vergi tutulurmu? Bir-iki yerli dövlət məmuruna müraciət etdik. Suallardan əməlli-başlı yayındılar. Ümumi cavab belə oldu ki, yəqin ki, bu mədrəsələrin fəaliyyəti məsləhətdir. Başa düşmürəm, məsləhət qanundur? Görəsən bu məsləhətçi kimdir? Hansı arqumentlərə əsaslanaraq belə “dəyərli” məsləhətlər verir?

Bir məsələ də məni çox düşündürür. Əgər süleymançılar mədrəsə aça bilirlərsə, digər təriqətlər deyə bilər ki, bəs biz niyə açmayaq? Allaha şükür təriqətdən də boluq. Görün onda nə yaranar.

Hələ mən demirəm ki, süleymançılıqda qızlara xüsusi yanaşma var. Vallah, özümdən demirəm, oxuduqlarımı söyləyirəm. Yəni ki, qızlar dünyəvi təhsil almaya da bilərlər. Qız-gəlinlərin aşağı maaşlı yerlərdə işləməsi düzgün deyil. Həə, bu, Ana Yasasında dünyəvi prinsiplərin hakim olduğu bir ölkədə fəaliyyət göstərən mədrəsələrdir. Baxın görün nə qədər qanuna uyğundur? Bu yazını hazırlayarkən bir məlumat da aldım ki, bu kurslar hansısa bir MMC-yə məxsusdur. Bilmirəm doğrudur, ya yalandır. Ola bilsin ki, kimsə iqtisadiyyatımıza “kömək etmək” istəyir... Yəqin araşdıran tapılar, göz qabağında olan dini müəssisələrdir. Hoca xanım və cənabların harada təhsil aldıqları ilə, məvacibləri ilə, təhsil alanların yaş kontingenti ilə də maraqlanan tapılar.

Keçən yazıda qeyd etdim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci il ölkəmizdə İslam Həmrəyliyi İli elan olunub. Cənab prezident müsəlmanları birliyə, sülhə və əmin-amanlığa çağırıb. Çox təqdirəlayiqdir. Təki, yerlərdə bu sərəncam yetərincə yerinə yetirilsin. Daha hərə əlinə bir kitab və şəkil götürüb bu millətə moizə oxumasın.

Qoy bu mədrəsələrdə təhsil alanlar və yaxınları məndən inciməsinlər. Mən hər bir Azərbaycan övladının islam dininə yiyələnməsinin tərəfdarıyam. Şəxsi fikrim də budur ki, məktəblərdə ilahiyyat dərsləri keçirilsin. Pullarınızı belə təriqət təbliğatçılarına verməkdənsə, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna köçürün. Heç olmasa bu gün düşmənlə üz-üzə təmas xəttində duran mərd oğlanlarımıza bir xeyriniz dəysin.

Müqəddəs Mehdiyev

“Şimal xəbərləri” qəzetinin baş redaktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.