Rusiyadan silah alınır, sonra isə ABŞ hərəkətə keçir… - Müəmma
29-06-2018, 10:22

Rusiya ilə Hindistan arasında S-400 satışıyla bağlı saziş, demək olar ki, tam razılaşdırılıb. Amma hələlik müqavilə imzalanmayıb. ABŞ isə Hindistana S-400-ün yerinə THAAD sistemləri almasını təklif edəcək.
Bundan öncə də Türkiyə ilə buna bənzər hadisə yaşanmışdı. Türkiyə ABŞ-dan istədiyi silahları ala bilmədiyi üçün Rusiya ilə S-400 barədə razılığa gəldi. Bundan sonra isə Türkiyənin S-400-dən imtina etməsini istəyən ABŞ “Patriot” hava hücumundan müdafiə sistemlərini təklif etdi.
ABŞ siyasətindəki bu qeyri-müəyyənliklər və gecikmələrin səbəblərinə dair politoloq Şahin Cəfərlinin Axar.az-a müsahibəsini təqdim edirik:
- ABŞ siyasətində müşahidə olunan bu gecikmələrin, anlaşmazlıqların səbəbi nədir?
- 2017-ci ilin iyulunda ABŞ Konqresi Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun qəbul edib. Həmin qanunda Rusiyanın hərbi sənaye kompleksinə qarşı sanksiyalarla yanaşı, bu ölkədən iri məbləğlər qarşılığında silah alan üçüncü ölkələrə də sanksiyaların tətbiqi əksini tapıb. Bu qanunun qəbulundan əvvəl bir çox ölkə, o cümlədən ABŞ-ın dostları və müttəfiqləri Rusiya ilə silah alğı-satqısına dair anlaşmalar əldə ediblər. Bəzi ölkələr, məsələn, Türkiyə, artıq Rusiya ilə müvafiq müqavilə də imzalayıb, bəziləri isə imzalamaq ərəfəsindədir. ABŞ hökuməti hazırda bu qanunu rəhbər tutaraq dost və müttəfiq ölkələri Rusiya ilə silah anlaşmalarından imtina etməyə razı salmağa çalışır. ABŞ-ın siyasətindəki qarışıqlıq buradan qaynaqlanır, yəni Vaşinqton məhz qeyd etdiyim qanunun ötən il avqustun 2-də qüvvəyə minməsindən sonra hərəkətə keçib.
- ABŞ-ın bu çağırışlarına isti yanaşılmadığı da müşahidə olunur…
- Türkiyənin, Hindistanın ABŞ-ın çağırışlarına o qədər də isti yanaşmamasının müxtəlif səbəbləri var. Əvvəla, bu dövlətlər beynəlxalq səviyyədə əldə etdikləri anlaşmalara sadiq qalmaq istəyirlər, öz imzasından, sözündən asanlıqla vaz keçən qeyri-ciddi dövlət imicinin yaranmasını arzulamırlar. İkincisi, onlar ABŞ-ın tələblərini rədd etməklə və ya dərhal qəbul etməməklə nümayiş etdirmək istəyirlər ki, biz müstəqil dövlətik və kimsənin göstərişi ilə hərəkət etmirik. Üçüncüsü, bu ölkələr silah aldıqları mənbələri diversifikasiya etmək fikrindədirlər və bir ölkədən (nə Rusiya, nə ABŞ) asılı olmaq istəmirlər. Dördüncüsü, Rusiya silahları ABŞ-dakı analoqlarından daha ucuzdur. Beşincisi, Hindistan, Türkiyə kimi ölkələr böyük silah anlaşmalarında qarşı tərəfdən texnologiya transferini də tələb edirlər. Əlbəttə ki, istər Rusiya, istərsə də ABŞ öz texnologiyalarını başqaları ilə həvəslə bölüşmür, amma bu məsələdə Moskva Vaşinqtona nisbətən dialoqa, razılaşmağa daha meyilli görünür.
- ABŞ-ın bu ölkələrə S-400-ün əvəzinə etdiyi təklif nə qədər məqsədəuyğundur?
- Dünya silah bazarında güclü rəqabət var. ABŞ bu bazarda liderliyini qoruyur və digər dövlətlərin, xüsusən də Rusiyanın ABŞ silah texnologiyaları ilə rəqabətə davam gətirən silahları bazara çıxarmasından məmnun deyil. Ona görə də Vaşinqton Rusiyanın bu bazardan çox pay almasını mümkün olduğu qədər əngəlləməyə çalışır. Rusiyanın S-400, “Pantsir”, “Buk” kimi hava-raket hücumundan müdafiə sistemlərinin əvəzində ABŞ özünün THAAD, “Patriot” sistemlərini təklif edir. NATO üzvü olan Türkiyənin Rusiyadan S-400 almaq barədə bu ölkə ilə müqavilə imzalaması ABŞ-da xüsusi qıcıq doğurub. ABŞ dövlət katibinin müavini Ues Mitçell bir neçə gün əvvəl açıq bəyan etdi ki, Türkiyə S-400 kompleksini əldə etsə, ona qarşı sanksiya tətbiq olunacaq. ABŞ hesab edir ki, NATO üzvü olan bir ölkənin ittifaqın hava-raket hücumundan müdafiə sistemlərinə inteqrasiya olunmayacaq bir silah sistemi əldə etməsi yanlışdır. Türkiyə isə Rusiya ilə yüksək səviyyəli siyasi-iqtisadi əlaqələrinə xələl gəlməsini istəmədiyi üçün ABŞ-ın tələbini hələ ki, qulaqardına vurur və kompromis variant kimi ABŞ-dan “Patriot” sistemi almağa hazır olduğunu bildirir. Lakin Vaşinqton bu varianta soyuq yanaşır.
- Hindistanın idxal elədiyi silahların 90%-i Rusiya silahlarıdır. Bu ölkənin S-400-lərdən imtina edib THAAD sistemini alması mümkündürmü?
- Hindistanın rus silahı ilə tanışlığı hələ SSRİ dövründən başlayıb. Ona görə də Hindistan ordusunun istifadə etdiyi silah və hərbi texnikanın arasında SSRİ və Rusiya istehsalı olanlar xüsusi yer tutur. Elə bu səbəblə ABŞ hökuməti Konqresdən xahiş edib ki, sanksiya haqqında qanunun tətbiqində Hindistana müəyyən güzəştlər edilsin, bu ölkənin Rusiyadan müəyyən silahlar və ehtiyat hissələri almağa davam etməsinə göz yumulsun. Lakin əvəzində Hindistan söz verməlidir ki, bundan sonra ABŞ silahına daha çox üstünlük verəcək. İki ölkə arasında bu mövzuda danışıqlar davam edir. Hindistan son illərdə ABŞ silahlarına da ciddi maraq göstərir. Son 10 ildə iki ölkə arasında 15 milyard dollarlıq hərbi anlaşmalar imzalanıb. Lakin Vaşinqton bunu yetərli saymır və hava hücumundan müdafiə, hərbi aviasiya kimi strateji sahələrdə Hindistanın məhz ABŞ-a üstünlük verməsini təmin etməyə çalışır. Artıq ilkin nəticələr də var. Hindistan Rusiyanın Su-57 hərbi təyyarəsi əsasında özünün 5-ci nəsil ilk hücum təyyarəsinin yaradılması layihəsindən imtina edib. Hindistanın S-400 anlaşmasından vaz keçməsini də istisna etmək olmaz.