Məktəblərdəki rüsvayçılığın üç əsas səbəbi-ekspertlər danışır

13-02-2018, 10:48           
Məktəblərdəki rüsvayçılığın üç əsas səbəbi-ekspertlər danışır
Kamran Əsədov: “Baş verən hadisələr üç vacib məsələnin yerinə yetirilməsini zəruri edir”;Əhməd Qəşəmoğlu: “Məktəbin vəzifələri indiki dövrdə daha da çoxalıb, amma məktəbin bundan xəbəri yoxdur”

Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinif şagirdinin 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edərək telefona çəkib yaymasından sonra ictimaiyyətin qınağına məruz qalan qız fevralın 10-da İnstaqram sosial şəbəkəsində canlı yayıma çıxaraq damarlarını kəsməyə başlayıb.

Bundan sonra Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən R.C. barəsində Səbayıl Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Günahı sübuta yetiriləcəyi təqdirdə onu 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Təəssüflə qeyd etməliyik ki, məktəblərdəki bu cür xoşagəlməz hallara tez-tez rast gəlirik. Əvvəllər məktəb dedikdə ağlımıza yalnız təhsil, təlim-tərbiyə verilən məkan ağlımıza gəlirdisə, indi valideynlərin ürəyində məktəblərlə bağlı bir qorxu, narahatlıq hissi yaranıb. Övladlarını da məktəbə bu narahatlıqla yola salırlar.

Bəs təhsil ocaqlarında bu cür neqativ halların başvermə səbəbi nədir? Məktəblərdəki boşluqlarmı, yoxsa cəmiyyətdən qaynaqlanan bir problemdir?

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, baş verən hadisələr 3 vacib məsələnin yerinə yetirilməsini zəruri edir: “Son 30-40 il ərzindəki elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bir sıra dövlət orta məktəbləri var ki, orada tanınmış insanların, məmurların, biznesmenlərin qohumları, yaxınları təhsil alır və təhsil müəssisəsini idarə edən şəxs həmin şagirdlərə daha geniş imtiyazlar verir. Bu da təhsil ocaqlarımıza rəhbərlik edənlər arasında peşəkarlığı aşağı olan, vəzifədə qalmaq üçün müəyyən qanun pozuntularına göz yumanların olduğunu göstərir. Orta məktəblərimizin təhsilverənləri şagirdlərlə düzgün istiqamətdə iş apara bilmir.

Əlbəttə, cəmiyyətdə hər gün bu və ya digər formada neqativ hallar baş verir, azyaşlılar zorakılığa, təcavüzə məruz qalır. Amma cəmiyyətdə bu tipli hadisələrin ciddi rezonans doğurmasının səbəbi hadisənin hər kəsin müqəddəs hesab etdiyi məktəbdə, təhsil ocağında baş verməsidir. Bu gün məktəblərimizdə valideyn, məktəb, şagird əlaqəsi pozulub. Tədris aparan müəllim dərs bitdikdən sonra şagirdlərin dərs otağını, idman zalını, geyinmə-soyunma otağını tərk edib etmədiyini yoxlamır. Baş verən hadisələr üç vacib məsələnin yerinə yetirilməsini zəruri edir. Birincisi, məktəb direktorlarının peşəkarlıq səviyyəsinin artırılması üçün mütəmadi təlim və imtahanların həyata keçirilməsini, ikincisi, orta məktəblərdə din - əxlaq dərslərinin tədris olunmasını, üçüncüsü isə şagirdlərin fiziki inkişafı ilə əlaqədar olaraq dərsliklərə əlavə materialların yerləşdirilməsi, biologiya, fiziologiya dərslərinin daha yüksək səviyyədə tədris olunmasını. Hesab edirəm ki, yalnız təhsilə cəlbetmə səviyyəsinin artırılması ilə iş bitmiş hesab olunmamalı, təhsilin səviyyəsinin, təhsil alanların mənəvi keyfiyyətlərinin artırılması istiqamətində də işləmək lazımdır. Məktəbdə bütün şagirdlərin hərəkət etdiyi yerlərdə təhlükəsizlik kameraları quraşdırılmalı, kameraların altında çəkilişin getməsi ilə bağlı qeyd yazılmalı və daimi olaraq kameralar izlənməli, problemli şagirdlər nəzarətə götürülməlidir. Məktəb şagirdlərdə tamamilə fərqli, əxlaqa zidd vərdişlərin formalaşdığı məkana çevrilməməlidir. Direktor kabinetdə oturub fəaliyyət göstərməməlidir. O, daima məktəbi gəzməli, müşahidələr aparmalıdır”.


Sosioloq Əhməd Qəşəmoğlu: “Hər hansı bir davranışa təsir edən üç əsas mühüm amil var. Bunlar mühit, aldığınız informasiyalar və üstünlük verilən dəyərlərdir. Bu əsas üç amilin yekununda insanda müəyyən davranış formalaşır. İndi biz görürük ki, xoşagəlməz davranışlar ortaya çıxır. Deməli, biz bunun səbəbini 3 istiqamətdə, mühitdə, informasiyada və üstünlük verdiyimiz dəyərlərdə axtarmalıyıq. Bu isə o deməkdir ki, bu sahələrin hər birində kifayət qədər ciddi problem var. Biz təəssüf ki, bu problemlərə müşahidəçi qismində baxırıq. Kimsə beynimizi doldurub bizi yönləndirir ki, bütün yer üzündə gərginlikdir və belə getməlidir. Əslində isə bu cür deyil. Bizim ölkə balaca bir ölkədir. 10 milyon da əhalisi var ki, bunun da bir neçə milyonu xaricdədir, qalanı körpədir. 4-5 milyon aktiv əhali var. Burada müəyyən bir mühiti yaratmaq mümkün bir işdir. Biz yüz milyonlarla vətəndaşı olan bir ölkə deyilik. Sadəcə olaraq, bu işlərə elmi yanaşmaq lazımdır. Təəssüf ki, heç kim eşitmək istəmir ki, bu məsələlərə elmi təminat ilə yanaşmaq lazımdır. Bu proses başlı-başına getdiyi üçün biz ailədə, məktəbdə, hansısa bir təşkilatda da əcaib xəbərlər eşidirik. Bu isə o deməkdir ki, biz bu məsələlərə lazımi müdaxiləni etmirik. İlk növbədə texnikadan istifadənin təhlükəsizlik tədbirləri öyrənilməlidir. Yaşadığımız həyatda da təhlükəsizlik tədbirləri var və biz bunu görmürük. Konkret olaraq söhbət məktəbdən gedirsə, mən həmişə deyirəm, misal üçün, 100 il bundan əvvəl Qori seminariyası var idi. O zaman cəmiyyətdə problem, gərginlik indikindən çox idi. Amma məktəbdə əsl məktəb mühiti var idi. İndi biz ailədə məktəb mühiti yaratmaq barədə də düşünmürük. Deyirik ki, məktəb də cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə nə varsa, məktəbdə də baş verəcək, bu təbii bir haldır. Bu yalandır, belə olmaz”.

Sosioloq indi məktəbin qarşısında duran vəzifələrin qat-qat çoxaldığını dedi: “Bir vaxtlar yeni nəslin yetişməsində məktəbin yaxın köməkçiləri ailə və cəmiyyətin özü idi. Mənim uşaqlıq vaxtımda cəmiyyət özü çox mühüm tərbiyə vasitəsi idi. İctimai qınaq, cəmiyyətin özündə tənzimləyici təşkilatlar var idi. İndi cəmiyyətdə də, ailədə də gərginlik həddindən artıq çoxalsa da, layiqli yeni nəsil yetişdirmək məsələsi həmişə aktualdır. Biz layiqli yeni nəsil yetişdirməli olduğumuz halda cəmiyyətdə, ailədə gərginlik çoxalıbsa və onlara təsir etmək imkanı azdırsa, biz gücü daha çox məktəbə verməliyik. Məktəbin vəzifələri indiki dövrdə daha da çoxalıb, amma məktəbin bundan xəbəri yoxdur. Bu ölkədə təhsil sistemində, siyasətində ciddi dəyişiklik olmalıdır ki, yeni nəslin yetişdirilməsində məktəbin vəzifələri, rolu artırılmalıdır. Bu gün Azərbaycanda zəruri məktəb mühitinə ehtiyac var və çox təəssüf ki, buna hələ ki diqqət verilmir”.

Günel MANAFLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.