Fərhad Əhmədov yarım milyardı ödəməkdən imtina etdi – “Onların məqsədi…”
13-05-2017, 00:11

Xəbər verdiyimiz kimi, London məhkəməsi Azərbaycan əsilli rusiyalı milyarder, “Nortqaz” şirkətinin eks-sahibi Fərhad Əhmədovun keçmiş həyat yoldaşı Tatyanaya 584 milyon dollar təzminat ödəməli olduğu qərarını verib.
teref.az-nun “Qafqazinfo”ya istinadən məlumatına görə, 61 yaşlı iş adamı “RBK”ya açıqlamasında məhkəmənin hökmünü tanımadığını və ona əməl etmək niyyətində olmadığını bildirib.
“Britaniya məhkəmələri həmişə varlı kişilərin arvadlarının tərəfindədir. Məqsəd isə o kişilərin eks-həyat yoldaşlarının əldə etdikləri pulu İngiltərəyə, ölkə iqtisadiyyatına xərclətməkdir”, – deyə F. Əhmədov söyləyib.
Qeyd edək ki, London məhkəməsi 2016-cı il dekabrın 15-də Tatyana Əhmədovanın xeyrinə qərar verib, lakin bu qərar bu il mayın 11-də dərc olunub və qüvvəyə minib. Bu barədə məhkəmənin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
Milyarder yanvar ayında verdiyi bəyanatda London məhkəməsində baş tutmuş boşanma prosesini eks-arvadı və onun vəkilləri tərəfindən “Britaniya hüquq sistemindən çirkin sui-istifadə halı” kimi dəyərləndirib və Tatyana ilə 2000-ci ildə onun xəyanətindən sonra boşandığını vurğulayıb.
Bildirək ki, 1993-cü ildə ailə quran cütlük Londonda özlərinə ev alıb, daha sonra onların ilk oğlu olub (ikinci oğulları 3 il sonra dünyaya gəlib).
Fərhad Əhmədov bu il “Rusiyanın ən varlı 200 biznesmeni” siyahısında 67-ci yerdə qərarlaşıb.