Qafqazşünaslığa töhfə - "Qafqaz xalqlarının tarixi" dərsliyi çapdan çıxıb

17-02-2018, 11:24           

Bu günlərdə "Elm və təhsil" nəşriyyatında Bakı Dövlət Universitetinin "Qafqaz xalqlarının tarixi" kafedrasının müdiri İradə Hüseynovanın ali məktəblər üçün "Qafqaz xalqlarının tarixi" dərsliyi çapdan çıxıb. Bütün dünyanın geosiyasəti üçün mühüm bir regionda xalqların tarixi inkişafının bütün dövrlərini əhatə edən və çoxsaylı millətlərin, xalqların və qrupların etnik rəngarəngliyini özündə ehtiva edən bu nəşrin Azərbaycanda ərsəyə gəlməsi təsadüfi deyil.

Azərbaycan Respublikası Qafqazda qüvvələr nisbətinə görə mühüm mövqelərdən birini tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövləti təkcə regional miqyasda deyil, həm də dünya miqyasında şəksiz liderdir və hazırda Ulu Öndər siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir. Bu gün demək olar, bütün dünya birliyi tərəfindən etiraf edilir ki, Azərbaycan siyasi, iqtisadi, bundan heç də az əhəmiyyət daşımayan mədəniyyət və təhsil sahələrində aparıcı rol oynayır.

Qədim dövrlərdən zəngin mədəni palitrası ilə seçilən Azərbaycan vahid məkanda mehriban qonşuluq şəraitində dinc yanaşı yaşayan və gözəl bəhrələr verən ümumi ənənələri olan müxtəlif etnos və konfessiyalardan ibarət bütöv bir dünyadır. Əzəldən burada multikulturalizm təkcə tolerantlıq kimi deyil, həm də tamdəyərli xalqlar dostluğu kimi səciyyələnib.

Haqqında söhbət gedən 1248 səhifədən ibarət irihəcmli dərslik oxuculara və Qafqaz xalqlarının tarixi-mədəni irsi ilə maraqlanan, dünyanın inkişafında, bir-birini əvəzləyən nəsillər silsiləsində bu xalqların yerini və rolunu aydınlaşdırmaq istəyən hər kəsə kömək edəcək. Qafqazın tarixi müstəqil həyat və mədəniyyət hüququnu əsrlər boyu qoruyan xalqların tarixidir. Müəllif vurğulayır ki, dünyanın mədəniyyət, elm və təhsil xəzinəsinə sanballı töhfə vermiş Qafqaz xalqlarının nailiyyətləri, ilk növbədə, onların öz səylərinin bəhrəsidir.

Qədim dövrlərdən başlayaraq tarixi inkişafı mərhələ-mərhələ təhlil edən İradə Hüseynova qeyd edir ki, Qafqaz birliyi xalqları, onları bir-birindən ayıran müxtəlif həyat şəraitinə, inkişaf sürətinə və məsafə uzaqlığına baxmayaraq, çoxsaylı tellərlə bağlıdırlar. Onların bəziləri təsərrüfatçılıq, mədəniyyət və dövlət quruculuğunun inkişafında oxşar mərhələləri tez, digərləri gec keçiblər, bir-birinin ixtiralarını və əmək vərdişlərini mənimsəyiblər, öz ənənələrini və dünyagörüşlərini formalaşdırıblar. Oxuculara təqdim olunan dərslik bizim kim olduğumuzu, tarixi köklərimizin haradan qaynaqlandığını, Avropa və Asiya tarixində Qafqaz xalqlarının tutduğu yeri başa düşməyə kömək edəcək. Qafqaz dünyaya nə verib və ondan nələr əxz edib. Dünya mədəniyyətinə və sivilizasiyasına layiqli töhfə vermiş Qafqaz xalqları onların təşəkkül və inkişaf tarixinin obyektiv və gerçək şəkildə təqdim olunmasına layiqdirlər.

İradə Hüseynova vurğulayır ki, bəşəriyyət tarixi təkcə xalqların uzaq keçmişini sübut edən qədim dövrə hörmət əlaməti olaraq öyrənməyə çalışmır. Görünür, məqsəd daha dərindir: tutarlı faktlar əsasında xalqların inkişafının həqiqi və əhatəli mənzərəsini canlandırmaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.