Azərbaycanlılar yeni sanksiyalardan ziyan çəkəcək - Deputat
5-08-2017, 10:53

ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyaların bu səviyyəsi gözlənilən deyildi.
Bu barədə Axar.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov danışıb.
Millət vəkili bildirib ki, 2016-cı ildə Rusiyaya tətbiq edilən sanksiyalar hazırkından kifayət qədər yumşaq idi:
“Yeni embarqolar Rusiyanın həyata keçirdiyi bütün beynəlxalq layihələrə mənfi təsir göstərəcək. Azərbaycan Rusiya ilə qonşu dövlətdir. Ona görə də bu ölkənin iqtisadiyyatının yaxşılaşması birbaşa Azərbaycan üçün də əhəmiyyət kəsb edir, çünki bu ölkəylə ticarət dövriyyəmiz çox yüksəkdir.
İkincisi, Rusiyada yaşayan azərbaycanlılar bu ölkədən kifayət qədər vəsait götürürlər. Bu baxımdan da Rusiyada yaşayan miqrantlar və soydaşlarımız yeni sanksiyalardan ziyan çəkəcəklər. Rusiyaya tətbiq edilən sanksiyaların Konqres və Tramp tərəfindən imzalanması yaxşı heç nə vəd etmir. Əvvəl Azərbaycandan da bir sıra beynəlxalq layihələri, o cümlədən "Şahdəniz" layihəsini də salmaq istəyirdilər, ancaq sonradan çıxardılar. Ona görə də bu prosesin ölkəmizə elə ciddi təsiri yoxdur”.
Rusiyaya tətbiq olunan yeni sanksiyaların Cənub Qaz Dəhlizi və Bakı-Qars dəmiryoluna təsiri məsələsinə gəlincə, millət vəkili bunun mümkün olmadığını deyib:
“Çünki hər iki layihədə əsas sərmayə qoyan dövlət Azərbaycandır. TANAP və TAP layihəsi ölkəmiz üçün çox əhəmiyyətlidir”.