Yas mərasimində mərsiyə demək islamda varmı? - Video
8-06-2018, 01:21

Yas mərasimlərinə pulla xidmət göstərən mərsiyə deyənlər çağırılır.
Axar.az "Xəzər xəbər"ə istinadla xəbər verir ki, dəvət olunan bu kəslər isə ah-fəğan edib qışqırır və aldıqları pulun qarşılığını bu cür ödəməyə çalışırlar.
Bəs əslində İslam dinində mərsiyə deyənlərin yasa dəvət olunması və onların yasda ağlayıb insanları da ağlamağa sövq etməsi kimi qayda varmı?
İlahiyyatçı Mirhəmid Məmmədov deyir ki, mərsiyə demək anlayışını indi yaslarda bir çox hallarda təhrif edir, peyğəmbər nəvələrinin qətlinə həsr olunan mərsiyələrə bəzən əlavələr edib oxuyurlar. Bu, qəbuledilməzdir.
Mirhəmid Məmmədov bildirir ki, mərsiyə demək islam qaydalarına birbaşa zidd deyil. Buna görə yas mərasimlərində mərsiyə deyilə bilər. Ancaq bu mərsiyə insanların cəsurluğa, igidliyə səsləməlidir.
Onu da qeyd edək ki, bəzi yas mərasimlərdə mərsiyə demək adı ilə yasa dəvət olunan şəxslər özlərindən cümlələr əlavə edərək hay-küy salırlar. Bu isə bəzən dini gözdən salır və haqlı olaraq insanların narazılığına səbəb olur.
İlahiyyatçılar isə onu bildirir ki, yasda təmkinli olmaq və səbir etmək tələb olunur.
Qeyd edək ki, millət vəkili fazil Mustafanın bu barədə bir neçə gün öncə tənqidi çıxışı geniş ictimai müzakirələrə səbəb olub.