Qazın qiymətinin yenidən artacağının anonsu verildi
19-01-2017, 09:37
Ekspertlər SOCAR rəsmisinin xəbərdarlığını şərh edir; şirkət vəziyyətdən vətəndaşların hesabına çıxmaq istəyir?
Azərbaycan Dövlət Neft Şikrəti (SOCAR) yenə qazın qiymətinin artırılacağının anonsunu verib. Şirkətin vitse-prezidenti Süleyman Qasımov deyib ki, manatın dollara nisbətdə dəyərsizləşməsi davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək.
SOCAR rəsmisi qazın qiymətinin artıracağına eyham vuraraq bildirilib: “Manat dollara nisbətdə ucuzlaşdığı üçün SOCAR-ın zərəri yaranır. Biz təbii qaza olan tələbatı 3 mənbə hesabına təmin edirdik. Bildiyiniz kimi, daxili tələbat SOCAR-ın hasilatı ilə yanaşı, Hasilatın Pay Bölgüsü sazişlərinin tərəfdaşlarından təbii qazın alınması və idxal hesabına təmin edilir. Manatın dollara nisbətən məzənnəsi azalmaqda davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək”.
Ekspert İlham Şaban məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirdi ki, SOCAR rəsmisinin dediklərində müəyyən əsaslar var: “O əsaslar onunla əlaqədardır ki, hazırda ölkə bazarına daxil olan qazın 4 milyard kubmetrə yaxını xarici valyuta ilə alınır. Bu, əvvəllər devalvasiyadan öncə faktiki olaraq 50 manat civarında idi, bunu SOCAR 100 manata satırdı, bu, gəlirli idi. Ancaq indi bu rəqəm yüz manatı aşır, 115 manat səviyyəsində alınır. Ona görə də bu cür fikirlər ölkədəki iqtisadi vəziyyətlə əlaqədardır”.
Ekspertin sözlərinə görə, ikinci bir məsələ odur ki, 2016-cı ildə 2015-ci illə müqayisədə bir obyektiv səbəb də var: “Əmtəəlik qaz hasilatı bir milyard kubmetr daha az hasil edilir. Burada ”Azneft" İstehsalat Birliyində hasilatın azalması var. 2016-cı ildə əmtəəlik qaz “Azəri-Çıraq-Günəşli”dən Dövlət Neft Şirkətinə verilən səmt qazı idi. O qaz neft quyularına vuruldu ki, hasilat stabilləşsin. Bu, belə oldu. Neftin qiyməti qazdan baha olduğundan, nefti bazara çıxarıb satmaq qazdan daha sərfəlidir. Bu, iqtisadi baxımdan yaxşı düşünülmüş addım idi. Ona görə “Azəri-Çıraq-Günəşli”dən 700 milyon kub metr az qaz alındı. Bir tərəfdən də “Azneft”in özünün hasilatı azaldı. Çünki “Günəşli” yatağında qəza olmuşdu. O, çox yaxşı bir platforma idi, oradan təqribən 350 milyon kubmetrə yaxın illik qaz hasil olunurdu. O, daxili bazara gəlmədi. Bunun nəticəsində ölkənin daxili bazarında defisit yarandı. Ona görə də “Şahdəniz”dən daha çox qaz alınmağa başladı. Bu da hamısı vəsaitdir. Həm də Dövlət Neft Şirkəti günahkar deyil ki, Azərbaycan manatı bu qədər dəyərini itirir".
Ekspert Natiq Cəfərli isə düşünür ki, hər hansı təbii inhisarçı şirkət ziyanla işləyirsə, demək, özündə problem var: “Deməli, o şirkətin idarəetməsinin optimallaşdırılması həyata keçirilməlidir, izafi xərclər azaldılmalıdır. Optimal idarəetmə həyata keçirilmədən, ziyanla işləməyin səbəbləri araşdırılmadan hər şeyi vətəndaşların çiyninə qoymaq təbii inhisarçı mövqeyində olan SOCAR üçün normal deyil. Həm qanunla doğru deyil, həm də SOCAR-ın dövlət şirkəti olaraq mənəvi bir məsuliyyəti də var. Gətirilən arqumentlər də ciddi deyil. Çünki SOCAR xaricdən aldığı qazı valyuta ilə aldığını deyir və məzənnənin dəyişməsindən, manatın dəyərdən düşməsindən sonra maya dəyərinin artdığını söyləyir. Amma nədənsə öz hasil etdiyi qazı misal kimi gətirmir. Təqribən ildə 8 milyard kubmetrə qədər qazı SOCAR özü istehsal edir. Xaricdən almır. Bu, yerli resurslar hesabına, yerli hasilata aid bir rəqəmdir. Bir də bp-nin operator olduğu Beynəlxalq Əməliyyat Şirkəti ”Azəri-Günəşli" və “Çıraq” yataqlarından neftlə birgə çıxan səmt qazını uzun illərdir ki, Azərbaycan hökumətinə və o cümlədən SOCAR-a pulsuz verir. SOCAR o qazın ancaq daşınmasına və saxlanılmasına çox cüzi bir vəsait xərcləyir.
Bu yaxınlarda açıqlanan rəqəmə görə, artıq platforma işlədikdən sonra, son 12-13 ildə təqribən 128 milyard kubmetrə yaxın səmt qazını bp Azərbaycana pulsuz verib. SOCAR rəhbərliyi niyə bunu önə çəkmir? Nəyə görə heç olmasa, Azərbaycan əhalisi üçün həmin səmt qazını daha ucuz qiymətə satmaq haqqında düşünmür, amma xaricdən aldığı qazın maya dəyərinin artdığını bəhanə edərək qiymətləri qaldırmaq haqqında düşünür və gələcəkdə bununla bağlı müvafiq dövlət orqanlarına müraciət etməyi istəyir? Bu, doğru yanaşma deyil. SOCAR əgər öz izafi xərclərini azaltmaq yolu ilə, optimal idarəetməni düzəltmək yolu ilə, maya dəyərini azaldaraq, ümumiyyətlə, ziyanla işləməkdən çıxmaq istəyirsə, bu, çox yaxşıdır. Amma bu, vətəndaşın cibinin hesabına olmamalıdır. SOCAR bir şirkət olaraq öz daxilində struktur islahatları həyata keçirərək, maya dəyəri aşağı salaraq, işin keyfiyyətini artıraraq bu işini görə bilər. Bunu etmirsə, deməli, problem elə SOCAR-ın özündədir".
Yada salaq ki, təbii qazın qiyməti son dəfə ötən il noyabrın 28-də qaldırılıb. Tarif Şurasının qərarına görə, yanvarın 1-dən illik 1500 kubmetrdən çox qaz işlədənlər hər artıq kubmetrə görə 20 qəpik ödəyəcəkdi. Göstərilən həddi keçməyənlər hər kubmetrə görə yenə 10 qəpik qazpulu verəcəkdi. Daha sonra Tarif Şurasının qərarı bir qədər dəyişdi. Əhali həmin tarixdən 1500 deyil, 1700 kubmetr qaz tükədərsə, əvvəlki qədər - 10 qəpik qazpulu ödəyəcək.
Qərar veriləndən bəri mövcud qiymətlərin SOCAR-a sərfəlilik dərəcəsi dartışılmağa başlandı. Nəticədə bəlli oldu ki, qazın maya dəyəri SOCAR-ın satış qiymətindən xeyli ucuz başa gəlir. Başqa sözlə, qaz öz maya dəyərindən qat-qat baha satılır. İndi SOCAR rəsmisinin açıqlaması səngimiş müzakirələri yenidən körükləyir. Digər tərəfdənsə, “SOCAR manatın hər dəyərdən düşməsi ilə qazın qiymətini artıracaq” sualı ön plana keçir.
İqtisadçı ekspert Qubad İbadoğlu SOCAR rəsmisinin açıqlamasını “maraqlı və iqtisadi cəhətdən məntiqli” sayıb. Ekspertin sözlərinə görə, bazarın tələblərini əsas götürən və korporativ maraqları güdən şirkət kimi SOCAR-ı anlamaq olar: “Amma nəzərə almaq lazımdır ki, SOCAR belə qərarlar verəndə həm də dövlət maraqlarını, əhalinin alıcılıq qabiliyyətini və sosial durumunu da gözdən qaçırmamalıdır” (azadliq.org).
Ekspertin fikrincə, SOCAR qiymət artımı qərarı verəcəksə, yalnız korporativ maraqları əsas götürməməlidir. Onun sözlərinə görə, əhali elə ildə 3 milyard kubmetr civarında qaz işlədir - olsa-olsa, pulsuz qaz həcmindən bir az artıq. Bildirilir ki, SOCAR başqa məqsədlərlə, məsələn, Gürcüstanın artan tələbatını ödəmək üçün xaricdən aldığı qazın dəyərini vətəndaşların cibindən çıxarmağa çalışır.