Ticarətçilər və İstehsalçılar Birliyinin sədri:“Banan devalvasiyadan sonra ucuşlaşıb, bu necə ola bilər?”
20-01-2017, 00:20
“Hazırda yerli istehsal haqda danışmaq çox çətindir, çünki məhsulların böyük əksəriyyətinin komponentləri idxal edilir”.
Bu barədə Ticarətçilər və İstehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanov Turan agentliyinin “Çətin sual” proqramına müsahibəsində deyib. O, qənd və çay üçün xammalları nümunə göstərib. Belə ki, bunlar ölkəyə gətirilir, sonra istehsal edilir: “Ancaq bunların hamısını yerli istehsal adlandırırlar”, – o qeyd edib.
S.Rəhmanov hesab edir ki, ticarət sahəsinin düzgün tənzimlənməsi üçün müvafiq qanun qəbul etmək lazımdır, indiki kimi Nazirlər Kabinetinin qərarları ilə olmamalıdır. Məhz buna görə ticarətdə qarışıqlıqdır və bu sektorda baş verən proseslər məntiqli deyil:“Daxili bazarda qiymət formalaşması sövdələşmə əsasında gedir. Belə ki, dolların məzənnəsi ötən ildən 100% artıb. Belə ki, devalvasiyadan öncə 2,30-2,70 manata olan banan devalvasiyadan sonra 1.70 qəpiyə qədər ucuşlaşıb. Bu, necə ola bilər? Məntiqlə bu məhsul 4 manata qədər bahalaşmalıydı”, – o bildirib.
Bu, təkcə inhisarçıların sövdələşməsinə nümunə deyil, həm də bananın ilkin qiymətinin nə qədər şişirdildiyini göstərir.
Siqaretlə də eyni vəziyyət yaranıb: “Siqaretləri ölkəyə 4-5 şirkət gətirir. Ancaq siqaretlərin qiyməti hər yerdə eynidir. Rəqabət şəraitində belə ola bilməz”, – o vurğulayıb. Əksər hallarda qiymətlər tələbat və təklif əsasında formalaşmır. Onu bizneslə məşğul olan məmurlar müəyyən edirlər, odur ki, bazarda rəqabət haqda danışmaq mümkün deyil.
Ticarət dövriyyəsi haqda statistik məlumatlara və kölgə iqtisadiyyatının olmasına toxunan S.Rəhmanov qeyd edib ki, rəsmi statistika real ticarət dövriyyəsinin ancaq 40%-50%-ni göstərir. Ticarətin həcmi hesab-qaimə ilə müəyyən edilir, ancaq hazırda çoxları bundan istifadə etmir: “Belə olan şəraitdə vergi orqanları dövriyyəni kassa aparatlarının göstəriciləri əsasında müəyyən edirlər. Lakin sirr deyil ki, mağazalarda məhsulların hamısı kassa aparatdan keçmir”, – o bildirib.
Ekspert hesab edir ki, qiymətlər də düzgün formalaşdırılmır. Əsl ticarətçi, məsələn, bayram günlərində qiymətləri aşağı salır ki, dövriyyədən mənfəət əldə etsin. Bizdə isə əksinədir, bayramqabağı günlərdə qiymətlər kəskin şəkilldə qalxır: “Prokurorluq öz illik hesabatında bildirib ki, 2016-cı ildə qiymətlərin süni şəkildə qaldırılması üzrə 14 cinayət işi açılıb. Ancaq bazar iqtisadiyyatı şəraitində ticarətçiyə öz malının hansı qiymətə satmalı olduğunu diqtə etmək olmaz”.