Zədəli imicli “Şapka Mamed” və Beynəlxalq Bank nağılı
17-05-2017, 09:44

Natiq Cəfərli: ““Aqrarkredit” təşkilatı Beynəlxalq Bankın 10 milyard manatlıq passiv aktivlərini qaytara bilməyəcək”
Beynəlxalq Bankın xilas edilməsi ekspertlər tərəfindən nə qədər qeyri-mümkün qiymətləndirilsə də, hökumət bu istiqamətdə milyardlarla manat vəsaiti əsirgəmir. Bankın sağlamlaşdırılması adı altında atılan addımlar isə hələ ki heç bir nəticə verməyib. Səbəblərdən biri də odur ki, Cahangir Hacıyevdən sonra rəhbərliyə gətirilən Elmar Məmmədovun fəaliyyəti də yetərsiz oldu.
İndi isə dövlət bu Beynəlxalq Bankın 10 milyard manata yaxın problemli kreditini alıb “AqrarKredit” təşkilatına ötürüb. Bu təşkilatın sədri, bank sektorunda “Şapka Mamed” adı ilə tanınan Məmməd Musayevin isə reputasiyası heç də müsbət deyil. Onun kredit borcu olanlardan pulu geri almaq üçün reket dəstələri yaratması, borclulara hədə-qorxu gəlməklə toplaması haqqında da dəfələrlə mətbuatda məlumatlar gedib. Bəs görəsən, Beynəlxalq Bankı çapıb talayan Cahangir Hacıyevi vəzifəsindən uzaqlaşdıran hökumət, niyə ondan daha zərərli şəxsləri, bank sektorunda reputasiyasi zədəli olan insanları sağlamlaşdırma işinə cəlb edir?
Bu sualı cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu, şəxslərlə bağlı olan bir problem deyil, daha çox idarəetmə problemidir: “Bu idarəetmə prinsipləri ilə bağlı olan bir problemdir. Əgər rəhbər dəyişildikdən sonra idarəetmədə olan səhv yanaşmalar davam edirsə, kadr dəyişikliyinin heç bir əhəmiyyəti qalmır. Təbii ki, indi həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin çox böyük günahları var. Amma bir məsələ də var ki, bu sistemə nəzarət edən orqanlar da olmalıdır. Ən azından Maliyyə Nazirliyi, qanunvericiliyə görə, həm də Beynəlxalq Bankda Müşahidə Şurasının sədri idi. Əgər orada qanunsuzluq baş verirdisə, bəs Müşahidə Şurası hara baxırdı? Ondan sonra rəhbərliyə gələn şəxslər də problemi həll etməkdən daha çox öz şəxsi məqsədlərini güdməyə çalışırlar. Çünki oyun qaydaları, bankın idarəetmə qaydaları belə idi. Bankın idarəetmə sistemi dəyişməlidir. Biz bunu başqa sahələrdə də müşahidə edirik”.

İqtisadçının sözlərinə görə,rəhbər dəyişikliyi problemlərin həllindən daha çox dərinləşməsi ilə yadda qaldı: “Bu neqativ hallar sizin də adını çəkdiyiniz bəzi şəxslərin şəxsi mənafeləri naminə bu vəziyyətdən istifadə etməsinə gətirib çıxartdı. Hesab edirəm ki, Cahangir Hacıyevlə bağlı keçirilən məhkəmə prosesi yarımçıq idi. Əgər söhbət milyardlarla dollar vəsaitdən gedirsə, həmin vəsaitlərin kimlərə hansı şərtlərlə verilməsinin, indi niyə geri qayıtmamasının səbəbi də ciddi araşdırılmalıdır. İndiyə qədər söhbət daxildəki 10 milyard manat passiv aktivlərdən və 3,3 milyard dollarlıq xarici borcdan gedir. Bu çox böyük bir məbləğdir. Ən azı bir illik dövlət büdcəsi qədər vəsait yoxa çıxıb. Bunun üçün ciddi araşdırmaya və həmin vəsaitin hansı layihələrə yönəldiyinə, niyə geri qayıtmadığına baxmağa ehtiyac var. Bütün bunlara aydınlıq gətirilməlidir. Həbsdən sonrakı rəhbərliyin fəaliyyəti də ciddi şəkildə araşdırılmalıdır ki, niyə onlar bankın vəziyyətini yaxşılaşdırmaqdan daha çox problemlərin artmasına xidmət elədilər. Bu suallara cavab tapıb, nəticələri deyil, səbəbləri aradan qaldırmağa çalışsaq, bundan sonra digər banklarda və dövlət müəssisələrində bu tipli idarəetmə problemlərinin aradan qaldırılmasının bir sxemini tapmaq olar. Yox, əgər sistem və idarəetmə fəlsəfəsi dəyişməyəcəksə, bundan sonra gələnlər də həmin sistemlə çalışacaqlarsa, heç nə dəyişməyəcək. Ona görə də nəticədən daha çox səbəblər ciddi şəkildə araşdırılmalıdır”.
Ekspert onu da vurğuladı ki, bank sektorunda reputasiyası zədəli olan bir şəxsin rəhbərliyə gətirilməsi də doğru deyil: “Bütün menecment sistemi dəyişməlidir. Yeni kadrlara, yeni nəfəsə, müasir idarəetmə formalarına ehtiyac var. Mən ümid edirəm ki, bu məsələdən hökumət dərs çıxaracaq və yeni nəfəsin gəlməsinə şərait yaradılacaq. ”Aqrarkredit" təşkilatı Beynəlxalq Bankın 10 milyard manatlıq passiv aktivlərini qaytara bilməyəcək. Burada hökumətin özünü aldatmasına ehtiyac yoxdur. Bundan əlavə, Neft Fondunun Beynəlxalq Banka yatırdığı 1 milyard manat vəsaitin də üzərindən xətt çəkmək lazımdır. O da geri qayıtmayacaq. Artıq Neft Fondunda olan vəsaitin rəsmi rəqəmlərdən 1 milyard az göstərilməsinə ehtiyac var. Hazırda dövlətin əsas məsuliyyəti ABB-nin 3,3 milyardlıq xarici borcunun qaytarılmasıdır. Bu səbəbdən DNF-nin 1 milyard manatlıq depoziti batmış olacaq".