Uşaqları döymək tərbiyə üsuludurmu? - Psixoloqdan maraqlı şərh
26-02-2018, 12:40

“İstənilən zorakılığın əleyhinəyik, istər məktəb olsun, istərsə də ailə, amma...”
“Uşaqları tərbiyə etmək üçün onu mütləq döymək lazımdır”. Bu sözləri gənc bəstəkar Sədaqət Rəşidqızı “Space” telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişində deyib. Gənc bəstəkar uşağın döyülməsinə normal yanaşdığını bildirib.
“Əgər uşaq yaxşı iş görürsə onu mükafatlandırmaq, pis iş görürsə, şıltaqlıq edirsə, sözə baxmırsa onu döymək lazımdır. Döyəndən sonra uşaq hər şeyi başa düşür”, - deyə o bildirib.
Qeyd edək ki, gənc bəstəkarın bu sözləri sosial şəbəkələrdə müzakirələrə yol açıb. Əksəriyyət bəstəkarı qınasa da, onunla həmfikir olanlar da tapılıb. Bəs şagirdləri və ya uşaqları tərbiyə məqsədilə döymək lazımdırmı, buna lüzum varmı?
Qeyd edək ki, bu günlərdə “Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət edərək təklif edib ki, yeni tədris proqramına uşaq hüquqları ilə bağlı fənn salınsın: “Bu müəllimləri yeni dövrün çağırışlarına hazırlamaq baxımından önəmlidir. Çünki onlar təkcə müəllim yox, həm də pedaqoq kimi hazırlanmalıdırlar.
Uşaqların hüquqları, müdafiəsi, uşaqlara qarşı zorakılıq əleyhinə yanaşma, əsasən, onların tədrisi ilə məşğul olan müəllimlərdə olmalıdır. Ümumiyyətlə, uşaqların təhsil aldığı müəssisələrdə hər kəs onların müdafiəsi, təhlükəsizliyi barədə bilgiyə sahiblənməlidir. Məsələn, indi müəllimlər öz ixtisası ilə bağlı mütəxəssis olurlar, amma uşaqlarla davranışı tam öyrənmirlər. Pedaqogika yeni standartlara cavab verməlidir. Məsələn, uşaqlarla davranış, ünsiyyət, uşaq psixologiyası və s. prioritet təşkil etməlidir. İndiki dövrün uşaqları texnoloji əsrin uşaqlarıdır və onlara fərqli yanaşılmalıdır. Ən əsası, indiki müəllimlərin əksəriyyəti uşaq zorakılığı əleyhinə bilgilərini artırmalı, uşaqlara sözlü, fiziki təhqiri üstün tutmamalıdırlar. Xüsusilə gənc müəllimlər üçün əksər hallarda uşaq hüququ, müdafiəsi əsas olmalıdır".
O həmçinin bildirib ki, müəllim-şagird münasibətlərinin zorakılıq səviyyəsinə gəlib çıxması pedaqoq hazırlığı ilə birbaşa bağlı olan məsələdir.
Psixoloq Narınc Rüstəmova da mövzu ilə bağlı “Yeni Müsavat”a danışaraq qeyd edib ki, ümumiyyətlə, təlim prosesi tədrislə yanaşı getməlidir: “Əgər biz məktəbdə müəllim şagirdlərə təkcə təhsil versə, pedaqoji fəaliyyətindən istifadə etməsə, təbii ki, onun gördüyü işin keyfiyyəti olmaz. Çünki müəllim hər bir şagirdi və onun ailəsini tanımalı və ona uyğun hərəkət etməlidir.
Müəllim təzyiq hər zaman qəbul olunmazdır - istər zorakılıq olsun, istər fiziki və ya psixoloji təzyiq. Məsələn, bizim qurumumuza çox uşaq məktəb qorxusu ilə bağlı şikayətlə müraciət edir. Əgər bir müəllim hansısa şagirdi döyürsə, digər şagirdlər bunu görür və onlarda həssas qorxu yaranır, təsirlənir, qarın ağrıları, ürək bulantıları və sairə olur, beləliklə də təhsildən yayınır. Bəzən görürük ki, müəllimlər şagirdləri qorxudaraq şantaj edir, məsələn, deyir ki, “əlini yandıracam, ya qapı arxasında qoyacam, direktorun otağına aparacam” və sairə. Beləliklə, müəllim bu şəkildə psixi zorakılıq göstərməklə guya uşaqları oxumağa sövq edir. Təbii ki, biz bütün bunların əleyhinəyik, istər məktəbdə, istərsə də ailədə. Bütün sferada təzyiqə yox deyirik".
Lakin psixoloqa görə, bu, o demək deyil ki, uşağın bütün istəkləri davamlı olaraq həyata keçməli, ona hər zaman “hə” deyilməlidir: “Əlbəttə ki, bütün bunlar qaydasında həll olunmalıdır. Valideyn bilməlidir ki, bu qaydalara əməl olunmasa, nəticələri necə ola bilər. Qaydalara uyğun cəza üsulları var ki, onlar həm məktəbdə, həm də ailədə tətbiq edilməlidir. Bu cür situasiyalarda mütləq şəkildə məktəb psixoloqları yaxından iştirak etməlidir. Bəzən valideynlər psixoloqların verdiyi cəzanı qəbul etmir, az qala müəllimlə davaya çıxır. Bu baxımdan valideynlə müəllimin əməkdaşlığı olmalıdır”.