Eyni dərman fərqli qiymətə satılır
9-05-2017, 09:07

Tarif Şurasının tənzimləyici funksiyası effektiv olmadıEkspertlər problemin səbəbini monopoliyada və dövlət müdaxiləsində görürlər
Bəzi dərmanların adı, tərkibi və göstəriciləri eyni olsa da, birinin qiyməti digərindən çox fərqlənir. Tərkibi və göstəriciləri eyni olduğu halda qiyməti fərqli olan preparatların sayı kifayət qədər çoxdur.
“Bizim Yol”un əməkdaşı reseptlə apteklərə daxil olub qiymətlərlə maraqlanarkən bu qənaətə gəlib. Həmin reseptdə yazılan dərman vasitələrinin və bioloji fəallığa malik qida əlavələrinin ümumi qiyməti 293-410 manat arasında dəyişib.
Əczaçılar qiymətlər arasındakı fərqin səbəbi dərmanı istehsal edən şirkətə, beynəlxalq sertifikatlara malik olması və istehsal edilən dərmanın maya dəyərinin yüksək olması ilə əlaqədar olduğunu bildiriblər.
Bir məsələni də müşahidə etdik. Deməli, aptekə daxil olan şəxslər burdan əlində yalnız reseptlə çıxırdılar. Çünki qiymətləri aşağı salındığı deyilən əksər dərmanlar tapılmır.
Dərman vasitələrinin və bioloji fəallığa malik qida əlavələrinin qiymətində yüksək səviyyədə qiymət fərqinin olmasına səbəb nədir?
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Bizim Yol”a bildirib ki, baxmayaraq qiymətlər dövlət tərəfindən tənzimlənir, dərman vasitələrinin qiymətlərində cüzi fərq ola bilər: “Dərmanların qiyməti dövlət tərəfindən tənzimlənir, onlar müəyyən limitdən artıq qiymətə satıla bilməz. Amma bəzi işbazlar vəziyyətdən sui istifadə edirlər. Yəni Tarif Şurasının qərarını nəzərə almırlar. Təəssüflər olsun ki, onlar himayədə olan apteklərdir. Himayəsiz apteklər qayda-qanuna riayət edirlər. Amma sizin rastlaşdığınız vəziyyətdə qiymətlərdə böyük fərq istənilən stuasiyada çoxdur”.
A.Qeybulla əminliklə bildirir ki, bu səviyyədə qiymət fərqini olmasına səbəb keyfiyyət məsələsi ola bilməz.
“Bu vəziyyət doğrudur? Vallah, əslində bazar iqtisadiyyatı şəraitində qiymət fərqinin olması normal haldır. Amma Tarif Şurası inzibati üsulla qiymətləri tənzimləmək istədi. Hökümət əhalinin gəlirlərini nəzərə aldığı üçün bu addımı atdığını ifadə etdi”,-deyə A.Qeybulla bildirdi.
İqtisadçı ekspert Natiq Cəfərli “Bizim Yol”a bildirib ki, qiymətlərin aşağı səviyyəyə düşməsi üçün rəqabətli mühit yaradılmalıdır: “Azərbaycanda bir neçə şirkət var ki, məhz onlar dərman vasitələrini Azərbaycana gətirirlər. Amma dövlət qiyməti tənzimləməyi qərara aldı. Bunu doğru hesab etmirəm. Çünki dövlət tənzimlənməsi bazarda qıtlığa, daha ucuz və keyfiyyətsiz məhsulların bazara gəlməsinə səbəb oldu. Paralel olaraq dərmanların da qiymətində artım müşahidə olundu. Çünki Azərbaycan dərman peraparatları ilə bağlı xaricdən asılı ölkədir. Dərmanlar da xarici valyuta ilə alınır ki, məzənnənin sabit olmaması qiymət artımına səbəb olur. Qiymətlərin fərqi istehsalçı ölkədən də asılıdır. Adı, tərkibi və göstəriciləri eyni olsa da istehsal texnikası fərqli olduğu üçün qiymət fərqi də yaranır. Məsələn, Hindistanda və Almaniyada istehsal olunan eyni adlı dərmanın qiyməti eyni ola bilməz.
Zaman göstərdi ki, Tarif Şurasına bu funksiyanın verilməsinin effektiv və əhəmiyyəti olmadı. Əks proseslərə səbəb oldu. Qiymətlərin təbii tənzimlənməsi daha məqsəduyğundur. Bazar oyunçularının sayının artması, rəqabətin güclənməsi, bir neçə xarici şirkət üçün ölkədə normal şəraitin düzəldilməsi-bazar iştirakçılığına təminatın verilməsi və bir çox başqa iqtisadi stumullaşdırıcı addımlar olmalıdır ki, şərait qiymətləri aşağı çəksin.
Anlamalıyıq ki, dərman istesalı etməyən ölkə olduğumuz üçün dərmanın qiymətləri məzənnədən asılı şəkildə qalacaq”.
2014-cü il 16 dekabr tarixində “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklər edilərək dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilib. Dövlət başçısının 2015-ci il 18 mart tarixli fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının təsdiq edilməsi, Tarif (qiymət) Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin olunması tapşırılıb.
Nazirlər Kabinetinin 2015-ci il 14 aprel tarixli Qərarına əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib. Həmçinin, Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarı ilə “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilib.
Daha sonra Tarif (qiymət) Şurası tərəfindən “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat” təsdiq edilərək, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanılıb.
İlk dəfə mindən çox dərman vasitəsi üzrə təsdiq olunan qiymətlər 2015-ci ilin 15 sentyabr tarixindən qüvvəyə minib.