Bağlanacaq növbəti ali məktəb Kooperasiya Universiteti ola bilər - Daha bir "bazar" bağlana bilər

20-01-2017, 00:54           
Bağlanacaq növbəti ali məktəb Kooperasiya Universiteti ola bilər - Daha bir "bazar" bağlana bilər
Son günlər ard-arda universitetlərin qapanma xəbərləri yayılır. "Təfəkkür"ün ardınca "Qafqaz" Universiteti də qapadıldı. Məlumatlara görə, bu qapadılma prosesi hələ davam edəcək və növbəti bağlanan universitet isə "Kooperasiya" ola bilər.

Deyəsən, Təhsil Nazirliyi "çürük" universitetləri təmizləmək qərarına gəlib. "Təfəkkür" Universiteti təhsilin səviyyəsi baxımından çox aşağı sıralarda idi. Dəfələrlə bu təhsil ocağında baş verən hadisələrdən və aşağı nəticələrdən yerli mətbuatda yazılmışdı və sonda nəticəsi oldu. 2016-ci ildə ali məktəblərə qəbul imtahanlarından sonra plan yerlərinə yetərincə abituriyent toplaya bilməyən universitetin bağlanacağı qaçılmaz idi.

İndi isə növbəti bağlanacaq universitetin "Kooperasiya" olduğu deyilir. Bu təhsil ocağının rüşvət ocağına çevrilməsi heç kimə sirr deyil. Hətta burada təhsil almayan tələbələr belə, bir imtahandan keçmək üçün qiymətin 100-300 manat arasında olduğunu bilirlər.

Azərbaycan Kooperasiya Universitetində tələbələrin öz savadları ilə imtahanlardan müsbət qiymətlər alması mümkün deyil. "Ödə, davam et" prinsipi ilə idarə olun bir universitetdən hansı təhsil səviyyəsini gözləmək olar?

Ali məktəblərdə qış semestr imtahanları başlayıb. Adı daim rüşvətdə hallanan və universitetdən daha çox "bazar"a bənzəyən təhsil ocağının qapanması əslində, təəccüblü olmaz.

Musavat.com saytının əməkdaşı adıçəkilən universitetə baş çəkib. İlk olaraq onu deyək ki, Azərbaycan Kooperasiya Universiteti 1964-cü ilin yanvarından fəaliyyət göstərir. Burada 3 minə yaxın tələbə təhsil alır.

Universitetdə imtahan saatları bitdiyi üçün həm tələbə, həm də rəhbər şəxslərdən kimi isə tapmaq çətin oldu. Amma universitetin hazırkı vəziyyətini anlada biləcək bir tələbə tapa bildik. Təhsilinə görə narahat olduğu üçün adının çəkilməsini istəmədi. Bu şərtlə anlaşdıq və söhbətə başladıq.

Şərti olaraq Orxan adını verdiyimiz tələbə dedi ki, hazırda imtahanlar olduğu üçün universitetdə "bazar" açılıb və əsl "alver" gedir: "Əslində bu proses bizdə ilboyu davam edir. Amma imtahan vaxtı "alver" güclənir. Bizdə universitet “açıq bazar”ı xatırladır. Açıq-aşkar, hər şey hamının gözləri qarşısında baş verir. Rəhbərlik tələbələrə müştəri gözü ilə baxır. Hər birimiz onlar üçün pul qaynağı, qazanc mənbəyiyik. Pul verməyən imtahandan keçə bilmir. Yalnız çox savadlı olanlar imtahandan pul vermədən keçə bilirlər, o da çətinliklə və aşağı qiymətlərlə... Pul almaq üçün hər yola əl atırlar. Düşünün ki, saqqal saxlayan tələbəyə deyirlər ki, saqqalını kəs... Əgər o pul ödəyirsə, bir kəlimə də demirlər. Pul almaq üçün təzyiq edirlər. Gic-gic qaydalar qoyurlar. Pul verən üçün o qaydalar keçərli deyil. Pul… pul… pul... Bunları təhsil yox, pul düşündürür. Hətta qapıda dönərxana da var. Oradan da pul qazanırlar. Dediyim kimi, hər şey bunlar üçün puldur".

"Əgər universitet bağlansa, necə olacaq" sualına isə tələbə belə cavab verdi: "Yeni universitetdə təhsilimizə davam edəcəyik. Buna alışmaq olar. Biz rüşvət verib, qiymət almağa alışmış gənclərik, yeni universitetə alışmağa nə var ki..? Əsas odur ki, buradakı kimi "bazar" olmasın".

Bunlar hələ bir tələbənin dedikləridir. Belə bir universitetin hələ də fəaliyyətdə olmasının səbəbləri maraqlıdır. Ekspertlərin fikrincə, Azərbaycan Kooperasiya Universiteti bağlanacaq növbəti "çürük" universitet ola bilər. Çünki universitetin akkreditasiya müddəti başa çatıb. Yeni akkreditasiyanın verilib-verilməyəcəyi isə hələlik sual altındadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.