“Ortaq məxrəcə gəlmək” deyilən bir anlayış var... Proqnoz vermək ayrı şeydir, münəccimlik etmək başqa şey.
22-01-2017, 18:41
“ Bəli, fakt – daşlaşmış həqiqətdi. Onu dekorativ düşüncə tərzilə kölgə altına salmaq, danmaq mümkün deyil.”
teref.az - Bu günlərdə “Çağdaş təhsilimizin görünməyən siması...” sərlövhəli bir yazı diqqətimi cəlb etdi. Tanınmış jurnalist İbrahim Rüstəmli narahatedici olduğu qədər də, düşündürücü və nəticə çıxarılası bir məsələyə diqqət çəkib: ”Zaman-zaman təhsilimizin üstünü qara bulud kimi alan neqativ hallar daha çox kütləviliyilə yaddaşımızda “at oynadır, meydan sulayır” və cəmiyyətin bir qism sadə nümayəndələrini hələ də öz təsiri altında saxlayır. Görünür, bu islahatları həyatımıza adi norma kimi etap etməkdən, fərdlərin korlanmış təsəvvürlərini “yumaqdan” ötrü hələ bir qədər də zamana ehtiyac olacaq. O üzdən prosesi sürətləndirmək üçün xüsusilə kütləvi informasiya vasitələrini Təhsil Nazirliyilə orta məxrəcdə birləşdirən ümummilli maraqlar tərəfimizdən daha çox qabardılmalı, mövqelər müəyyənləşdirilməli, hədəflər dəqiq koordinasiya olunmalıdır. Çünki bu maraqlar hər şeydən öncə informasiya daşıyıcılarının üzərinə düşən məsuliyyət hissini özündə ehtiva edir. Bəli, təhsili müasir tələblər səviyyəsində formalaşdırmaq Təhsil Nazirliyinin əsas vəzifəsidirsə, görülən işləri cəmiyyətə olduğu kimi təqdim etmək də KİV nümayəndələrinin bölüşdüyü danılmaz məsuliyyətdi.”
Yazının bir faydalı məziyyəti də odur ki, müəllif tərəfindən çıxarılan məntiqi nəticə, həm də oxucunu düşündürücü suala cavab axtarmağa sövq edir: “Ancaq bəzən biz bu məsuliyyəti ya axıradək dərk etmirik, ya da şəxsi maraqlar naminə idarə olunan “tənqidə” qurban veriririk. İstər-istəməz sual yaranır: Cəmiyyətin inkişafı müəllim adının nüfuzu ilə birbaşa bağlıdırsa, bir sıra kütləvi informasiya vasitələri nümayəndələrinin təhsil müəssisəsilərinə qarşı kəskin aqressivliyi, görəsən, hansı tutarlı faktlardan qaynaqlanır?”
Yazıdakı bəzi məqamları xatırlatmaqda məqsədim nədir? Bəli, təhsildə dövlət siyasətini ali idarəedici icra hakimiyyəti orqanı olaraq Təhsil nazirliyi həjata keçirir və bu siyasətin gerçəkləşməsinə məsuliyyət daşıyır. Digər tərəfdən təhsil ümumdövlət işi olmaqla yanaşı, həm də ümumxalq işi və ümummilli məsələdir. Əgər təhsilimizin gələcək inkişafına və tərəqqisinə yardımçı olmaq, bu məsuliyyətli missiyaya hansısa töhfə vermək istəyiriksə, hətta dövlət səviyyəsində dəstəklənən fikir plyurializminin imkanlarından istifadə edərək, nə dərəcədə tənqidi olsa belə irəli sürülən istənilən yeniliyə, onun daha da təkmilləşdirilməsinə yönəldilən rəy və təkliflərlərimizi verək. Qaldırlan məsələyə siyasi don geyindirmək, məsələnin predmetinə ambisioz motivasiya vermək isə nə dəstəkdir, nə tənqiddir, nə də ki,... tamam başqa şeydir.
Elə götürək son günlər bir çox manşetləri zəbt edən “Göyçayda “Suriya məktəbi” başlıqlı yazıları. Göyçayın Füzuli adına 6 nömrəli məktəbində bərbad olsa belə, vəziyyəti nəzərə çatdırmaq üçün başqa başlıqlı ad fikirləşmək o qədərmi çətin idi? Çoxlarına sirr deyil ki, əksəriyyət oxucu informasiya çoxluğundan hər yazını axıracan oxumadan və mahiyyətinə varmadan, yalnız onun başlığı əsasında nəticə çıxarır və mühakimə yürüdür. Elə isə yazılara belə başlıq qoymaqda məqsəd nə ola bilər, oxucu auditoriyası qazanmaq, yoxsa doğulduğun, nəfəs aldığın torpağın Suriyaya çevriləcəyi baradə cəmiyyətdə absurd rəy yaratmaq? Əgər belə yazılarda bilərəkdənmi, bilməyərəkdənmi təxribatçılıq elementləri yoxdursa, onda bunun başqa adı nə ola bilər?
“Təfəkkür” və “Qafqaz” Universitetlərinin fəaliyyətinə xitam verilməsi ilə bağlı dərc olunan şaiyə xarakterli bəzi məlumatları da, cəmiyyət üzvləri arasında şaşqınlıq və təhsilimizə inamsızlıq yaratmağa yönələn “aksiya” kimi qiymətləndirmək olar: "Bir neçə universitet bağlana bilər" proqnozu ayrı formatdır, “Azərbaycanda BU UNİVERSİTETLƏR də bağlanacaq – ADLAR” hökmü isə artıq proqnoz yox, münəccimlikdir. "Ali məktəblərə qəbul plan yeri azı iki bağlanan universitetə görə 15 faiz azalacaq və kütləvi şəkildə xarici ölkələrdə təhsil almağa gedənlərin sayı artacaq", “Bu qərardan sonra Azərbaycanda hamı xaricə oxumağa gedəcək “ kimi bəyanatların isə hardan qaynaqlandığını və hansı məqsədlərə xidmət etdiyini anlamaq o qədər də çətin deyil. Halbuki, hər hansı bir Unversitetin bağlanması, istərsə də yenisinin açılması təbii və qanunauyğun bir prosesdir və bu bir sıra obyektiv və subyektiv amillərlə şərtlənir. Bu amillər içərisində lisenziya müddətinin başa çatması, rəqabətə davamlılıq, maliyyə, kadr potensialı, maddi - texniki baza və digər infrastrukturlar, saxtakarlıq və korrupsiya faktlarının aşkar edilməsi, rasionallaşdırma və optimallaşdırma tədbirləri, təsisçinin mövqei ilə bağlı qərarı və digər amillər hansısa universitetin bağlanması üçün əsas ola bilər. Bu mənada deyək ki, “Təfəkkür” universiteti ilə “Qafqaz” universitetinin bağlanmasına eyni prizmadan baxmaq və qiymətləndirmək düzgün mövqe sayıla bilməz . Bunu fəlakətə cevirmək, faciə səviyyəsinə qaldırmaq və ya şəxsi mövqedən alqışlamaq da başa düşülən deyil.
Və ya götürək elə son günlərədək səngimək bilməyən testlə bağlı Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin müsahibəsi ətrafında süni surətdə yaradılan qalmaqalı. “Test üsulu ləğv olunmalıdır - Təhsil eksperti” , “Tanınmış pedaqoq test üsulunun ləğvini istəyir”, "Deputatlar test üsulunun ləğvinə qarşı olacaq", “Baş redaktorlardan test üsulunun ləğvini istəyənlərə ETİRAZ” Və s. və i.a.
Axı, gəlin görək hörmətli professorumuz nə deyib? Deyib ki, “bu sahə ilə məşğul olan insanların gəldiyi son nəticə ondan ibarətdir ki, test üsulu birtərəfli hazırlığa təsir göstərir. Qəbul prosesi həyata keçirilərkən insanın şüuru, nitqi və müxtəlif qabiliyyətləri qiymətləndirilməlidir. Test üsulu isə buna mane olur. Yəni şəxsə yalnız bir istiqamətdə qiymət verilir. Təhsil Nazirliyi artıq o qənaətə gəlib ki, qəbul prosesi yeni məzmun, yeni forma ilə aparılsın. Yeni məzmun və forma ilə qəbul prosesində şagirdlərdən əvvəlcə yazılı, sonra şifahi imtahan götürüləcək. Ən sonda isə test imtahanı keçiriləcək.” Bir müddət öncə TQDK (DİM) sədri M. Abbaszadə də belə bir fikir səsləndirmişdi ki,ali məktəblərə qəbulda test üsulu ləğv oluna bilər. Əvəzində isə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticələrinə əsasən aparıla bilər.
Bunlar hələ ki, təklif və müzakirə predmetidir və bu məsələ ətrafında hər hansı bir şou yaratmaq heç şübhəsiz ki, təhsilimizə baş ucalığı gətirən cəhət deyil.Təhsillə az-çox maraqlananlar bilməmiş deyil ki, xarici ölkələrin bir çoxunda universitetlərə qəbul qaydası bizdəki kimi xüsusi imtahanla deyil, təfəkkür yoxlamasına əsaslanır ki, bu da əsasən, üzbəüz sorğu şəklində aparılır. Digər bir məsələ də təcrübəli ekspertlərimiz Vurğun Əyyub və Nabatəli Qulamoğlunun obyektiv yanaşması olaraq ondan ibarətdir ki, test suallarının hazırlanma texnologiyası və metodologiyasında müəyyən qüsurlar var ki, bunları modernləşdirmək üçün ciddi elmi araşdırmalara ehtiyac duyulur və bu hal test haqqında qəti hökm çıxarmağa əsas vermir. Bir də ki, hər fənnin və ixtisasın öz spesifik xüsususiyyəti var. Test heç də bütün fənlər üzrə biliklərin və bacarıqların üzə çıxarılmasında və qiymətləndirilməsində eyni effekti verə bilməz. Digər bir problem isə ondan ibarətdir ki, bir çox ali məktəblərimiz sessiya imtahanlarında ənənəvi yazılı və şifahi imtahan formasına üstünlük verirlər, müxtəlif ixtisaslara fərqli imtahan tətbiq edirlər ki, bu da orta məktəblərdən testə alışan məzunlar üçün ali məktəblərdə müəyyən problemlər yaradır. Düzdür, artıq yeni qaydalara əsasən 9-cu siniflər üçün esse yazmaq nəzərdə tutulub, lakin, İlkin olaraq könüllülük prinsipi əsasında həyata keçirilməli olan bu proses yəqin ki, növbəti illərdə məcburilik statusu alar. Hər halda ortaq bir məxrəcə gəlmək, daha optimal variant üzərində iş aparmaq vəziyyətdən çıxış yolu hesab edilə bilər ki, bildiyimiz kimi bu istiqamətdə işlər də aparılır. Bu məqamda Respublikanın əməkdar müəllimi Nazim Nəsrədinovun ibarəsi tam yerinə düşür: “Qəsdimiz, məqsədimiz və testimiz”
Sözümün canı odur ki, və bu bir sınanmış həqiqətdir ki, təhsil radikallığı qəbul etmədiyi kimi, təhsillə bağlı radikal fikirlərə yol vermək də qəbul edilən hal kimi qiymətləndirilə bilməz. Açıq etiraf edim ki, bilənlər də bilməmiş deyil ki, bəlkə də təhsilin problemlərinə tənqidi yanaşan iki-üç nəfərdən biri də mənəm. Bununla belə, heç vaxt təhsilimizə ”yarlıq“yapışdırmaq fikrini ağlıma belə gətirməmişəm. Çünki, təhsil bütün müsbəti və mənfisi ilə bizim təhsilimizdir, bizim simamızdır, bizim əyər-əksiyimizdir. Təhsilə “yarlıq” yapışdırmaq isə millətə, xalqımızın gələcəyinə “yarlıq” yapışdırmaq deməkdir.
Nadir Israfilov
teref.az