“Şagird sağlamlığına ,təhsilinə mənfi təsir edən Azərbaycan təhsilini istəmirik!”

23-01-2017, 09:09           
“Şagird sağlamlığına ,təhsilinə mənfi təsir edən Azərbaycan  təhsilini istəmirik!”
“Hörmətli təhsil naziri Mikayıl Cabbarov!

Bu çağırışı sizə edən Azərbaycan təhsilindən məmnun qalmayan bir həkimdir. Övladlarım orta məktəbdə təhsil alır. Mən bir tibb elmləri namizədi kimi bütün fənlərin dərsliklərini oxuyub övladıma başa salmağa çalışıram. O qədər məntiqsiz, ardıcıllığı olmadan yazılıb ki. Mən 1993-cü ildə tibb universitetinə daxil olarkən belə anlaşılmaz cümlələr nə oxumadım, nə də öyrənmədim. Repititor yanına da getmədim.Oxuduğum Binəqədi rayonu 99 nömrəli məktəbin təhsili ilə ali məktəbə daxil oldum. Bir ziyalı kimi sizdən soruşmaq istərdim: Siz yazılan bu ədəbiyyatları heç oxuyursuzmu? Oxuduğunuzu anlaya bilirsizmi?

Hal-hazırda orta məktəblərdə müəllimlər belə əziyyət çəkir uşaqlara dərs keçməyə. Gündə bir qanun çıxarırsınız. Kurrikulum sistemini tətbiq etməklə məktəbliləri tam savadsız bir hala gətirdiniz. Mənə bir şey maraqlıdır.Siz hansı təhsili almısınız? Mən sovet dönəmində keçdiyim dərsliklərdəki mövzuları xatırlayıram, hətta keçdiklərimi əzbər də söyləyə bilərəm.Sizin verdiyiniz təhsilin sayəsində şagird keçən il keçdiyini bu il soruşanda bilmir. Sizi bu Vətən övladlarının taleyi düşündürürmü? Heçmi vicdanınız sızlamır? 9-cu sinif kitablarını açın. Tam qarışıq mövzular, bir-birilə əlaqəsi , keçidi olmayan mövzular. Kitabları, mövzuları, şəhadətnamə imtahanların dəyişdiniz. Nəyə görə şagirdlər bu sistemin dəyişməsi ilə əlaqədar stres yaşayırlar? Sağlamlıqları gedir. Şagird sağlamlığına ,təhsilinə mənfi təsir edən Azərbaycan təhsilini istəmirik!

Bunu maksimum paylaşın ki, lazımi yerlərə çatsın.”

Oxucular birdən elə bilər ki, bu yazının sərlövhəsi və müraciət mənə aiddir. Əsla belə deyil. Bir neçə gündür ki, şimal regionunda müəyyən insanların vatsaplarına bu müraciət gəlir. Onun müəllifi bilinmir. Harada yaşadığı və işlədiyi məlum deyil. Buna baxmayaraq, adamlar bu müraciəti sürətlə paylaşırlar. Ola bilsin ki, bu elmlər namizədi indiki təhsil sistemindən narazıdır və ya hörmətli nazirmiz Mikayıl Cabbarova qarşı təxribat törədir... Düzünü özü bilir. Amma yazdıqlarında müəyyən həqiqətlər də var. Biz də ötən yazılarımızın birində yazmışdıq ki, təhsil nazirliyi bu sistemi döndərib ekprement labaratoriyasına. Adını da qoyublar təhsil islahatları. Kim islahat istəməz ki? Bu təhsil sistemi qoruq deyil ki, dörd tərəfini hasarlayıb heç kəsi buraxmayasan. Müstəqil dövlətik, 21-ci əsrdir. Təhsilimiz də müasirləşməlidir, sivil dünya ilə ayaqlaşmalıyıq. Amma bu islahatların da bir həddi-hüdudu var da. İslahat o demək deyil ki, qosqocaman müəllimlər imtahan versinlər. Və yaxud bu günlərdə məktəblərdə sinif rəhbəri vəzifəsi ləğv olunub və vəzifəni daşıyanların maaşları kəsilib. Görəsən qışın oğlan çağında, dərslərin bitməsinə beş ay qalmış bu “islahata” nə ehtiyac vardı? Bu ona oxşayır ki, qışda qışa hazırlaşırsan. Olmazdımı ki, elə dərs ili başlamazdan öncə bu məsələ həllini tapardı. İndi regional təhsil müəssisələri yaradılır. Dəqiq deyə bilmərəm, eşitdiyim budur ki, hələlik regionlar üzrə maliyyə müdürləri təyin olunub. Görün maliyyə məsələsi nə qədər vacibdir ki, bunu önə çəkiblər... Qalan məsələləri sonra da etmək olar. Ay var,il var... Sözümün canı budur ki, təhsil sistemimiz adını gizlədən elmlər namizədinin dediyi kimi əsl stres mənbəyidir. Planlı və düşünülmüş islahat paketi yoxdur ki(bəlkə də var, mən bilmirəm), islahatlar məntiqlə aparılsın.

Məmləkətimizdə yeni məktəblər tikilir. Bunu dananın heç insafı yoxdur. H. Əliyev adına fond xeyli sayda müasir tipli və lazımi avadanlıqlarla tam təhciz olunmuş təhsil ocaqlarını inşa edərək verib nazirliyə. Bəs nazirlik nə edir? Heç hazıra nazir də ola bilmir. Bundan başqa ad tapmıram. Çünki yaşadığım Xaçmaz rayonunda da H. Əliyev adına fond belə məktəblər tikdirib. Nə olsun ki? Elə həmin məktəblərdə təhsil alanlar repititor yanına gedirlər. Nə müəllimləri qınamıram, nə də şagirdləri. Bəlkə hörmətli nazirimiz Mikayıl Cabbarov istəyir ki, məktəbləri müəllimlərlə də H. Əliyev adına fond təmin etsin? Mən hələ müasir tipli məktəblərdən danışıram. Şagirdlərin çantalarında odun daşıdığı məktəblərdən yox. Onların işi lap fənadır. Şagirdlər bilmirlər ki, canlarını qızdırsınlar, yoxsa beyinlərini.

Bəli, vatsaplarda yayılan müraciət təhsil nazirinə qarşı etirazın bir formasıdır. Özü də dinc və sakit forması. Onu yazan da istəyir ki, səsi gedib çatsın cənab Mikayıl Cabbarova. Mən də bu müraciəti oxuyub elmlər namizədinə yazığım gəldi. Qərar verdim ki, kişinin müraciətini olduğu kimi verim, ora burasına bildiklərimdən yamaq vurub oxuculara çatdırım.

Bu elmlər namizədinə də ciddi bir iradım var. Oxuduğu məktəbin və universitetin adını yazır, alimdir, işi gücü bəllidir. Daha adını, iş yerini niyə gizlədirsən? Elə məmləkətimizin belə cəsarətsiz ziyalılarının ucbatından təhsilimiz də, səhiyyəmiz də və digər sahələrimiz də axsayır. Ona görə də əhali təhsil sahəsindəki problemlər barədə vatsaplardan, sosial şəbəkələrdən oxumağa məhkumdur. Düz olsa da, əyri olsa da inanmağa məcburdur.

Zəruri qeyd: Ötən dəfə təhsil nazirliyini tənqid edəndən sonra qulağıma çatdı ki, məni məhkəməyə vermək istəyirlər. Vallah mən məhkəməlik deyiləm. Məhkəməlik təhsil sistemimizi bərbad günə qoyanlar, şagirdlərə odun daşıtdıranlar, sinif otaqlarında dərs demək əvəzinə inək saxlayanlar, elmlər namizədinin dediyi kimi şagirdlərə stres yaşadanlar, əməlli-başlı dərslik yaza bilməyənlərdir. Yaxşı fikirləşin, cənablar!

Müqəddəs Mehdiyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.