Zakir Fərəcov Sumqayıtın icra başçısı oldu - Xəbər təsdiqləndi
2-09-2015, 11:11
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu xəbər dünəndən yayılsa da rəsmi təsdiqini tapmırdı.
Musavat.com Abşeron Rayon İcra Hakimiyyətinə bununla bağlı göndərdiyi sorğuya bu gün cavab alıb. Cavabda Z.Fərəcovun Sumqayıta icra başçısı təyinatı xəbəri təsdiqlənir. Amma hələlik bununla bağlı ölkə prezidentinin məlum sərəncamı yoxdu. Musavat.com-a daxil olan məlumata görə, sərəncamın yaxın saatlarda veriləcəyi gözlənilir.
Sumqayıtın icra başçısı Eldar Əizovla bağlı məsələ hələlik açıq qalır. Bəzi mənbələr onun Bakının Nizami rayonuna icra başçısı göndəriləcəyini deyir. Nizaminin icra başçısı Tahir Budaqov avqustun 13-də prezidentin sərəncamı ilə Satatistika Komitəsinə sədr təyin edilib.
Fərəcov Zakir Fərəc oğlu 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olub.1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil alıb.
Əmək fəaliyyətinə 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlayıb.
1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olub.
1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlayıb.
1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsisinin axşam şöbəsinə daxil olub, 1980-cı ildə həmin İnstitutu bitirib.
1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı Birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İB-nə baş direktor təyin olunub. 1999-cu ildə keçirilən bələdiyyə seçkilərində Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilib.
2005-ci ilin avqust ayının 11-də Azərbaycan Respublikası Prezidentin 956 saylı Sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
01.09.2015 ci Sumqayıt şəhər icra başçısı vəzifəsinə təyin edilib.
Ailəlidir, 4 qızı, 1 oğlu, 5 nəvəsi var.