Beynəlxalq Bankın London Məhkəməsi bitdimi?

20-07-2018, 08:24           
Beynəlxalq Bankın London Məhkəməsi bitdimi?
Beynəlxalq Bank sualları cavabsız buraxır

Beynəlxalq Bankın 3,3 milyard dollara həcmində xarici borcunun restrukturizasiya prosesinin problemlə üzləşməsi barədə məlumat vermişdik. Belə ki, dövlətin öz üzərinə götürmüş olduğu bu borcların əsas hissəsinin restrukturizasiyası ötən ilin sentyabrında başa çatdırılsa da, iki kreditor prosesdən narazı qalaraq məhkəməyə üz tutmuşdu.

İşə baxan London Ali Məhkəməsi bu il yanvarın 18-də Beynəlxalq Bankın öhdəliklərinin könüllü restrukturizasiyası çərçivəsində Rusiyanın dövlət bankı olan “Sberbank” və “Franklin Templeton Investment Management Limited” şirkətinin (FTİML) banka qarşı iddialarını təmin edib.

“Reuters” agentliyinin məlumatına görə, borcun kateqoriyasından asılı olaraq diskont 3 faiz, 20 faiz və 50 faiz təşkil edib. “Sberbank” öhdəliklərin qaytarılması ilə bağlı müəyyən olunan ikinci kateqoriyaya düşməsi ilə razılaşmayıb.

Xatırladaq ki, Beynəlxalq Bankın (ABB) kreditorlarının tələblərinin təmin olunmasına dair moratorium haqqında London Ali Məhkəməsi qərar qəbul edib. Restrukturizasiya Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilərək 2018-ci ilin 30 yanvar tarixində yekunlaşmalı idi. Ali Məhkəmənin sənədlərinə əsasən, moratorium məhkəmənin qərarı olmadan kreditorlara ABB və ya onun əmlakına qarşı hər hansı bir tələb irəli sürməyə və ya bu tələbi davam etdirməyə icazə vermir. ABB öhdəliklərin restrukturizasiya müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etsə də, “Sberbank” və FTİML London məhkəməsinin 18 yanvar tarixli qərarını əsas gətirərək buna qarşı çıxıb.

Qeyd edək ki, “Sberbank” 2016-cı ildə ABB-yə ticarət maliyyələşdirilməsi ilə bağlı 20 milyon dollar həcmində kredit ayırıb. FTİML isə ABB-nin 2019-cu ilədək tədavüldə olacaq 500 milyom dollar məbləğində istiqrazlarını alıb. Hər iki kreditor restrukturizasiya planı ilə razılaşmayıb. “Sberbank” və FTİML qeyd edib ki, ABB ilə onların borc münasibətləri İngiltərə qanunvericiliyinə əsasən 1890-cı ildə baş verən “Qibss işi” adlı presedentə istinad edilərək tənzimlənib. İngiltərə qanunvericiliyinə əsasən, öhdəlik borclunun iflası səbəbindən silinə bilməz. Bununla da London Ali Məhkəməsi “Qibss işi”nə əsaslanaraq hər iki maliyyə qurumunun ABB-yə qarşı tələbini təmin edib.

Məhkəmənin qərarı ilə bağlı açıqlama yayan ABB London Ali Məhkəməsinin qərarı “Sberbank” və FTİML-yə ödəniş tələb etmək hüququ vermir: “Məhkəmə öz qərarında Azərbaycan Beynəlxalq Bankına bu problemin həlli üçün apelyasiya məhkəməsinə müraciət etməyi tövsiyə edib. İngiltərənin məhkəmə prosesi Azərbaycanda restrukturizasiya prosesinin uğurla başa çatmasına təsir göstərməyəcək”.

Lakin britaniyalı vəkil bildirib ki, apelyasiya məhkəməsinin qərarı olmadan restrukturizasiya prosesi başa çatdırıla bilməz.

Beynəlxalq Bankın Apelyasiya Məhkəməsinə müraciəti nə ilə sonuclanıb? London Ali Məhkəməsinin qərarı qüvvədə saxlanılıb, yoxsa Azərbaycan bankının iddiası təmin edilib? Bu suallara cavab almaq üçün Beynəlxalq Banka müraciət etdik. Bankdan müvafiq suallara bir həftə müddətində cavab almaq mümkün olmadı. Görünür, Apelyasiya Məhkəməsi bankın iddiasını təmin etməyib. Hər halda, təmin etmiş olsaydı, qurumdan suallarımıza həvəslə cavab verərdilər.

Dünya SAKİT,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.