Köçkünlərə verilən limitlə bağlı qərar qəbul olunacaq
18-01-2017, 00:12
Son günlər bəzi KİV-lərdə məcburi köçkünlərə kommunal xərclərə görə, dövlətin ayırdığı vəsait və nəzərdə tutulan imtiyazların ləğv edilməsi haqda xəbərlər yayılıb. Məlumata görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qərarı ilə işləyən məcburi köçkünlər dövlətin onlara ayırdığı “çörəkpulu”ndan- 18 manat 15 qəpik məbləğində vəsaitdən məhrum ediliblər.
Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib ki, Əli Həsənov tərəfindən belə bir qərar verilməyib və KİV-də yayılan informasiyalar həqiqəti əks etdirmir.
Dövlət komitəsi təkzib etsə də, bu kimi məlumatlar məcburi köçkünləri narahat etməyə başlayıb.
Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov məsələ ilə bağlı AzVision.az-a açıqlamasında bu barədə hələlik rəsmi qərarın olmadığını deyib. Bildirib ki, yaxın zamanlarda bununla bağlı qərar qəbul olunacaq.
“Hazırda Şuşanın icra başçısı Bayram Səfərovla birlikdə cəbhə bölgəsindəyik. İnsanlarla görüşürük, onları dinləyirik. Burada görüşdüyümüz məcburi köçkünlərin ən çox maraqlandığı mövzu məhz budur. Bu məsələdə dəqiq bir söz deyə bilmərəm. Çünki rəsmi sənəd olmadan fikir yürütmək düzgün deyil. Yaxın vaxtlarda bununla bağlı qərar olacaq. Qərardan sonra məsələyə aydınlıq gətiriləcək”.