Özəl təhsil və özəl səhiyyə hamıya qarşı...
31-08-2015, 12:37
SSRİ-nin süqutu zamanı Azərbaycanda 776 xəstəxana fəaliyyət göstərirdi. Təbii ki, onların hamısı dövlət müəssisəsi idi.
Hazırda isə Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, xəstəxanaların sayı son ildə 13 ədəd artaraq 566-ya çatıb. Onların da arasında özəl klinikaların sayı durmadan artmaqdadır. Dövlət xəstəxanaları isə bağlanmaqda, sökülməkdə və abad həyətləri satılmaqdadır.
DSK-nın rəqəmlərinə görə, dövlət xəstəxanalarında tibb işçilərinin orta aylıq maaşı 181 manatdır. Bu, ölkədəki orta aylıq maaşdan 2,5 dəfə azdır. Nəticədə rəsmən pulsuz olan müalicə dövlət tibb müəssislərində qeyri-rəsmi pullu müalicəyə çevrilir.
Bu fonda isə orta tibb işçilərinin sayı azalaraq gedir. Komitə 2014-cü ildə bu azalmanı 800 nəfər kimi göstərir.
Belə bir mif vardı ki, özəl tibb müəssisələri müalicə işinin keyfiyyətini yüksəldəcək. Ancaq DSK-nin açıqladığı rəqəmlərə görə, ötən il 170 min Azərbaycan vətəndaşı müalicə olunmaq üçün xarici ölkələrə üz tutub (o cümlədən İrana 96,6 min xəstə vətəndaşımız yollanıb).
Bu rəqəmlərə diqqət edərkən onu da unutmayaq ki, rəsmi məlumatlar adətən neqativin minimallaşdırılması ilə əlamətdardır. Göründüyü kimi, səhiyyənin kommersiyalaşdırılması (əslində isə orta statistik vətəndaşların sağlamlıqları ilə şantaj edilməsi) tibbi xidmətin keyfiyyətinə müsbət təsir etməyib. Əksinə.
Vüsətli kommersiyalaşma prosesi təhsil sistemində də davam edir. Bir çox özəl orta məktəb və liseylərdə tələb olunan təhsil haqqı orta statistik azərbaycanlının illikqazancından dəfələrlə çoxdur.
Məsələn, “İnternational School”a uşağı I sinifə yazdırmaq üçün 300 dollar qeydiyyat pulu, 1600 dollar fond pulu və 21900 dollar isə illik ödəniş tələb olunur. Ümumilikdə bir uşağı bu məktəbə yazdırmaq sizə təxminən 24500 manata başa gələcək.
Yaxud “Oxford School”da 1-8 siniflər üçün 14500, 9-11 sinif üçün 16500 manat təhsil haqqı ödəmək lazımdır. Məktəbəqədər təhsil isə nə az, nə çox - düz 7 min manatadır.
Nə vaxtsa sovet təhsilindən (pulsuz, keyfiyyətli və hamı üçün əlçatan) və təbabətindən (“Semaşko səhiyyəsi”) bəhrələnmiş köhnə nəsillər üçün bu rəqəmlər ağlagəlməz, ancaq barışmalı reallıqdır.
Təhsilin də, səhiyyənin də neoliberal relslərə keçirilməsi isə yalnız dövlət sektorunu aradan çıxarmayacaq, həm də cəmiyyət üçün sinifli xarakter daşıyaraq təbəqələşməni daha da ifratlaşdıracaq. Sonunda isə hamı uduzacaq.
Hazırkı hakimiyyət səhiyyəni özəlləşdirməklə və təhsilin bütün səviyyələrində qəsdən özəl sektoru yaymaqla inandırmağa çalışırdı: özəl səhiyyə və təhsil olsa-olsa dövlət səhiyyəsi və təhsilini “tamamlayacaq”, onlar yanaşı inkişaf edəcək, sadəcə xidmət təkmilləşəcək.
Halbuki hələ 1980-cı illərdə məşhur iqtisadçı Albert Hirşman (1915-2012) yazırdı: özəl sektor ictimai sektoru məhv edir və cəmiyyətə ümumilikdə ziyan vurur.
Niyə? Çünki varlılar daha keyfiyyətli xidmətə malik olmaq üçün özəl sektoru əllərində cəmləyirlər. Dövlət siyasətinə təsir etmək imkanları da onların əlində olduğundan ictimai sekorun özəl sektorla əvəzlənməsi üçün onlar istənilən səyi gerçəkləşdirməkdə maneə tanımırlar.
Özəl sektorun payının artması ona gətirib çıxaracaq ki, dövlət onun üçün əlavə yükə çevrilən ictimai ehtiyaclardan yaxa qurtarmağa çalışacaq: ictimai sektorun xidmətlərindən yararlananların pulu az olduğundan, bu aztəminatlı təbəqə barəsində narahat olmamaq da olar, onsuz da onların siyasətə təsir etmək və qanunları dəyişmək gücü yoxdur.
Nəticədə dövlət xidmətlərinin keyfiyyəti azalacaq, özəl sektorun isə yüksələcək. Kimin imkanı varsa, özəl xidmətlərdən yararlanacaq, dövlət xidməti isə yalnız yoxsullar üçün və alternativsiz çarə kimi qalacaq. Bu da sosial bərabərsizliyi dərinləşdirəcək. Sonunda varlı, təhsilli, sağlam, yüksək ixtisaslı və öz xeyrinə ictimai proseslərə təsir etməyi bacaran azlıq formalaşacaq.
Yerdə qalan çoxluq isə daha zəif təhsilli, daha az sağlam, hazırlıqsız və öz siyasi maraqlarını ifadə etməkdən məhrum vəziyyətə düşəcək. Siyasi ərazi sonunda yoxa çıxacaq - elə bunun göstəricisidir ki, hazırda sosial və siyasi mübarizəyə apatiya gündən günə daha geniş yayılır.
Mənzərə göz qabağındadır - hökumət səhiyyənin hətta elə sahələrinin özəlləşdirilməsini həvəsləndirir ki, onlar dövlətin yardımı sistemi olmadan mövcud ola bilməzlər. Axı ictimai sektor hər qəpiyə qənaət etməli, hər manatı saymalıdır. Nəticədə özəl tibb xidmətləri ictimai sektorda hərfi mənada parazitlik edirlər.
Hökumətin fərziyyəsinə görə, özəl xidmət daha çox qazanmaq üçün daha çox da çalışmalıdır. Reallıqda isə bu, dövlət xidmətində işin artmasına və maaşların azalmasına səbəb olur. Çünki yoxsul xəstələrin sayı artdıqca özəl yox, dövlət xəstəxanalarına müraciətlər çoxalır.
Hirşmanın modelinə görə, sonunda ictimai sektor sıradan çıxır, özəl sektor isə “çiçəklənir”. Ancaq paradoks: periferiya kapitalizmi ölkələrində özəlləşdirmə təkcə ictimai səhiyyənin yox, onunla birlikdə onun parazitinin - özəl sektorun da çürüməsinə aparıb çıxarır.
Yəni Azərbaycan tipli ölkələrdə məhvə məhkum olunmuş dövlət səhiyyəsi ilə bərabər həm də özəl səhiyyənin yarıtmazlığı baş verir.
O ki qaldı təhsilin özəlləşdirilməsinin nələrə aparıb çıxaracağını bilmək, bunun üçün uzaq gələcəyə boylanmaq lazım deyil - indiki nəticələrə baxmaq bəs edir. Özəl “ali” məktəbin ümumi universitet təhsili ilə adından başqa heç bir oxşarlığı yoxdur. Kommersiyalaşmış ali məktəblər dar ixtisas verir, digər intellektual istehsal mərkəzlərindən asılıdır, bilik yox, vərdişlər təklif edir.
Eyni zamanda da bazarın “görünməz əli” sayəsində özlərini elə təqdim edirlər ki, guya əsl universitetlər üçün zəruri olan meyarlara əməl olunur. Kommersiyalaşmış “ali” məktəblərin mövcudluğu və hakimiyyətin neoliberal ritorikası əsl universitetlərə də bu kommersiya effektinin yayılması üçün yetərli şərt kimi göstərilir.
Təhsilin özəlləşdirilməsi bir tərəfdən universitetlərin karikaturasını yaradır, digər tərəfdən isə əsl universitetlərin dağılmasını sürətləndirir. Yəni səhiyyədə olduğu kimi, təhsildə də təkcə dövlət təhsili yox, parazitar kommersiyalaşmış təhsil də eniş edir.
Bu fikirləri ümumiyyətlə özəlləşdirmə barədə də söyləmək olar: qəddar və ədalətsiz, bərabərsizlik və istismar üzərində qurulmuş yeni tip ictimai münasibətlərin formalaşması; nəticədə isə ictimai münasibətlərdə mövcud olan pozitiv formaların dağıdılması.
Bu isə həm də yenidən bərpa və inkişaf üçün çoxsaylı maneələrin ortaya çıxması deməkdir...
Məmməd Süleymanov
Virtualaz.org