Dövlət Sərhəd Xidmətində kompensasiyanı tanışlıqla verirlər?

18-01-2017, 09:35           

Emil Cəfərov öz qanuni haqqını almaq üçün 10-15 instansiyaya şikayət yazmalıdır?

2007-ci ildə Dövlət Sərhəd Xidmətindən səhhəti ilə əlaqədar tərxis olunan, ehtiyatda olan kapitan Emil Cəfərov 10 ildir ki, məzuniyyətə çıxmadığı günlərə görə DSX-dən kompensasiya ala bilmir. E.Cəfərovun sözlərinə görə, bir neçə il ərzində dəfələrlə DSX-yə şifahi və yazılı olaraq müraciət edib: “Hər dəfə də deyirlər ki, növbəti rübdə sənə veriləcək. Lazım olan sənədləri toplayıb təqdim edirəm, bankda hesab açdırıram, amma yenə də 180 gündən çox yığılan məzuniyyət günlərinə görə təzminat ala bilmirəm. E.Cəfərov qeyd edib ki, “Hərbi qulluqçuların statusu haqqında” qanuna və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 281 nömrəli Fərmanına, həmçinin Nazirlər Kabinetinin 26 dekabr 2014-cü il tarixli 399 nömrəli qərarına əsasən, DSX ona məzuniyyətə çıxmadığı günlərə görə müvafiq məbləği ödəməlidir: “Dəqiq rəqəm deyə bilmərəm, bunu ancaq maliyyə şöbəsi hesablayıb müəyyən bilər. Vaxtaşırı müəyyən şəxslərin ya tanışlıqla, ya da müxtəlif yerlərə ardı-arası kəsilməyən müraciətlərdən sonra o pulu aldığını eşidirəm. Bu yaxınlarda 7 nəfər məzuniyyət günlərinə görə ödənişi alıb. Onlardan biri tanışımdır, həmin şəxs neçə ildir PA-dan Ombudsman Aparatına qədər müxtəlif yerlərə şikayət etmişdi. Yəqin ki, mən də hələ çox müraciət yazmalı olacam. Hər il DSX rəhbərliyinə yazılı müraciət edirəm, nəticəsi yoxdur”. DSX-nin mətbuat xidmətinin rəhbəri Namiq Cəlilov yanvarın 16-da LEGİON-a bildirmişdi ki, qurumun pulu var və vaxtaşırı kompensasiyalar ödənilir”. Hətta o, bizdən E.Cəfərovun əlaqə nörməsini alaraq, məsələni araşdıracağını demişdi. Yanvarın 17-də isə N.Cəlilov bizə bildirdi ki, onun işi araşdırmaq deyil.
“Həmin şəxs özü yazılı müraciət etsin”, - deyə N.Cəfərov bildirdi. “Dəfələrlə müraciət etdiyini deyir”, - deyə xatırlatdıq. “Yaxşı, mən maraqlanaram görüm, məsələ nədir”, - deyə N.Cəlilov bizimlə sağollaşdı. Xatırladaq ki, 2015-ci ildə də DSX-də kompensasiya problemi ilə bağlı oxşar bir məlumat yayılmışdı: “1995-2005-ci illərdə Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən və kapitan rütbəsində tərxis olunan Məmmədov Mehman Şahlar oğlu bildirir ki, istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanı ala bilmir. Saatlı şəhəri, 1 may küçəsi, ev nömrə 62 ünvanında qeydiyyatda olan 1967-ci il təvəllüdlü M.Məmmədovun sözlərinə görə, kompensasiya almaq üçün dəfələrlə DSX-yə müraciət edib. Mən Naxçıvan, Göytəpə və Zaqatala sərhəd dəstələrində xidmət etmişəm. Kapitan rütbəsində tərxis olundum. Mənim istifadə etmədiyim məzuniyyət günü 268 gündür. Ödənilən kompensasiyanın bir gün üçün ən aşağı limiti 22 manat 50 qəpikdir. Yəni mənə ən azı 6030 manat kompensasiya verilməlidir. Həmin pulların alınması üçün etdiyim müraciətə 2014-cü ilin fevralın 2-də DSX-nin maliyyə idarəsinin rəisi Ceyhun Rzayev cavab verdi. Onun cavabında yazılır ki, “kompensasiyanın verilməsi üçün Maliyyə Nazirliyindən vəsait ayrılmayıb, pul ayrılandan sonra məsələyə baxılacaq” . Amma o vaxtdan uzun müddət keçməsinə baxmayaraq mənə kompensasiya ödənilməyib. Hətta 21 iyul 2015-ci il tarixdə Beynəlxalq Bankın Saatlı rayon filialında adıma hesab açdırdım və poçtla həmin hesab nömrəsini DSX-ya göndərdim. Buradan mənə son cavab bu oldu ki, “bizi narahat etmə, pul olanda xəbər edəcəyik””, -deyə Mehman Məmmədov bildirir (bizimyol.info)”. Ümid edirik ki, DSX-dən öz qanuni kompensasiyasını tələb edən şəxslər bundan sonra 10-15 instansiyaya şikayət etməli olmayacaqlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.