Aclıq edən məhkum ölüm ayağında
13-06-2018, 09:18

Qırmızı Xaç Komitəsi Yan Raznobarskinin aclıqdan 46 kiloqrama qədər arıqladığını qeydə aldı
May ayının 1-dən aclığa başlayan məhbus Yan Raznobarski artıq ölüm ayağındadır. Bu haqda “Yeni Müsavat”a onun həyat yoldaşı Sonya Xaliman məlumat verib. O deyib ki, 15 gündən artıqdır ki, Yan Raznobarski gəzə bilmir, onu görüşə xərəkdə gətirirlər. O, həyat yoldaşı vasitəsilə ictimaiyyətə və ölkə başçısına bir daha müraciət edib. Özünə qarşı olan haqsızlığa son qoyulmayana qədər aclığı dayandırmayacağını bildirib.
Sonya Xaliman bildirib ki, Qırmızı Xaç Komitəsinin əməkdaşları Yan Raznobarski ilə görüşüblər. Bu görüşə qədər isə Qırmızı Xaç Komitəsinə Yan Raznobaskinin səhhəti ilə bağlı doğru olmayan məlumatlar verilib. Onlar 40 gündən artıq aclıq keçirən məhkumun durumunu öz gözləri ilə görüblər. Həbs olunan zaman 106 kiloqram çəkisi olan Yan Raznobarski 60 kiloqram çəki itirib. Qırmızı Xaç Komitəsi əməkdaşları onun çəkisini müəyyən ediblər. Məlum olub ki, hazırda 46 kiloqramdır. O, aclığı dayandırmayacağını deyir. İstəyir ki, ölkə rəhbərliyi müdaxilə edib iş üzrə ədalətli araşdırmanı təmin etsin.
Sonya Xaliman aclıq keçirən həyat yoldaşının yaxın günlərdə huşunu itirə biləcəyini də qeyd edib.
Bildirib ki, Penitensiar Xidmət rəhbərliyinə yazılı şəkildə müraciət edərək, bu halda Yan Raznobarskinin onların iştirakı ilə özünə gətirilməsi üçün tibbi müdaxilə etmələrini xahişini çatdırıblar. Həyat yoldaşı bildirib ki, Yan Raznobarskinin durumu kritikdir, saxlanıldığı kamera kanalizasiya qoxusu verir. Hərəkətsiz olduğundan onun kameradan sərbəst təmiz havaya çıxma imkanı yoxdur. Xidmət əməkdaşları da onu təmiz havaya çıxarmırlar. Sonya Xaliman bununla bağlı Ədliyyə Nazirliyinə məlumat verdiyini də bildirdi. Yan Raznobarskinin həbsinə səbəb 16 iyun 2015-ci ildə Suraxanı qəsəbəsindəki “Dostluq” kafesinin kabinetlərindən birində baş verən olaydır. Yan Raznobarski əlində olan silahdan atəş açıb və Murad Seyidov ayağından yaralanıb.
Yan Raznobarski Murad Seyidovu digər şəxslərin köməkliyi ilə Sabunçudakı 3 saylı xəstəxanaya aparıb. Elə oradaca hüquq-mühafizə orqanlarına təslim olub. Sonradan müstəntiq ifadəsini alarkən Yan Raznobarski deyib ki, Murad Seyidovu öldürmək niyyəti olmayıb. Murad Seyidovun özü də ondan şikayətçi deyil. O sağlamdır, gəzir. Yan Raznobarskinin əməlini isə məhkəmə qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyev CM-in 29.120-ci (tamah məqsədi ilə qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq silah gəzdirmək) maddələri ilə ittiham olunan Yan Raznobarsini 15 il 6 ay azadlıqdan məhrum edib.
Ötən açıqlamalarında onun həyat yoldaşı Sonya Xaliman “Yeni Müsavat”a demişdi ki, Yanın barəsində sərt ittihamın verilməsində Səbayel rayon prokurorunun müavini Əhməd Məmmədovun əli var. Vaxtilə Yanın tikinti briqadası onun üçün villa tikib. O vaxt aralarında mübahisə yaranıb. Yan barəsində əsassız olaraq cinayət işi başladıb. Sonradan iş məhkəməyə göndərilib və Yan bəraət alıb. O dövrdən Əhməd Məmmədov Yanla düşmənçilik aparıb. Yanın əlində silah açılıb Murad Seyidova dəyməsindən sonra Əhməd Məmmədov kənardan işə qoşulub. Və Yan Raznobarskinin nəticə etibarı ilə sərt cəzalandırılmasına nail olub.
2 övlad atası olan, mənzil, villa, bağ evlərinin tikintisi ilə məşğul olan Y.Raznobarskinin maddi durumu 2014-cü ilin ortalarında çətinləşib. Həmin ilin iyununda Əmircan qəsəbəsindəki mənzilini satıb. Borclarını ödəyəndən sonra qalan pulu - 25 min dolları Xaliq Cəfərova, Məryəm Cəfərovaya və Namiq Əliyevə verib. Əvəzində isə bu şəxslər ona bankdan külli miqdarda kredit vəd ediblər. Y.Raznobarskinin Xaliq Cəfərova və digərlərinə inanması təsadüfi deyil. Bu şəxslər, xüsusən X.Cəfərov özünü nazirlərdən birinin qohumu kimi təqdim edib. 15 min manatı Y.Raznobarskidən Məryəm Cəfərova alıb. Qalanlarını da digər iki şəxsə verib ki, onlar ona ipoteka krediti ayrılmasına kömək etsinlər. Amma bu adamlar pulu götürsələr də, vədlərinə xilaf çıxıblar. Sonya Xaliman deyir ki, Yan Raznobarski hüquq-mühafizə orqanlarına müraciət edib, ona qarşı dələduzluq edildiyini bildirib, araşdırılması üçün ərizə yazıb. Amma ərizə bu günə qədər araşdırılmamış qalıb. 25 min dolları verdikləri şəxslərdən ala bilmirlər. Ailə maddi və mənəvi baxımdan çox ağır durumdadır. Sonya Xaliman deyir ki, Yan Raznobarski həbsdə olaraq, onun ailəsi isə azadlıqda ağır duruma düşüblər. Yaxın vaxtlarda məsələ ölkə rəhbərliyi səviyyəsində nəzarətə götürülməsə, ailə məhv ola bilər. Y.Raznobarski aclıq keçirməklə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərəzli hökmünün dəyişdirilməsini, işin ibtidai istintaqa qaytarılmasını tələb edir. Tələbləri yerinə yetirilməyəcəyi təqdirdə ölüm aclığını davam etdirəcəyini bəyan edib.