“Araz Market”də təhlükəsizlik kameraları nə işə yarayır?

27-01-2017, 11:31           
“Araz Market”də təhlükəsizlik kameraları nə işə yarayır?
Rüfət Əhmədzadə: “Dünən və bu gün iki dəfə gedib xahiş etdim ki, kamera görüntülərini göstərsinlər, amma dedilər sistem işləmir”

“Fərid adlı əməkdaş mənə lağ etdi ki, indi deyirsən, sənin pulunu başqası götürüb?”

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan jurnalist Rüfət Əhmədzadə “Araz Market” şəbəkəsinin Masazır-2 filialında alış-veriş etdiyi zaman qeydə alınan kamera görüntülərinin ona təqdim edilməməsindən şikayətçidir.

“Mən yanvarın 25-də 19:03-də filialdan alış-veriş etdim, bir tanışım da gəlib mənim aldığım mallarla yanaşı peçenyeni keçirdi və kassir ondan 1 manatı alıb mənə verdi. Ondan əlavə, kassir mənə 11 manat 35 qəpik pul verməliydi.

Tanışımla başımız söhbətə qarışdı, başqa adamlar da gəlib alış-veriş etdilər. Biz danışa-danışa çıxdıq, mən evdə olarkən cibimə baxdım və pulun cibimdə olmadığını görərək, geri qayıtdım. Əlimdə çeklə kassirə yanaşdım, o, pulu mənə verdiyini dedi. Xahiş etdim ki, kamera görüntüləri mənə göstərilsin, şübhə qalmasın. Təhlükəsizlik əməkdaşı ilə kamera otağına keçdikdə, əməkdaş bildirdi ki, məhz mənim alış-veriş etdiyim yeri çəkən 7-ci kameranın görüntülərini geri qaytara bilmir.

Yanvarın 26-da ikinci dəfə yenə getdim. Fərid adlı əməkdaş bildirdi ki, kassada artıq qalmayıb, sistem isə işləmir. Mənə dedi ki, sistem düzələndə sizə xəbər verərik. Çekim də onlarda qaldı. Fərid adlı təhlükəsizlik əməkdaşına bildirdim ki, mən bu filial açılandan daimi müştəriyəm, birdən-birə kiməsə böhtan atmaq istəmirəm. Sadəcə maraqlıdır, səhv məndə olubsa, bilməyim lazımdır ki, şübhəm qalmasın.

O isə mənə lağ etdi ki, indi deyirsən, sənin pulunu başqası götürüb? Hətta dedi ki, pulu başqası götürübsə də, biz cavabdeh deyilik. “Araz Market”dən kamera görüntülərini tələb etməyim mənim vətəndaş hüququmdur. Bu hüququmda gülməli və ya qınanılmalı nə var? Baş ofisə də zəng etdim, dedilər “sizinlə əlaqə saxlayarıq”, amma iş günü bitdi, hələ mənimlə əlaqə saxlayan yoxdur. Çeki də özlərində saxlayıblar. Sabah hər hansı hadisə baş versə, onda deyəcəklər, sistem işləmir? Kamera sistemi işləməyən marketdə hər an hər şey baş verə bilər, tədbir də görülməz. Ola bilər ki, texniki problem baş verib, lakin müştəriyə qarşı “şər-böhtançı” münasibəti yolverilməzdir”, – deyə R.Əhmədzadə LEGİON-a bildirdi.

LEGİON əməkdaşı “Araz Market”in baş ofisinə zəng etsə də, zənglərə cavab verən olmadı. Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov bildirdi ki, bu məsələnin araşdırılmasına çalışacaq. “Ümumiyyətlə, təhlükəsizlik kameraları çox zaman istehlakçıların yox, sahibkarların marağına xidmət edir. İstehlakçı hansısa məsələ ilə bağlı kamera görüntüsü tələb edəndə, adətən, müxtəlif bəhanələrlə bu tələbi təmin etmirlər. Lakin özlərinə sərf edəndə, nədənsə, kamera görüntüləriylə bağlı bir texniki problem olmur”. Ölkə mətbuatında “Araz Market”lə bağlı şikayətlər az deyil.

“Redaksiyamıza paytaxda məşhur olan ARAZ Supermarketlər şəbəkəsi ilə bağlı ilginc məlumat daxil olub. Məlumatda qeyd olunur ki, malların yarlığında göstərilən qiymətləri ilə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında ciddi fərq var. Bəzi malların qiyməti kassa aparatında iki dəfə artıq şəkildə müştəriyə ödətdirilir. Məlumata bu faktı təsdiqləyən fotolar da əlavə edilib. Fotolardan da aydın görünür ki, məhsulun üzərində olan qiymətlə kassa aparatının avtomatik təyin etdiyi qiymət arasında ciddi fərq var var. Belə ki, üzərində 1.75 azn olaraq yazılan uşaq üçün corab kassa aparatında 2.95 AZN kimi göstərilib. Bundan başqa satıcının 3.7 azn dediyi corab 5.95 azn kimi müştəriyə satılmışdır. Gördüyünüz kimi fərq kifayət qədər çoxdur” (xeber1.az).

Başqa bir şikayət də qalıq məsələsiylə bağlıdır: “Alıcılardan biri bildirir ki, “Araz” marketlər şəbəkəsinin Qaraçuxur filialında alış-verişdən sonra ona 40 manat qalıq yerinə 30 manat qaytarıblar. 10 manatın arxasına keçiblər. Müştəri evə gələndən sonra pulun qalığının səhv qaytarıldığını görüb. Geri qayıdıb pulun qalığını istəyəndə isə ona verilən cavab müsbət olmayıb. Marketin administrasiyası pulun yanlış qaytarılmasının mümkün olmadığını və bunu sübut etməyi tələb edib. Müştəri isə nə qədər desə də market rəhbərliyini inandıra bilməyib” (qafqaznews.az).

LEGION məsələni diqqətdə saxlayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.