Banklar müflis olur - Kreditçilər sevinir
5-08-2015, 21:16
Azərbaycanın bank sektorundakı böhran davam edir. Banklar bağlanır, səlahiyyətləri məhdudlşadırılır, müflisləşir. Bankların müflisləşməsindən istifadə edən vətəndaşlar isə həmin banka olan kreditlərini ödəməyi gecikdirirlər. Düşünürlər ki, bununla onların kreditləri silinəcək. Lakin heç də belə deyil. İqtisadçı-ekspert Vüqar Bayramov Modern.az-a açıqlamasında bildirib ki, müflisləşən və ya müflisləşməkdə olan banklara borcu olan şəxslərin kreditlərini ödəməməsi faktiki mümkün deyil:
“Kredit borcu olanların bir hissəsi bankların müflisləşdiyini görüb kreditlərini ödəmirlər. Düşünürlər ki, bank müflisləşəcək, kredit istənilməyəcək. Bu, yanlış yanaşmadır. Vətəndaş krediti qaytaracaq. Çünki qanunvericiliyə görə, bank müflis olduqdan sonra Mərkəzi Bankda komissiya yaradılır və bankın öhdəlikləri bir neçə bank arasında bölüşdürülür. Kredit öhdəlikləri verilən banka vətəndaş öz borcunu ödəməlidir. Nəzərə alsaq ki, müflisləşən bankın əmanətləri də var, kreditlərin qaytarılması bu əmanətlərin ödənilməsi üçün də vacibdir. Burada kreditin qaytarılmaması və ya hər hansı güzəştin tətbiq edilməsi mümkün deyil. Kredit əvvəlki qaydada, şərtlər dəyişmədən öhdəliyinə verilən banka ödənilir”.
Vüqar Bayramov qeyd eidb ki, müflisləşən zaman bankın aktivləri və passivləri, banka olan borclar və bankın borcları müəyyənləşdirilir:
“Bankın aktivləri bankın passivlərindən çoxdursa, o zaman Əmanətlərin Sığortalanması Fondunun əmanətləri qaytarmasına ehtiyac qalmır. Bankdan alınan borcların qaytarılması hesabına bütün əmanətlərin qaytarılması və bütün borcların ödənilməsi həyata keçiriləcək. Müflisəşən zaman bankın passivləri aktivlərindən çoxdursa, o zaman sığortalanan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılır. Sığortalanmayan əmanətlərlə bağlı isə əgər bank maliyyə mənbəyi tapırsa qaytarır, tapılmırsa, o zaman sığortalanmayan əmanətlər geri qaytarılmır”.