Aİ rəsmisinin həbsxanalarda işgəncə iddiasına reaksiyalar

11-05-2018, 09:45           
Aİ rəsmisinin həbsxanalarda işgəncə iddiasına reaksiyalar
Mirvari Qəhrəmanlı: “Dediklərinin yalan və ya doğru olduğunu təsdiqləyə bilmərəm”; Səadət Bənəniyarlı: “Həbsxanalarda işgəncə faktlarına rast gəlməmişəm”
Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında Avropa Parlamentinin vitse-prezidenti Heydi Hautalanın səsləndirdiyi bəzi fikirlər narazılıq doğurub.

O bildirib ki, Azərbaycan həbsxanalarında işgəncə faktları var. Xanım vitse-prezident bu barədə ona məlumat verildiyini və bundan narahatçılığını ifadə edib.

Deputat Çingiz Qənizadə Azərbaycanda həbsxanalarda işgəncəyə dair faktlar təqdim edilməsini istəyib: “Bu kimi informasiyalar əsassızdır. İki məhbus arasında baş verən hadisələr də siyasi motivli hadisələr kimi təqdim olunur”.


Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı işgəncə faktları barədə sosial şəbəkələrdən məlumat oxuduğunu bildirdi: “Bu barədə Əvəz Zeynallı status yazmışdı. Bu və ya digər məlumatları təsdiqləyən faktlar olmalıdır ki, hər şey reallığa söykənsin. Hansı hüquq müdafiəçisinin bu məlumatları hazırlayıb aidiyyəti şəxslərə göndərdiyi barədə bir söz deyə bilmərəm. Sadəcə, oxuduğum sənəddə yazılmışdı ki, bir sıra siyasi məhbusların qohumları təsdiq edirlər ki, onların yaxınlarına işgəncələr verilib. Onların dediklərinin yalan və ya doğru olduğunu təsdiqləyə bilmərəm. Amma həmin hesabatı hazırlayıb Avropa Məhkəməsinə göndərən qurum və ya şəxs onlar tərəfindən bunun yoxlanılmasını tələb etməli idi. Çünki həmin qurum çox rahatlıqla həbsxanalara gedib hesabat tərtib edə bilərdi. Düzdür, onların tərtib etdikləri hesabat cəmiyyətə açıqlanmır. Avropa İttifaqının rəsmisi daha yaxşı olardı ki, həmin adları çəkilən şəxslərlə şəxsən özü görüşərdi, yaxud Qırmızı Aypara Cəmiyyətinin Bakıdakı nümayəndəsi ilə baxış keçirərdi, ən çox rəsmi məlumatlara əsaslanardılar. Hər halda, Qırmızı Aypara Cəmiyyəti Azərbaycanın dövlət qurumlarına tabe deyil. Xanım rəsmi şəkildə təsdiq olunmayan faktı qaldıra bilməzdi. Məni, açığı, nə cəzaçəkmə müəssisəsinin, nə də Ədliyyə Nazirliyinin təsdiqi maraqlandırmır. Bu faktları Qırmızı Aypara Cəmiyyəti təsdiqləyə bilərdi. Bir də xanım nümayəndə işgəncələrə məruz qaldıqları iddia edilən şəxslərlə görüşdükdən sonra verdiyi açıqlamalarla bunu təsdiqləyərdi. Həmin məhbusların ailələri ilə də görüşmək imkanları var idi. Əgər xanım vəziyyətin dəyişməsini istəyirdisə, qeyd etdiklərimi edərdi”.


Ədliyyə Nazirliyi yanında İctimai Komitənin koordinatoru Səadət Bənəniyarlı Heydi Hautalanın məlumatları kimdən aldığı barədə xəbərsiz olduğunu söylədi: “Bizim komitə mütəmadi olaraq cəzaçəkmə müəssisələrində monitorinq keçirir. Bizə müraciətlər olan kimi onunla məşğul oluruq. Yaxın vaxtlarda bizə müraciət olub, hazırda onu araşdırırıq. Bir müraciət belə cavabsız qalmır. Tərəfimizdən həbsxanalarda işgəncə faktlarının olması qeydə alınmayıb. Göndərilən məlumatlar əsasında yaxşı olardı ki, xanım hüquq müdafiəçiləri dediyi şəxsləri adlarını ən azından açıqlasın, onları asan-kəsən yoxdur. Biz də bilək ki, kimlərin məlumatları əsasında bu cür fikirlər səsləndirib. Cəzaçəkmə müəssisəsinə gedib monitorinq aparanlar, eləcə də ictimaiyyət nümayəndələri məlumdur. Bir fakt olan kimi araşdırıb nazirin diqqətinə çatdırırıq. Bir daha deyirəm ki, həbsxanalarda işgəncə faktlarına rast gəlməmişəm. Hər hansı bir məhbusun hüquqları pozulubsa, biz onu araşdırırıq. İşgəncə faktı başqa, hüquqların pozulması tam başqadır. Yaxınlarda bir xanım oğlu barədə müraciət etdi, biz də onu araşdırdıq. Xanımın özü həbsxanaya getmir, sadəcə, oğlunun verdiyi məlumat əsasında müraciət etmişdi. Bu müraciətdə göstərilənlər təsdiqini tapmadı. Amma yenə də bu məsələni diqqətdə saxlayırıq. Ona qarşı bir hərəkət ola bilməz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru