Azərbaycanda süni yumurta ajiotajı: Yaxşını pisdən necə ayıraq? - DİREKTORDAN MƏSLƏHƏT

10-07-2018, 21:05           
Azərbaycanda süni yumurta ajiotajı: Yaxşını pisdən necə ayıraq? - DİREKTORDAN MƏSLƏHƏT
Yumurta keyfiyyətli zülal qaynağı olan qida hesab olunur. Çox vaxt istehlakçıları market və bazarlarda satılan yumurtaların qabıq rəngi, çəkisinin iriliyi, ikisarılı olması çaşdırır. Alıcıları ağ və qəhvəyi yumurta arasındakı fərqə çox diqqət yetirirlər. Mütəxəssislər hesab edir ki, qidalanma dəyəri, dad və bişirmə xüsusiyyətləri baxımından hər iki rəngdə olan yumurta eyni dəyərdədir. Hər iki yumurta eyni miqdarda protein, mineral və vitaminlərlə zəngindir. Əlbəttə ki, toyuq yeyən yemlərin keyfiyyəti bəzi fərqlər yarada bilər.



Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent Mahir Hacıyev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, yumurtanın inkubasiyaya yararlı olub-olmamasının müxtəlif göstəriciləri var: “Yumurtanın keyfiyyətini yoxlamaq üçün müxtəlif aparaturalar və analizatorlardan istifadə olunur. Diqqət yetirilməli ilkin məqamlara gəldikdə, əsasən yumurtanın qabığı bütöv və çatsız, hava boşluğu 0,4 mm-dən yuxarı, ağın sarıya nisbəti birin birə, yaxud birin ikiyə olmalıdır. Bunlar yumurtanın yüksək göstəriciləri sayılır.

Kənd yumurtası ilə inkubator yumurtası arasında fərq yoxdur. Fərq yalnız yumurtanın tərkibində vitamin komplekslərinin artıq və az olmasındadır. Ev şəraitindəki quşlar, adətən, otla, bioloji aktiv maddələrlə, sənaye şəraitində yetişdirilən quşlar isə hazır yemlərlə qidalanır. Broyler yumurtalarının sağlamlıq üçün heç bir zərəri yoxdur. Kənd yumurtasından fərqli olaraq broyler yumurtalarının çəkisi 55-70 qrama qədər olur. Mən özüm də qida rasionumda bu yumurtadan istifadə edirəm”.

M.Hacıyev onu da qeyd edib ki, bir toyuq sutka ərzində bir yumurta verir. Bu müddət bir qədər uzana da bilər: “Mağaza və marketlərdə satılan ikisarılı yumurtalar xüsusi testosteron dərman preparatı sayəsində alınır. Bu isə quşun xüsusi potensialını zəiflədir. Buna görə də çox vaxt istifadəsi yolverilməzdir. Quşçuluq kənd təsərrüfatında yeganə sahədir ki, innovativ texnologiyaları qəbul edir.

Bu gün quşçuluqda işlənilən texnologiya 4-5 ildən sonra aktuallığını itirir. Broyler toyuqları ətlik sahədə istifadə olunan quşlardır. Broyler sənayesində 35 günə 1.700-1.800 çəkili toyuqlar yetişdirilir. Hazırda Yer kürəsində əhalinin sayı 7.5 milyarddır, 2050-ci ildə bu say 9 milyarddan daha çox olacaq. Hesablamalara görə əhalinin ərzaq məhsullarına olan tələbatının böyük hissəsini broyler quşçuluq sənayesi ödəyəcək”.



İnstitut direktoru Çində istehsal olunan süni yumurtaların Azərbaycana gətirilmədiyini də deyib: “Ümumiyyətlə, süni yumurtanın istehsalı ölkəmiz üçün baha başa gəlir. Süni yumurta Çində ucuz ola bilər, çünki əhali çoxdur və əl əməyinə verilən dəyər də ucuzdur. Bu yumurtanın hazırlanmasında jelatin, gips, kalsium və sarılığı almaq üçün bir neçə kimyəvi maddədən istifadə edilir”.

Mahir Hacıyev broyler toyuqlarının xüsusi iynə vasitəsilə şişirdilməsi haqda yayılan informasiyalar da münasibət bildirib. O qeyd edib ki, bu cür halları iri sənaye komplekslərində etmək mümkün deyil: “Bazara daxil ola bilməyən kiçik sexlər var ki, gün ərzində 10-20 dənə quş satır. Bu sexlərin rəhbərləri kiməsə zərər vurmaq üçün “qara piar” aparırlar. Ümumiyyətlə, broyler toyuqlarının xüsusi iynə vasitəsilə şişirdilməsi prosesi əl əməyi tələb edir. İri müəssisələrdə istehsal olunan quşların qablaşdırılması isə xüsusi aparatlar vasitəsi ilə həyata keçirilir.

Əhali üzərində etiketi və sertifikatı olan quş növlərinin istehlakına üstünlük verməlidir. Sertifikatı olmayan, açıq şəkildə satışı təşkil olunan quş ətlərindən uzaq durmaq lazımdır. Quşun əti çox zərifdir və giroskopik xüsusiyyətə malikdir. Artıq çəki almaq üçün vannada suyun içində saxlamaqla toyuqlar şişirdilir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.